Sürücüləri narazı salan maddələr qanundan çıxarıla bilər

Bakı Fotonun müəllifi Məhərrəm Zeynalov

Milli Məclis sürücünü "söhbətə tutmaq" və zədələnmiş avtomobili polisin icazəsi olmadan təmir edən ustanın cərimə edilməsinə dair maddələrə yenidən baxa bilər.

Bu barədə BBC Azərbaycancaya müsahibə verən Milli Məclisin üzvü Çingiz Qənizadə deyir ki, buna səbəb həmin maddələrin işlək olmamasıdır.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə bir neçə il əvvəl salınmış "nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirakla bağlı" maddə demək olar ki, tətbiq edilməyib.

Buna görə də prezidentin imzasıyla Milli Məclisə daxil olan müvafiq qanun layihəsində həmin maddənin çıxarılması təklif olunur.

Cənab Qənizadə deyir ki, 40 manat cəriməni nəzərdə tutan bu maddə faktiki işləməyib:

"Bir müddət öncə də cəmiyyətdə sürücünün diqqəti yayındıra biləcək söhbətdə iştirakla bağlı məsələ ciddi narazılıqla qarşılandı. Mən də parlamentdə bununla bağlı çıxış etmişdim ki, qanunvericilikdə belə bir maddə var, amma heç vaxt tətbiq olunmur. İşlək olmayan maddənin qanunvericilkdə qalmasına ehtiyac yoxdur".

Çingiz Qənizadə deyir ki, banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının təmirə aparma ilə bağlı icazə məhdudiyyətinə görə 250 manatlıq cərimənin ləğvi təklif edilir. Bu cərimə zədələnmiş avtomobili polisin icazəsi olmadan təmir edən ustaya şamil edilirdi.

Deputat Qənizadə vurğulayır ki, bu maddə də tətbiq edilmir.

"Polisin imkanı var ki, qaçan sürücünü dərhal yaxalasın"

"Bir yol qəzası baş vermişdi, adamı vurmuşdular, hadisə yerindən qaçan sürücü maşını təmirə aparıb bütün izləri yox etdirmişdi. Amma polis adamı vuran sürücünü tapdı", hüquqşünas Ərşad Hüseynov deyir.

BBC Azərbaycancaya açıqlamasında hüquqşünas qeyd edir ki, müasir dövrdə axtarış-əməliyyat imkanları genişdir, "yol hərəkəti qaydalarını pozub gizlənməyə cəhd göstərənləri" aşkara çıxarır:

"Təsəvvür edin, avtomobilin banında çürümə var, sürücü təmir üçün birinci getməlidir polisə, hər hansı qəza olmaması ilə bağlı arayış almalıdır. Heç ustaların çoxu bilmirdi ki, belə bir məhdudiyyət var. Buna görə də ustanı cərimə etmək, ya polisdən arayış almaq mənasız işdir, vaxt itkisidir".

Sürücünün nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməsinə cərimə nəzərdə tutulması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olmuş, əksəriyyət bunu narazılıqla qarşılamışdı. Hətta belə bir qadağanı gülüş hədəfinə çevirənlər də vardı.

Ərşad Hüseynov deyir ki, yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin təkmilləşməsinə ehtiyac var.

Layihə Milli Məclisin noyabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş