5 fotoda: “Yenə də özbək!”, Bakı-Tbilisi-Qars açıldı, Qurbanov millidə və...

Bu həftə dünyada və Azərbaycanda baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Bakı-Tbilisi-Qars

Şəklin mənbəyi, Azertag

1. Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəsmi açılış mərasimi keçirilib. Mərasimə Azərbaycan və Türkiyə prezidentləri, o cümlədən, Gürcüstanın, Qazaxıstan və Özbəkistanın baş nazirləri qatılıb.

"İlk mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon ton yükün daşınması nəzərdə tutulur", Prezident Əliyev bəyan edib. Sərnişindaşıma ilə bağlı detallar hələ açıqlanmayıb.

Şəklin mənbəyi, ST. CHARLES COUNTY DEPT. OF CORR/ Getty

2. Çərşənbə axşamı günü New York-da törədilmiş yük avtomobili hücumunda özbək əsilli Sayfullo Saipov şübhəli bilinir. Hücum nəticəsində 8 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Onun ABŞ-a Özbəkistandan 2010-cu ildə gəldiyi və ölkədə qanuni olaraq məskunlaşdığı bildirilir.

Şəklin mənbəyi, APA

3. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək rütbəli sabiq məmuru Akif Çovdarov 12 il müddətinə həbs edilib.

Qərara əsasən, Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa, "8-ci kilometr bazarı" kimi tanınan iaşə obyekti də daxil olmaqla, 33 milyon manatlıq digər mülkləri zərərçəkmişlərin xeyrinə müsadirə olunacaq.

Şəklin mənbəyi, affa.az

4. Qarabağ futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin edilib. O, Robert Prosineçkini əvəzləyəcək. Onunla 6 illik müqavilə imzalanıb.

Cənab Qurbanovun baş məşqçisi olduğu Qarabağ klubu Çempionlar Liqasının son oyununda Madridin Atletico klubu ilə səfərdə 1-1 bərabərə qalıb.

Şəklin mənbəyi, Youtube/APA

5. Xalq artisti Rafiq Hüseynov oktyabrın 26-da Almaniyada vəfat edib, ancaq onun olüm xəbəri oktyabrın 30-da açıqlanıb. O, ağciyər xərçəngindən əziyyət çəkirdi.

Rafiq Hüseynov Azərbaycan Dövlət Televiziyasının tanınmış diktorlarından biri olub. İlk dəfə diktor kimi efirə 1966-cı ildə çıxıb.