Akif Çovdarov 12 il müddətinə həbs edildi

DTX binası Fotonun müəllifi DTX

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək rütbəli sabiq məmuru Akif Çovdarov 12 il müddətinə həbs edilib.

Qərara əsasən, Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa, 33 milyon manatlıq digər mülkləri zərərçəkmişlərin xeyrinə müsadirə olunacaq.

Hökm barədə onun vəkili Kamandar Nəsibov BBC Azərbaycancaya deyib ki, Çovdarovun ailə üzvünə məxsus "8-ci kilometr bazarı" kimi tanınan iaşə obyekti dövlət sərəncamına keçirilib.

Vəkil Nəsibov əlavə edib ki, Çovdarovun özünə və övladlarına məxsus evlər həbsdən çıxarılaraq onların özünə qaytarılıb.

Bundan başqa, qərarda deyilir ki, Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndəriləcək.

Prokuror keçmiş MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarova 15 il həbs istəyib.

Məlumata görə, Çovdarov və digərləri son sözlərində məhkəmədən barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Akif Çovdarov Cinayət Məcəlləsinin bir neçə - qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə, quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə, vəzifə saxtakarlığı, bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda maddələri ilə ittiham olunub.

Bütün ittihamları rədd etmiş sabiq MTN-çi 2015-ci ilin dekabrın 14-də həbs edilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş