Orta məktəblərdə buraxılış imtahanları və ali məktəblərə qəbulun indiki modeli dəyişdirildi

Universitet Fotonun müəllifi AFP

Orta məktəblərdə buraxılış imtahanları və ali məktəblərə qəbulun hazırkı modeli dəyişdirilib. Buna Dövlət İmtahan Mərkəzinin sentyabrın 29-da keçirdiyi Direktorlar Şurasının iclasında qərar verilib.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadənin BBC Azərbaycancaya verdiyi məlumata görə, 2019-cu ilin abituryentləri buraxılış və qəbul imtahanlarının toplanmış nəticəsi əsasında ali məktəb seçəcəklər.

9 illik buraxılış imtahanında şagirdlərin biliyi iki mərhələdə tədris dili, riyaziyyat və xarici dil üzrə qiymətləndiriləcək, cənab Xanlarzadə bildirib:

"Şagirdlərin müvafiq dillər üzrə oxuyub, dinləyib anlamasını, riyazi bacarıqlarını yoxlamaq üçün yeni açıq tipli tapşırıqlardan istifadə ediləcək".

Xanlar Xanlarzadənin sözlərinə görə, 11-ci sinif şagirdləri bir mərhələdə imtahan verəcəklər:

"Onlar tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə imtahan olunacaqlar. Bu mərhələdə şagirdlərin bilikləri yeni təhsil proqramları (kurikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcəkdir".

Cənab Xanlarzadə qeyd edir ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı test üsulu ilə 5 ixtisas qrupu üzrə aparılacaq:

"Abituriyentlər I, II,III və IV qrupa aid ixtisaslara qəbul olmaq üçün 3 fənn üzrə imtahan verəcəklər. V ixtisas qrupunun abituryenti isə ali məktəbə buraxılış və qabiliyyət imtahanından topladığı balların cəmi əsasında ali məktəb seçimi edəcək".

Yeni qaydaya görə, I, II,III və IV ixtisas qrupunda imtahanların sayı azaldılacaq.

I qrupda abituryentlər riyaziyyat, fizika, kimya, II qrupda riyaziyyat, çoğrafiya, tarix, III qrupda Azərbaycan dili (və ya rus dili) ədəbiyyat və tarix, IV qrupda isə kimya, fizika, biologiyadan imtahan verəcək.

İndi mövcud olan qaydada imtahanların sayı ixtisas qrupundan asılı olaraq, 5-6 fənn üzrə dəyişir.

Xanlar Xanlarzadə vurğulayır ki, abituryentlər həm buraxılış, həm də qəbul imtahanından topladığı balla ali məktəb seçimi apara biləcəklər.

"Bu qayda 2019-cu ildən tətbiq ediləcək. Gələn il üçün yeganə dəyişiklik odur ki, ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus (gürcü, ingilis) bölməsinin abituriyentləri Azərbaycan dili fənnindən imtahan verəcəklər".

"Doğru deyil"

"Buraxılış və qəbul imtahanı nəticəsinin toplanması doğru deyil", təhsil məsələləri üzrə ekspert Nabatəli Qulamoğlu BBC Azərbaycancaya deyir. Onun fikrincə, buraxılış və qəbul imtahanlarının hər birinin öz məqsədi var:

"Buraxılış imtahanı şagirdin dünyagörüşünü, bütün fənnlər üzrə biliklər ümumi yoxlanır, qəbul imtahanında isə spesipik sahə üzrə biliklər yoxlanır".

Nabatəli Qulamoğlu hesab edir ki, əslində, buraxılış imtahanlarına ehtiyac yoxdur:

"9-cu sinif üçün bu il buraxılış imtahanında test vasitəsi ilə yazı işlərini yoxladılar. Məsələn, qrammatik səhvləri müəyyən edən blok ayrıdır, onun da alt blokları vardı. Mövzunu əhatə edən blok ayrıdır, onun da ayrıca alt blokları. Açığını deyim, nəinki şagirdlərin, heç müəlimlərin də təcrübəsi yox idi ki, yeni qayda ilə yazı işlərini yoxlasınlar".

Azərbaycanda 1992-ci ildən ali məktəblərə qəbulda test üsuluna keçilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş