Millət vəkili: Milli Məclisdə əmək haqları və pensiyaların artırılması təklif olunacaq

Bakı Fotonun müəllifi AFP
Image caption Azərbaycanda qanunvericiliyə görə pensiyalar infilyasiya göstəricisinə uyğun artırılmalıdır.

Gələn ay Milli Məclisdə maaş və pensiyaların artırılması təklif olunacaq, millət vəkili deyir.

Azərbaycanda bu il inflyasiyanın 13.2 faiz olması barədə məlumatlar, maaşların inflyasiyaya uyğun olaraq artırılmaması barədə narahatlıq yaradıb.

Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin üzvü Musa Quliyev BBC Azərbaycancaya bildirib ki, həmişə Milli Məclisdə büdcə müzakirə olunan zaman millət vəkilləri əmlak haqlarının və pensiyaların məbləğinin inflyasiyaya uyğun, yaxud da ondan çox artırılmasını təklif edirlər.

"Bu dəfə də 20-23 noyabr 2017-ci il tarixində növbəti Büdcə sənədi müzakirə olunan zaman maaş və pensiyaların artırılması təklif olunacaq", o deyib.

"Büdcə lahiyəsində maaşların və pensiyaların artırılması nəzərdə tutulub amma, hələki bunun birbaşa hansı sahələrdə həyata keçiriləcəyi məlum deyil"- cənab Quliyev əlavə edib.

Gələn il inflyasiya

2018-ci ilin Dövlət Büdcəsi haqqında qanunun layihəsində inflyasiya göstəricisi 6.1 % nəzərdə tutulub.

Cari ilin büdcəsində də bu rəqəm 7.3 % nəzərdə tutulmuşdu, amma reallıqda bu rəqəm özünü doğrultmadı. Hazırda ölkədə inflyasiya faizi iki rəqəmli göstərici ilə ifadə olunur, millət vəkili Vahid Əhmədov deyir.

"Hazırda 13-14 faiz olan inflyasiyanın azaldılmasına çalışılır", o BBC Azərbaycancaya deyib. Onun sözlərinə görə, gələn ilin büdcəsində əmək haqları və əmək pensiyalarının az miqdarda artırılması nəzərdə tutulub, "amma bu inflyasiya göstəricisinə təsir göstərməyəcək."

İqtisadi təhlilçi Rövşən Ağayevin fikrincə ki, hazırda Azərbaycanda inflyasiyanın ikirəqəmli olması devalivasiya ilə bağlıdır.

2015-ci ildə 21 fevral və 21 dekabrda olan devalivasiyadan sonra inflyasiya göstəricisi yüksəldi. Mütəxəsisin sözlərinə görə, gələn ilki inflyasiya manatın vəziyyətindən asılı olacaq.

"Belə ki, milli valyuta, manatın məzənnəsi neftin dünya bazarındakı qiymətinə bağlıdır", o deyir.

Fotonun müəllifi Alexander Hassenstein/Getty Images
Image caption Milli Məclisin, 2018-ci ilin büdcəsini noyabrın sonlarında müzakirə edəcəyi gözlənilir.

"Neftin bazar qiyməti 55 dollardan yuxarı olduqda hökümət özünü rahat hiss edir və milli valyutanın kursu sabit qalır. Bununla da ölkədə inflyasiya göstəricisi bir rəqəmlə ifadə olunur", o bildirib.

Pensiyaların artımı

Əvvəllər Milli Məclisin üzvü olmuş Nazim Bəydəmirli deyir ki, hər ilin yekununda ölkədəki inflyasiyanın göstəricisi təhlil olunur və prezident tərəfindən fərman verilir.

"Fərmanda inflyasiyanın səviyyəsinə uyğun məbləğ əmək pensiyalarının sığorta hissəsinə əlavə olunur, bu qanunun tələbidir və hər il həyata keçirilir", o əlavə edir.

Əmək pensiyalarının üç hissəsi mövcuddur, baza, sığorta və yığım hissəsi - o izah edir.

"Pensiyaların sığorta hissəsi dövlətin nəzarətində olduğu üçün bu, infilyasiyanın təsirinə məruz qalır və bu səbəbdən də dövlət müvafiq infilyasiya göstəricisinə uyğun hər il əmək pensiyalarının sığorta hissəsini artırır", cənab Bəydəmirli əlavə edir.

Azərbaycanda minimum əməkhaqqı son dəfə ilin əvvəlində artırılaraq 116 manat müəyyən olunub. Bu, 2016-cı ildə inflyasiya 12,4 faizə çatdıqdan sonra baş verib və artım cəmi 11 manat olub.

Bu barədə daha geniş