Məhkəmədə nümayəndəlik institutunun ləğvi sənə necə təsir edəcək? 5 suala cavabda

Fotonun müəllifi Alexander Hassenstein/ Getty

Bu qərar adi vətəndaşa necə təsir edəcək?

Artıq məhkəməyə işi düşən şəxsləri proseslərdə Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar təmsil edə bilməyəcək, çünki Milli Məclis son iclasında "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna etdiyi dəyişiklə bunu ləğv elədi.

Bunun nəticəsi nə olacaq?

Vəkil tapmaqda çətinlik yaranacaq, çünki ölkədə Vəkillər Kollegiyasının təxminən 930 üzvü var.

Vəkillər çatışmayacaq, çünki 300 mindən artıq (mənbə: https://courts.gov.az/az/main/countcases ) mülki iş var. Bu institutun ləğvinə qədər bir çox peşəkar hüquqşünas mülki işlərə nümayəndə kimi çıxır, müştərisinin hüquqlarını müdafiə edə bilirdi.

Mülki işlərdə də artıq yalnız Vəkillər Kollegiyasının üzvünün xidmətindən istifadə zərurəti yaranacaq ki, bu da tələbatı artıracaq. Artan tələbat vəkil xidmətini bahalaşdıra bilər.

Qanun ən çox hansı təbəqəyə təsir edəcək?

Hüquqşünaslar hesab edirlər ki, bu qanundan ən çox aztəminatlı vətəndaşlar zərər çəkəcək. Tələbatın artması təqdirdə vəkil xidməti bahalaşarsa, aztəminatlı vətəndaşlar rəqabətə tab gətirə bilməyəcəklər.

Onlar ya vəkilsiz qalacaq, ya da yetərli hüquqi xidmətlə təmin oluna bilməyəcəklər.

Fiziki şəxsin yaxın adamı onu məhkəmədə təmsil edə bilərmi?

Qanuna edilən dəyişikliyə görə, fiziki şəxsi müki məhkəmə proseslərində yalnız yaxın adamı təmsil edə bilər.

Ancaq hüquqşünaslar düşünürlər ki, hüquqi biliyi olmayan şəxslərin belə təmsilçiliyinin effekti olmayacaq. Onlar da son nəticədə hüquqşünaslarla məsləhətləşməli olacaqlar.

Ehtimal edilən vəkil qıtlığı necə dəf ediləcək?

Bu sual indiyədək məhkəmə poseslərinə nümayəndə kimi çıxan peşəkar hüquqşünasları da düşündürür.

Facebook hesablarında kimisi sosial şəbəkə üzvlərindən təkliflər dinləmək istəyir, kimisi də ortaya ideya atır: İşi məhkəmədə olan və rüşvət vermək istəməyən vətəndaşları məhkəmədə özünü müdafiə etməyə hazırlamaq üçün kurslar açılsın.

Əlaqəli mövzular

Bu barədə daha geniş