Müsavat partiyasının piketi zamanı saxlanılanlar sərbəst buraxılıb

Musavat piketi Fotonun müəllifi Turan.az

Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında piketi zamanı saxlanılan bir neçə partiya üzvü sərbəst buraxılıb, Müsavat üzvü Nigar Yaqublu BBC Azərbaycancaya bildirib.

Nigar Yaqublu bildirib ki, onlar hər hansı zorakılığa və ya qanun pozuntusuna yol verməyiblər, sadəcə, BŞİH binası qarşısına yığışıb etiraz ediblər:

"Oktyabrın 21-də Müsavat Bakıda yürüş keçirmək istəyirdi. Ancaq şəhər icra hakimiyyəti buna icazə vermədi. Biz də sərbəst toplaşma azadlığımızı müdafiə etmək üçün piket keçirdik".

Nigar Yaqublu bildirib ki, aksiyaçılar qətnaməni oxuyub oranı tərk etmək istəyəndə polis gəlib və bəzi üzvləri saxlayıb. Saxlananlar arasında Müsavat partiyasının başqan müavinləri Elman Fəttah, Tofiq Yaqublu və Səxavət Soltanlı da olub.

Nigar Yaqublu saxlanılanların 9-cu polis bölməsinə aparıldığını bildirib. Hərçənd ki, bölmədən BBC Azərbaycancaya saxlanılanlar barədə məlumat verilməyib, onların oraya gətirilməsi nə təkzib, nə də təsdiq edilib.

Turan agentliyinin məlumatına görə, fəallar "İçərişəhər" metro stansiyasından çıxaraq BŞİH binasına doğru irəliləyib və piketin qətnaməsini oxuyublar, lakin polisin müdaxiləsinə görə qətnaməni quruma təqdim edə bilməyiblər.

Bundan əvvəl, Bakı şəhər Baş Polis İdarəsi partiyaya bu aksiya ilə bağlı xəbərdarlıq edib.

Baş İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya "Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya piketin keçirilməsinə imkan verilməyəcəyini bildirib.

"Kimlərsə paytaxtda qanunun tələbini və ictimai qaydanı pozaraq razılaşdırılmamış piket keçirməyə cəhd edərsə, qarşısı tərəfimizdən alınacaq. Belə bir cəhdə təşəbbüs göstərənlər isə məsuliyyətə cəlb olunacaqlar".

Əlaqəli mövzular

Bu barədə daha geniş