Tikintiyə etiraz üçün intihara cəhd edən polisə aparılıb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Tikintiyə etiraz üçün intihara cəhd edən sakin: "başqa çıxış yolu yoxdur"

Bakıda yaşadığı həyətdəki tikintiyə etiraz etmək üçün intihara cəhd edən sakin izahat vermək üçün Yasamal rayon 28-ci polis şöbəsinə aparılıb, polisdən BBC Azərbaycancaya bildirilib.

31 yaşlı etirazçı, Yasamal rayon sakini Ruslan Məhərrəmov BBC Azərbaycancaya deyib ki, üç binanın qarşısında hündürmərtəbəli bina tikilir və bu, "həyətlərini sakinlərin əlindən alır".

"Gələcəkdə, uşaqlarımız böyüyür, onlar üçün ərazi qalmır. Prezident Aparatına da şikayətə getmişik, bizə bildirilib ki, tikinti dayandırılacaq."

Zahid Xəlilov küçəsi, 568-ci məhəllədə yaşayan digər sakinlər də çoxmərtəbəli yaşayış binası tikən Elite City MMC-ə etiraz edirlər.

Onlar deyirlər ki, tikinti həyətin ortasında aparılır və bu, sakinlər üçün narahatlıq yaradır. Sakinlər BBC Azərbaycancaya bildiriblər ki, tikinti aparan şirkət binaların su anbarını da "dağıdıb".

Elite City MMC-dən BBC Azərbaycancaya bildirilib ki, tikinti dövlət layihəsidir və pilot layihə olaraq həyata keçirilir.

MMC-nin direktoru Rəfail Mirzəyevin sözlərinə görə, binanın tikintisi 18 aya başa çatdırılmalı və təhvil verilməlidir, amma, qonşuluqda olan bəzi insanların tikintiyə mane olması səbəbindən təxminən üç aydır ki, işlər görülə bilmir.

"Burada qəzalı vəziyyətdə olan finski evlər sökülüb, dövlətin tikintiyə aid bütün qurumları sənəd verib, rəy verib, icazə verib. Bu dövlət proqramıdır. Əhalini qəzalı evlərdən köçür, kirayəyə çıxar, təmir elə, geri qaytar. Bu, bir pilot layihədir."

Cənab Mirzəyev iddia edib ki, şikayətçi sakinlərin tikintiyə mane olmasının qadağan edilməsi varədə məhkəmə qərarı mövcuddur.

Məsələ ilə bağlı Yasaml Rayon İcra Hakimiyyətindən mövqe almaq mümkün olmayıb.

Əlaqəli mövzular