Rayonlarda əlilliyi olan uşaqların təhsil almaq imkanı təmin edilirmi?

Cəlilabad rayonundan olan şikayətçi 9 yaşlı daun sindromlu oğlunun təhsil almasını istədiyini, ancaq bunun üçün şəraitin yaradılmadığını deyir.

Doqquz yaşı var oğlumun, adı Laiqdir, daun sindromludur. İstəyirəm yaxşı böyüsün, məktəbə getsin, oxusun, öyrənsin, yaxşı böyüsün". Bu sözləri Cəlilabad rayonunun sakini Tofiq Qasımov deyir.

O, illərdir ki, oğlunun təhsil alması üçün səylər göstərir. Ancaq bunun üçün şəraitin yaradılmadığını deyir.

Qasımovlar ailəsi Cəlilabad şəhərinin mərkəzə yaxın qəsəbələrindən birində təmirə ehtiyacı olan köhnəlmiş evdə yaşayır.

Laiqdən başqa onun azyaşlı qızı da var.

Ailənin maddi çətinlikləri də var. Tofiq fəhləlik edir, həyat yoldaşı Mehriban Həsənova isə Laiqin qayğılarından dolayı işləmir.

Həmçinin oxu:Əlilliyi olan şəxslərin ailəsinə əmək haqqı verilməlidirmi?

Mehriban deyir ki, "onu evdə qoyub işə gedə bilmir".

"Yoldaşım fəhlədi. 10 manata işləyir. İş də hər gün olmur. Zavod yox, fabrik yox, hər yerdə işsizlik baş alıb gedir. Qoca qaynanamın pensiyasıyla dolanırıq", o danışır.

Valideynləri imkanları çatdıqca Laiqin qeydinə qalmağa çalışsalar da bunun çətin olduğunu deyirlər.

Laiq əlilliyə görə ayda 74 manat müavinət alır. Atası deyir ki, bu pul onun heç dərman xərci etmir.

"74 manat paltar pulu deyil heç, 50 manat elə dərmana gedir", o deyir.

Tofiq Qasımov Laiqin təhsil almasına şərait yaradılması üçün bir neçə dövlət orqanına müraciət etsə də, ona deyilib ki, məktəb ancaq Bakıdadır. Buna isə ailənin maddi imkanı yetmir.

"Nişan üzüyümə qədər hər şeyi satmışam uşağa görə", anası deyir.

Mehriban oğlunu bağlı qapı arxasında saxlamağa məcbur olduğunu da bildirir.

"İstəyirəm oxusun, uşaqdı o da oxumaq istəyir", o deyir.

Evdə təhsil

Səhiyyə Nazirliyinin sözçüsü Səfayə Əhmədova isə BBC Azərbaycancaya bildirib ki, elə əlilliyi olan uşaqlar var ki, onlara təhsil ev şəraitində verilməlidir.

Bunun üçün isə valideyn müəyyən sənədlər toplayaraq aidiyyatlı orqanlara müraciət etməlidir.

Bu zaman həmin regiondakı məktəblərdən biri əlilliyi olan uşağın evinə müəllim göndərir. Bu xidmət isə tamamilə pulsuzdur, nazirlik sözçüsü deyir.

"Bu müəllimin vəzifəsidir və buna görə maaş alır", xanım Əhmədova deyir.

Şikayətçi Tofiq Qasımov isə deyir ki, o, Cəlilabad təhsil şöbəsinə müraciət etsə də, qurum məsələyə baxmadığını bildirib.

Təhsil Nazirliyindən bu iddialarla bağlı şərh almaq mümkün olmayıb.

Təhsil alan 40 uşaq

Azərbaycan 2008-ci ildə "Əlliliyi olan şəxslər haqqında" BMT-nin Konvensiyasına qoşulub.

Lakin Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli deyir ki, Azərbaycanda əlilliyi olan uşaqlar 3 formada təhsil ala bilər, inklüziv təhsil, müəllimlərin evdə təhsil verməsi və internat tipli müəssisələr.

Təhsil haqqında qanunvericiliyə inklüziv təhsil barəsində maddə daxil edilməyib.

Amma bu bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmış inklüziv təhsilin mövcudluğuna mane deyil.

BMT Konvensiyası və digər normativ sənədlər inlküziv təhsilin tətbiq olunmasına imkan verir, cənab Rəhimli deyir.

Cənab Rəhimli əlilliyi olan uşaqların inklüziv təhsili sahəsində vəziyyəti ürəkaçan saymır.

"Əfsuslar olsun ki hələ də bu sahədə bir irəliləyiş yoxdur, əksinə geriləmə var."

Cənab Rəhimlinin sözlərinə görə, ölkədə qeydə alınmış 71 min 605 əlilliyi olan uşaqdan ötən il 288 nəfəri pilot məktəblərdə inklüziv təhsilə cəlb olunub. Bu il isə bu rəqəm cəmi 40-dır.

QHT rəhbəri bildirir ki, əlilliyi olan uşaqlara evdə müəllimlərin dərs keçməsinin də mənfi cəhəti çoxdur.

"Müəllimlər dərs deyir, amma təhsilin keyfiyyəti yüksək olmur, tam kursu əhatə edə bilmirlər. Uşaqlar lazımi bilik və bacarıqları əldə edə bilmirlər".

Davud Rəhimli xüsusən regionlarda təhsilin bu 3 formasından kənarda qalan əlilliyi olan uşaqların sayının çox olduğunu deyir.

O, təklif edir ki, təhsil haqqında qanunvericiliyə inklüziv təhsil barəsində maddə salınsın, məktəblərin infrastrukturu əlilliyi olan şəxslər üçün uyğunlaşdırılsın və inklüziv təhsilin tətbiq edilməsi üçün mütəxəssislərin sayı artırılsın.

Cəmiyyətdən təcrid olunmaq

UNICEF-in dəstəyilə Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi tərəfindən həyata keçirilən Azərbaycanda Sağlamlıq İmkanları Məhdud olan Uşaqlara Təhsil Xidmətlərinin Göstərilməsi Haqqında Tədqiqatda qeyd olunur ki, sağlamlıq imkanları məhdud olan uşaqların tələbatını ödəyən (günərzi, reabilitasiya, inkişaf) xüsusi xidmətlər çox azdır.

Digər keçmiş Sovet İttifaqı respublikalarında olduğu kimi, Azərbaycanda əlilliyi olan uşaqların təhsil tələbatı cəmiyyətdən təcrid olunmuş formada, ya evdə, ya da xüsusi təhsil müəssisəsində həyata keçirilir.

Tədqiqatda deyilir ki, əlilliyi olan uşaqlara və onların ailələrinə aid olan məsələlər hələ də utanc mənbəyi hesab olunur, yanlış şəkildə qavranılır və məhdud dərəcədə dərk olunur.

Tədqiqatda əlilliyi olan uşaqlarla işləyə biləcək mütəxəssislərin də az olması vurğulanır.

Bu barədə daha geniş