Aşura və böhran: niyə təziyyəyə gedirik?
- Altay Göyüşov
- Tarixçi alim, Bakı

Şəklin mənbəyi, TOFIK BABAYEV/ Getty
2015-ci ildə Azərbaycanda 1930-cu illərdən sonrakı ən izdihamlı Aşura mərasimi keçirilmişdi. Gəncədə, bir sıra digər bölgələrdə polislə qarşıdurmalar olmuşdu.
Ən müxtəlif bölgələrdən təziyyə mərasimlərinin videoları sosial şəbəkələrdə yayılırdı. Bəzi məhəllələrdə ehsan məclisləri qurulurdu. Hətta "Torqovı"da belə səhər-səhər camaata ehsan paylanılırdı.
2015-ci il Azərbaycanda həm də dərin iqtisadi və siyasi böhran dövrü idi. Ümumiyyətlə sovetləşmədən bu tərəfə məmləkət tarixini nəzərdən keçirəndə, istər-istəməz belə bir qanunauyğunluq müşahidə olunur ki, Aşura izdihamının artması ölkədə olan müxtəlif səpkili böhranlarla üst-üstə düşür.
Hökumət 2015-ci il Aşurasının izdihamına özünəməxsus tərzdə cavab verdi. Nardaran hadisələri oldu, ondan sonra qanunvericilikdə, məcəllələrdə bir sıra ciddi dəyişikliklər edildi.
Din xadimlərinin tutulması prosesi də davam etdirildi. Bütövlükdə növbəti 2016-cı il ölkədə dindarlar üzərində məhkəmə ili oldu.
Məhz bütün bu tədbirlərin məcmusunun təsiri ilə 2016-cı ildə Aşura əvvəlki ildən daha sönük keçmişdi. Lakin hələ o dövrdə yazmışdım ki, ictimai-siyasi, iqtisadi həyatımızda pozitivə doğru fundamental dəyişiklilər başlamasa, bu tədbirlərin təsiri müvəqqəti olacaq.
Böhran varsa, böhrandan narazılığı başqa cür ifadə etmək məhduddursa, açıq-aşkar təhlükəlidirsə, Aşuranın narazılığın ifadə yerinə çevrilməsi güclənməlidir.
2017-ci ilin Aşura təziyyəsi, bütün qadağaların meydanda olmasına, bu il də şiə din xadimlərinin həbsinin baş verməsinə baxmayaraq, keçən ilkindən seziləcək dərəcədə izdihamlı oldu.
O dərəcədə ki, İslam partiyasının həbsdə olan sədri də izdihama görə təziyyə mərasimlərində iştirak edənlərə təşəkkürünü bildirdi.
Hətta Aşura gününün axşamı ölkəboyu internetdə yaşanan problemlər də sosial şəbəkədə izdihamlı təziyyə görüntülərinin geniş yayılmasının qarşısını ala bilmədi.
Məscidlərdə tasuadan başlayan mikrofonlu mərsiyə mərasimlərinin qadağan edilməsi də izdihamın azalmasına təsirini göstərmədi. Gəncədə yenə də qarşıdurma oldu.
Bakı ətrafında uzun müddətdir olmayan təziyyyədə xəncərlə baş yarma hadisəsi də nəzər diqqəti cəlb etdi. Uşaqların təziyyə mərasimlərinə aparılması internetdə ciddi müzakirə mövzusuna çevrildi.
Xülasə, hökumətin 2015-ci ilin payızından etibarən apardığı sıxma-boğma siyasəti nəticə vermədi deyə bilərik.
Aşura inqilabdan qabaq və sonra
Hələ 1930-cu illərdə Aşura təziyyələrinə qarşı kampaniyalar dövründə Mir Cəfər Bağırov partiya rəhbərliyinin iclasında çıxış edərək soruşur ki, mən başa düşə bilmirəm, niyə inqilabdan qabaq biz, yəni dünyəvi məktəblərin tələbələri, şagirdləri ailələrimizin bütün təkidlərinə baxmayaraq Aşuranın zəncir vurmalarına, xəncərlə baş yarmalarına getmirdik, utanırdıq, qaçıb gizlənirdik.
Halbuki indi hakimiyyətin özünün ateist olmasına, dinlə mütəmadi mübarizəsinə baxmayaraq, sovet məktəbinin nəinki şagirdləri kütləvi şəkildə təziyyəyə gedirlər, hətta bəzi müəllimlər də onlara qoşulurlar.
Bağırov təəccüblə davam edir ki, bu nə təhər müəllimdir, həkimdir, ziyalıdır ki, təziyyəyə gedir?
Məsələnin də mahiyyətini elə burada axtarmaq lazımdır. Söhbət onda deyil ki, 1930-cu illərdə təziyyə mərasimlərində iştirak edənlərin sayı inqilabdan qabaq iştirak edənlərin sayından çox olub. Əlbəttə yox. Burada söhbət tendensiyadan gedir.
- Birinci Dünya Müharibəsi: Bakıdakı De Bur malikanəsi
- "Qafqazın Pensilvaniyası" - Bakı və I Dünya Müharibəsi
- Zeynalabdin Tağıyevin qızlar məktəbi və I Dünya Müharibəsi
- 21-ci ilin Qars müqaviləsi: bu necə baş verdi?
- Azərbaycanın 100 il əvvəl çap olunan Charlie Hebdosu
- Sovet Azərbaycanının ilk gerbi: Ay-ulduz və oraq-çəkic
Əgər inqilabdan qabaq məhz maarifçilik hərəkatının, üstəgəl ümumi modernləşmənin təsiri altında təziyyənin qanlı mərasimlərində iştirak dünyəvi təhsilin sərhədləri genişləndikcə tədrici azalan xətlə gedirdisə, Bağırovun danışdığı dövrdə tendensiya seziləcək dərəcədə əks istiqamətdə getməyə başlayır.
Halbuki dövr ümumi icbari təhsilin həyata keçirildiyi bir zaman idi. Amma bu, eyni zamanda repressiyalar, kollektivləşmə siyasətindən doğan narazılıqlar, ciddi iqtisadi-siyasi böhran dövrü idi.
Mahiyyət budur ki, Aşura mərasimlərində iştirakın artması cəmiyyətdə mövcud böhranlı tendensiyanın carçısıdır. Bu hansısa iqtisadi böhran da ola bilər, siyasi böhran da ola bilər, təhsilin böhranı da ola bilər və s.
Həm də bunların məcmusu kimi sistemin ümumi tənəzzülü də Aşura təziyyəsinin miqyasının artmasına təsir göstərə bilər.
O vaxt büro üzvlərindən birinin iclasda Bağırova cavabını, mahiyyəti saxlamaqla, parafraz etsək, strateji uğurun yolu, zənciri camaatın əlindən zorla almaqda yox, camaatı zəncirin buxovundan qurtarmaqdadır.
Məsələ burasındadır ki, Məhərrəmlik, Aşura bu xalqın adətinin, ənənəsinin bir parçasıdır. Öz-özlüyündə siyasiləşmənin göstəricisi deyil. Bu və yaxud digər şəkildə o həmişə qeyd olunacaq.
Əhalisinin böyük əksəriyyətinin kəlmeyi-şəhadətini bilmədiyi 1970-ci illərdə də Məhərrəm ayında bu camaat toy eləmirdi.
Amma birdən, mütəmadi kəmiyyət artımı baş verirsə, bu hansısa böhrana cavabdır və siyasi xarakterlidir, siyasi İslamın potensial yığa biləcəyi, yararlana biləcəyi bir hadisədir.
Tutaq ki, mənim dəqiq yadıma gəlir ki, 70-80-ci illərdə birdən-birə Aşurada məscidə gedənlərin sayının artması ərzaq talonlarının qayıtması, yəni iqtisadi böhranla eyni dövrə təsadüf edir.
Bu dövrdə həm də ümumi mədəni, siyasi böhran, rüşvətxorluq, korrupsiya yüksək hədlərə çatır və bir növ kommunizm quruculuğunun dalana dirənməsi, yəni sistem böhranı yaşanırdı.
Ya siyasi plüralizm, ya da siyasi İslam
Həmçinin Aşura təziyyəsinə axına yol açan amil azadlıqların, plüralizmin boğulması, alternativin olmamasıdır. Çünki narazı emosiyanın ən təhlükəsiz ifadə oluna biləcəyi forma Aşura təziyyəsində iştirakdır.
İstər sovet dövründə, istərsə də indi, siyasi müxalifətin sekulyar daşıyıcıları və onların sekulyar liberal-demokratiya ilə assosiasiya olunan ideyaları repressiv hökumətlər tərəfindən daha sistemli və ciddi təqibə məruz qalıblar.
İstər 1920-1930-cu illərdə sovetlərin anti-müsavat ritorikası, istərsə də indiki hökumətin daim "1992-1993"-ə xitabı bunu bariz nəzərə çarpdırandır.
Həmçinin ərəb ölkələrində də, İranda da, müxtəlif səbəblərin təsiri altında sekulyar müxalifət və liberal-demokratik düşüncə avtoritar rejimlər tərəfindən ilk olaraq basılıb, sıxışdırılıb. Sonra isə qarşısında siyasi İslamı görüb.
Son 100 il tarixindən bir neçə misal gətirə bilərəm ki, plüralizmin olduğu yerdə, heç də Aşura izdihamının artması, yaxud təziyyənin şiddətinin güclənməsi aparıcı tendensiya olmur, siyasi İslamın narazılığın lider ifadəçisinə çevrilməsinə gətirmir.
Məsələn, sovet dövründən əvvəlki maarifçilik, təbii olaraq Azərbaycanın kompetent, həqiqi ziyalısının zəncirə, xəncərə, fanatizmə qarşı səmimi çıxışı olmuşdu.
Burada camaatın inandığı ziyalı mövcud nisbi fikir azadlığı və ümumi modernləşmənin sürətlə getdiyi şəraitdə məntiqə, şüura əsaslanaraq fanatizmlə intellektual mübarizə aparırdı. O qədər nüfuzlu idi ki, dövrünün bir çox məşhur, hörmətli din xadimlərini də öz sıralarına qatmağı bacarmışdı.
Demək olar ki, hər Aşuradan qabaq, heç bir təzyiq və göstəriş olmadan din xadimləri camaata zəncir vurmamaq, nə özlərinin, nə uşaqlarının başını xəncərlə yarmamaq çağırışı edirdilər.
Effekti də hətta Bağırovun etiraf etdiyi kimi nəzərəçarpacaq idi. 1917-ci ildə Müəssislər Məclisinə keçirilən seçkilərdə isə islamçılar bu ölkədə ən az səs alan siyasi qüvvə olmuşdular.
Yaxud 1970-1980-lərin əvvəllərində Sovet hökumətinin vurub-tutan vaxtlarında heç bir kütləvi müxalif siyasi fəaliyyəti təsəvvür etmək mümkün deyildi.
Amma hər il iqtisadi durğunluq və ümumi böhran şəraitində Aşurada tutaq ki, Təzə-Pirə gedənlərin sayı mütəmadi artırdı.
Amma SSRİ bir az zəifləyən kimi məlum oldu ki, Azadlıq meydanına çıxan millətin sayı, Aşurada məscidlərə gedən əhalinin sayından qat-qat çoxdur. Sonrakı 20 ildə ölkədə siyasi İslam aparıcı ola bilmədi.
Mövcud avtoritar partokratiyanın əsas alternativi, yaxşı-pis məhz sekulyar müxalifət oldu. Çünki ölkədə birdən-birə azadlıqlar yaranmışdı.
Aşura ilə baş qaldıran narazılıq
Yaxud 1990-2000-ci illərin əvvəllərində sovet ateizminin cəngindən qurtulmuş din elə sürətlə qayıdırdı ki, hakimiyyətin informasiyaya çıxışı məhdudlaşdırması, həmçinin məqsədyönlü şəkildə, azadlıqları boğmaq üçün Qərbi siyasi İslamla qorxutmaq siyasəti nəticəsində məmləkətdə gənclər arasında İslamdan başqa heç bir fikir, ideologiyanın yayılmaması təəssüratı yaranırdı.
Halbuki 2010-cu illərin əvvəllərində Facebook-un, AFU kimi proyektlərin hökumətin informasiya blokadasını darmadağın etməsi kifayət etdi ki, hamı gəncliyin nə dərəcədə ideoloji cəhətdən rəngarəng olduğunu görsün.
Hətta məlum oldu ki, internetin, xarici təhsilin yol açdığı fikir azadlığı sayəsində bu gəncliyin içində, sovet dövrü ateizminin məzunu olan valideynlərindən fərqli olaraq, sekulyarizmə şüurlu, bilikli şəkildə bağlı böyük bir gənc təbəqə formalaşıb.
Lakin hakimiyyət bütün repressiya maşınını ölkədə görünməmiş kütləvi tərzdə bu sekulyar demokratik düşüncəli gənc kəsimin üstünə saldı. Arxasınca da iqtisadi böhran gəldi.
İndiki Aşura izdihamının diqqət çəkməsi də məhz ilk növbədə bu sekulyar alternativin şiddətli sıxışdırılması, fəaliyyətinin səngiməsi şəraitində baş verir.
Dərin siyasi, ictimai, iqtisadi böhran var. Sekulyar müxalif siyasi düşüncə bütün vətəndaş azadlıqları ilə bərabər repressiv maşınla, qorxu vasitəsilə dəhşətli dərəcədə zəiflədilib.
Nəticədə narazılıq özünü yenə də Aşura izdihamının artması şəklində bürüzə verir.
İndi elə bilirsiniz ki, bu cür hakimiyyətlər siyasi İslamın bazasının, potensialının artmasının qarşısını almağın yolunun ümumi rifahın yaxşılaşdırılmasından, ədalətli cəmiyyət quruculuğundan keçdiyini bilmirlər?
Təbii ki, bilir. Amma hakimiyyət maraqları ümumi cəmiyyət maraqlarını üstələdiyi üçün rifahı təmin edəcək adekvat yolu getmək istəmir.
İstəmir ki, misal üçün, məhkəmə müstəqil olsun və həqiqətən qanunu pozanı cəzalandırsın. İstəyir ki, məhkəmə vasitəsilə hakimiyyətinə təhlükə hesab etdiyini şərləyib tutdura bilsin.
İstəmir ki, qanun üzərində qurulan ədalətli rəqabət çoxluğun iqtisadi rifahına yol açsın. İstəyir korrupsiyanı qorusun ki, yalnız balaca bir qrup ölkənin bütün varidatına sahib çıxmaqda davam etsin.
Yaxud hakimiyyət bilmir ki, sıxıb-dağıtdığı, qarşısını aldığı, geydirmə "milli-mənəvi" ritorikası propaqandası ilə hədəfə götürdüyü, imperializmin aləti kimi qələmə verdiyi dəyərlər, plüralizm məmləkətin fanatizmə, radikalizmə yuvarlanmasının, Şəriət idarəçiliyi istəyənlərin güclənməsinin qarşısını alan vasitələrdir?
Bilir, niyə bilmir. Sadəcə iqtidarın ömrünü uzatmaq istəyi, onu cəmiyyətin təbii inkişafının qarşısını almağa vadar edir və beləliklə ölkəni qaranlığa sürükəyir.
Bir kuryoz misal çəkim və bitirim: 1983-də Sovetskidə bir həyətdə imamların peyda olduğu haqqında şaiyə yayılmışdı. Universitetlərdə dərslər kəsilmişdi. Tələbələr, şagirdlər axın-axın ora gedirdi.
Əhalini Qərbin "zərərli" təsirindən qorumaq üçün xəsisliklə, həftədə cəmi-cümü bir dəfə "Retro" verlişindən köhnə xarici filmlər göstərən AzTv, o vaxt camaatı evdə saxlamaq məqsədilə 2-3 gün ərzində səhərdən axşamadək, ancaq düşmən saydığı Qərb istehsalı bədii filmlərini nümayiş etdirirdi...