Azərbaycanda vəkillərin nümayəndəlik institutunu ləğv etməyə qərar verildi

Milli Məclis Fotonun müəllifi Getty Images

Çərşənbə axşamı keçirilən iclasında Milli Məclis nümayəndəlik institutunu ləğv etməyə qərar verib.

Bununla, fiziki şəxslərin yaxın qohumları istisna olmaqla, bütün məhkəmə işlərində fiziki şəxsləri yalnız Vəkillər Kollegiyasının üzvü olan hüquqşünaslar təmsil edə biləcək.

Mülki Prosessual, İnzibati Prosessual Məcəllələrə, eləcə də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər ilk dəfə oktyabrın 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən təklif edilib.

Müzakirə vaxtı, bir neçə millət vəkili dəyişikliklərin əlehinə çıxış edərək təklifin ölkədə vəkil çatışmazlığı və fəaliyyət göstərən qanuni nümayəndələrin narazılığına səbəb olacağını deyiblər.

Təklifin tərəfdarları və tənqidçiləri Vəkillər Kollegiyasının hazırki fəaliyyətinə də dəyişikliklərin lazım olduğunu qeyd ediblər.

Bu dəyişiklər 2017-ci il dekabrın 1-dən qüvvəyə minəcək.



Oktyabrın 17-də özünü "praktik hüquqşünaslar qrupu" adlandıran bir neçə hüquqşünas isə mətbuat konfransında bildirib ki, bu təklif kollegiyanın üzvü olmayan hüquqşünasları məhkəmə təmsilçiliyindən məhrum edəcək.

Vəkillərin qeyd etdiyi digər təhlükə isə vəkillərin sayının az olmasıdır.

Bu konfransda iştirak edən və bir neçə il əvvəl Vəkillər Kollegiyasından xaric olunan hüquqşünas Xalid Bağırov da təklifin var olmasını, "qanunun dəyişdirilməsinə siyasi iradənin olması" ilə əlaqələndirib və nəticədə hüquqi yardım institutunun iflic olacağını iddia edib.

Image caption Vəkillər Kollegiyasından xaric olunan hüquqşünas Xalid Bağırov

Vəkil Yalçın İmanov isə izah edib ki, nümayəndəlik institutun ləğvi həm aztəminatlı ailələrin hüququ yardım almasına mane olacaq, həm də "hakimiyyətin nəzərində təhlükəli olan işlərə" çıxan vəkillərin sayını azaldacaq.

"Vəkillik pullu xidmətdir. Qərar qəbul edilsə, maddi vəsaiti yetərli olmayan insanların müdafiəsində problem yaranacaq. Hamısı vəkilə müraciət edə bilməyəcək. Nümayəndəlikdə isə məbləğ cüzidir".

O, Azərbaycan Avropa Şurasına üzv olan ölkələr arasında əhali sayına düşən vəkillərə görə ən axırıncı yerlərdən birində olduğunu qeyd edərək, Azərbaycanda 10 min nəfərə 1 vəkil düşdüyünü vurğulayıb.

"Vəkillər Kollegiyasının 900 üzvü var. Dəyişiklikdən sonra vəkillərin üzərinə yük düşəcək və onlar Kollegiyadan asılı olacaq. Bu da onların müstəqilliyinə və obyektivliyinə təsir edəcək".

Əlaqəli mövzular

Bu barədə daha geniş