Azərbaycan və Avropa Şurası: Hazırkı vəziyyət və gələcək

İlham Əliyev Fotonun müəllifi FREDERICK FLORIN/Getty Images

Oktyabrda Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana aid iki tənqidi hesabatın müzakirəsi keçiriləcək.

Azərbaycanın AŞPA üzvlərinə rüşvət verərək onların səslərini və dəstəyini satın alması iddiaları təşkilatda dərin gərginlik və ciddi reaksiyaya səbəb olub və yaranan narahatlıq Azərbaycan ətrafında bütün müzakirələrə öz təsirini göstərib.

Azərbaycan Avropa Şurasına (AŞ) 2001-ci ilin yanvar ayında üzv olduqdan bəri qurumun parlament assambleyasında (AŞPA) və Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) iştirak etməkdədir.

Azərbaycanın AŞ-dakı 16 illik tarixində, qurumun digər üzv ölkələri kimi insan haqları və demokratik qurumların fəaliyyətilə bağlı dəfələrlə tənqidlərlə üzləşib.

Bu dövrdə təşkilatın daxilində və ətrafında Azərbaycanın lobbiçilik fəaliyyətinə dair iddialar getdikcə şişərək, Azərbaycan Camaşırxanası adlı hesabat və AŞPA-da digər korrupsiya iddialarına dair müstəqil xarici istintaq qurumunun yaradılması ilə nəticələnib.

ReAl sədri İlqar Məmmədovun azadlığa buraxılması tələbi daxil olmaqla, Azərbaycanın bir çox AİHM hökmlərini yerinə yetirməməsi, hətta Guardian qəzetinin yazdığına görə, AŞ-ın Baş katibi Thorbjorn Jagland-ın Azərbaycana qarşı "misli görünməmiş hüquqi addımın" atılmasına çağırış etməsilə nəticələnib.

Çox güman ki, cənab Jagland-ın nəzərdə tutduğu addım Azərbaycanın AŞ-a üzvlüyünün müzakirəsidir. Ən böyük ehtimalla, bu, Azərbaycanın AŞPA-ya nümayəndə heyətinin səsvermə səlahiyyəti və AŞPA-da digər fəaliyyətlərinin məhdudlaşdırılması ilə nəticələnə bilər.

Azərbaycanın AŞPA-ya nümayəndə heyətinin sədri Səməd Seyidov Azərbaycanın potensial olaraq AŞ-dan çıxarıldığı halda "vallah, dünya da dağılmayacaq, problem də olmayacaq" deyib. Amma eyni zamanda, Azadlıq Radiosuna verdiyi açıqlamada həmçinin bildirib ki, "Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı yoxdur, sıfır dərəcəsindədir".


Həmçinin oxuyun:


Bəs Azərbaycanı bundan sonra Avropa Şurasında nə gözləyir?

AŞPA - Monitoring Komitəsinin hesabatı

Ötən həftə, AŞPA Monitorinq komitəsinin həmməruzəçiləri Azərbaycana növbəti səfərlərini keçirərək, dövlət nümayəndələri, rəsmilər, vətəndaş cəmiyyəti təmsilçiləri, insan haqları müdafiəçiləri və bir sıra məhbuslarla görüşlər keçiriblər.

Stefan Schennach Cezar Florin Preda Azərbaycan üzrə hazırladıqları hesabatı oktyabr ayında keçiriləcək AŞPA sessiyasında təqdim edəcəklər.

Image caption "Mən müsbət bir şey yazanda məni dərhal sual altına qoymağa başlayırlar və tənqid edəndə mənim üzümə qapıları örtürlər", Azərbaycan üzrə həmməruzəçi Stefan Schennach deyib

BBC Azərbaycanca ilə Bakıda keçən həftə söhbət edən həmməruzəçi Stefan Schennach Azərbaycan üzrə məruzəçi olmağın "Avropa Şurasında mövcud olan ən çətin və ən narahatedici" vəzifə olduğunu deyib.

"Çünki mən müsbət bir şey yazanda məni dərhal sual altına qoymağa başlayırlar və tənqid edəndə mənim üzümə qapıları örtürlər", siyasətçi bildirib.

Azərbaycanla bağlı AŞPA-da gərginliyin artmasına baxmayaraq, həmməruzəçi Azərbaycanın qurumdan kənarlaşdırılmağını istəmədiyini və bir "ailədə" olmağın vacib olduğunu vurğulayıb.

Hesabatda Azərbaycanda bütün siyasi məhbusların azad edilməsi və AİHM-in bütün qərarlarının icra edilməsi tələb edilir.

Hesabatdakı digər tövsiyələr arasında, prezidentin üzərində parlamentin müşahidə funksiyasını gücləndirərək hakimiyyətdə qüvvələr ayrılığının bərpa edilməsi, işgəncə və pis rəftar hallarına dair effektiv və müstəqil şikayət sisteminin yaradılması və müstəqil ədliyyə sisteminin təmin edilməsi də var.

AŞPA - Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin hesabatı

"Azərbaycanın Avropa Şurasında Sədrliyi: İnsan hüquqları barədə nə etməli?" adlı hesabatın isə, Monitorinq komitəsinin hesabatı ilə eyni günü müzakirə edilməsi planlaşdırılır.

Bu ayın əvvəlində, Azərbaycan Camaşırxanası adlı hesabatın dərc edilməsi nəticəsində, komitə hesabata yeni əlavə daxil edərək, "Azərbaycanın Avropa Şurasının əsas qurumlarının dürüstlüyünə rüşvət və korrupsiya vasitəsilə sistematik şəkildə ziyan vurmasına dair iddialara artıq göz yummağın mümkün olmadığını" vurğulayıb.

"Bu halda hər bir normal ölkə müstəqil və tam istintaqa başlardı, lakin Azərbaycan bunu etməyib", komitənin əlavəsində yazılıb.

Lakin hesabatın müəllifi, belçikalı Alain Destexhe bu həftə AŞPA-dan istefa verəcəyini açıqlayıb. O bu addımı, onun və həmkarı Stef Goris-in təsis etdiyi European Academy for Elections Observations (Seçkilərin Müşahidəsi üzrə Avropa Akademiyası) Azərbaycan Camaşırxanası hesabatında hallandıqdan sonra atıb.

L'Echo De Tijd qəzetlərinin birgə araşdırmasında bildirilir ki, 2012 və 2014-cü il arasında cənab Destexhe Goris-in QHT-i Eduard Lintner-in təsis etdiyi təşkilatdan 800 min ABŞ dolları alıb.

AŞPA-nın mətbuat xidmətindən BBC Azərbaycancaya verilən məlumata əsasən, cənab Destexhe-nin istefasına baxmayaraq, hesabatın AŞPA-da planlaşdırılan müzakirəsi baş tutacaq.

Fotonun müəllifi PATRICK HERTZOG/Getty Images
Image caption AİHM-in keçmiş prezidenti Nicolas Bratza AŞPA-da korrupsiya iddialarını araşdıran istintaqın üzvüdür

Müstəqil Xarici İstintaq Qurumu

Müstəqil Xarici İstintaq Qurumunun (İndependent External İnvestigation Body) məqsədi AŞPA deputatlarına qarşı, xüsusilə də Azərbaycanla bağlı, iddiaları araşırmaqdır.

Qurumun fəaliyyəti və səlahiyyətləri AŞPA tərəfindən aprelin 28-də təsdiqlənib. Qurumun üç üzvü may ayının sonunda təyin edilib və iyun ayında bu qərar da AŞPA tərəfindən təsdiqlənib.

Qurumun üç üzvü:

  • Nicolas Bratza (Britaniya) keçmiş hakim və Avropa İnsana Hüquqları Məhkəməsinin (AİHM) sabiq prezidentidir.
  • Jean-Louis Bruguiere (Fransa) xüsusilə terrorçuluqla əlaqədar işlərdə təcrübəsi olan keçmiş hakimdir və anti-terrorçuluq məsələləri üzrə beynəlxalq təşkilatlar və dövlətlər üçün məsləhətçidir.
  • Elisabet Fura (İsveç) AİHM-in keçmiş hakimi və İsveçin baş parlamentar ombudsmanıdır.

İstintaq qurumu ilk şahid dindirmələrini 4-7 sentyabr tarixlərində keçirib və növbəti dəfə ifadələri oktyabr və noyabr aylarında alacaq.

İstintaqın işi məxfi xarakter daşıdığına görə, onun fəaliyyəti barədə məlumat əldə etmək mümkün deyil.

Buna baxmayaraq, çox güman ki, Azərbaycanla bağlı iddialar istintaqın əsas maraq nöqtələrindən biri olacaq. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən "Azərbaycan Camaşırxanası" hesabatı dərc edildikdən sonra, AŞPA-nın yaydığı bəyanatda qurumun vitse-prezidenti Roger Gale deyib ki, "Avropa Şurası Parlament Assambleyasında korrupsiya iddialarını işıqlandıran bütün addımları müsbət qarşılayırıq".

O, bu və digər iddiaların Müstəqil Xarici İstintaq Qurumuna təqdim edilməsinə çağırış edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş