Aksiyada iştiraka görə işdən çıxmış rəqqas: "Ərizəmi geri götürmək istəyirəm"

Müsavat piketi Fotonun müəllifi Turan.az
Image caption Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piketi vaxtı saxlanmış etirazçılar buraxılıb

Dövlət Musiqili Teatrının balet qrupunun rəqqası Müsavat Partiyasının noyabrın 3-də keçirdiyi piketdə iştirak etdiyi üçün işdən çıxarıldığını deyir.

Seymur Namazov ərizəni özü yazdığını təsdiqləsə də, bunu ondan rəhbərliyin istədiyini iddia edir.

"Bəli, ərizəni özüm yazmışam, xətt də, imza da özümündür. Ancaq bunu istəmədən etmişəm", Seymur Namazov BBC Azərbaycancaya deyib.

Onun sözlərinə görə, noyabrın 3-də Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirdiyi razılaşdırılmamış piketə qatılıb:

"Mən Müsavatın keçirdiyi aksiyalarda həmişə iştirak etmişəm. Ancaq bu dəfə görünür, gözə görünmüşəm", deyə o, saytlarda piketdən yayılan şəkillərə işarə edir.

Fotonun müəllifi musiqiliteatr.az

"Gözləyirdim ki, uzaqbaşı xəbərdarlıq edəcəklər"

"Teatrda məni çağırdılar, piketdəki şəkillərimi göstərdilər, dedilər ki, direktor ərizəni yazıb işdən getməyini istəyir. Sarsıldım, 17 il çalışmışam və qəfil mənə deyirlər ki, ərizəni yaz, get".

Seymur Namazov noyabrın 4-də tamaşada oynadığını deyir. Əlavə edir ki, könüllü işdən getmək istəyən adam ən azı tamaşasını yola verib gedərdi.

"İndiyə kimi işimə heç bir irad bildirilməyib, yazılı ya şifahi töhmət almamışam, piketdə iştirakıma görə uzaqbaşı gözləyirdim, xəbərdarlıq edərlər", o, deyir.

Seymur Namazov işinə bərpa olunmaq istəyir, deyir ki, hazırda vəkillərlə məsləhətləşir və hüquqi müstəvidə addımlar atmaq niyyətindədir.

"Hüququm var ki, 1 ay içində ərizəmi geri götürüm".

Rəsmi cavab yoxdur

Musiqili Teatın direktoru Əliqismət Lalayev BBC Azərbaycancanın suallarını cavablandırmaq istəməyib və sonrakı telefon zənglərinə cavab verməyib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən BBC Azərbaycancaya bildiriblər ki, nazirlik teatrların kollektivini işə götürmür, yalnız rəhbərliyini təyin edir: "İşə götürüb, işdən azad etmək mədəniyyət müəssisəsinin səlahiyyəti daxilindədir".

Bundan əvvəl, Milli Şuranın son mitinqinə qatıldığı üçün Milli Dram teatrının aktyoru Ayşad Məmmədov işdən çıxarıldığını, digər aktyor Abbas Qəhrəmanov təzyiqlərlə üzləşdiyini bildirmişdilər.

"Ərizə yazmayaydı, haqqını tələb edərdi"

"Mitinqdə, piketdə iştirak etdiyinə görə kiminsə işdən çıxarılması doğru deyil" parlamentin mədəniyyət komitəsinin üzvü Aqil Abbas BBC Azərbaycancaya deyir.

Aktyor Ayşad Məmmədovun işinə bərpa edildiyini vurğulayan millət vəkili deyir ki, müxalifətin aksiyalarında fəallıq edən insanların işdən çıxarılması kimi problemləri "aşağıdakı məmurlar" yaradır:

"Bu rəqqas qanunsuz aksiyada iştirak edə bilir, amma ona olunan təzyiqlərə tab gətirmir? Bu necə olur? Mənə təzyiq elədilər… Yazma ərizəni! Haqqını tələb et, get məhkəməyə ver".

Ayşad Məmmədovun ailəsi BBC Azərbaycancaya aktyorun işinə bərpa olunması faktını təsdiqləyib.

Ailəsindən deyiblər ki, Ayşad Məmmədov noyabrın 1-dən işə çıxır.

Əlaqəli mövzular

Bu barədə daha geniş