Sergey Lavrov: " Biz beynəlxalq platformalarda eyni mövqedən çıxış edirik"

Sergey Lavrov Fotonun müəllifi AzerTAG
Image caption Sergey Lavrov: " Biz beynəlxalq platformalarda eyni mövqedən çıxış edirik"

Bakıda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra noyabrın 20-də keçirilən mətbuat konfransında Rusiyanın "beynəlxalq platformalarda [Azərbaycanla] eyni mövqedən çıxış" etdiyini deyib.

"Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Həllə gətirən bir sıra istiqamətlər ətrafında fikir mübadiləsi apardıq ", Sergey Lavrov deyib.

O, həmçinin qeyd edib ki, Rusiya "üç həmsədrdən biri olaraq hər iki tərəf üçün məqbul olan sülh yolu ilə həll istiqamətində çalışacaq".

Bununla yanaşı, Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin 25 illiyini qeyd edən nazirlər ticarət və humanitar sahələr barədə də söhbət ediblər.


Həmçinin oxuyun:


"Azərbaycanı da bu təşkilatda görməkdən çox məmnun olarıq"

"Avrasiya İqtisadi İttifaqı açıq inteqrasiya qurumudur. Biz heç kəsə bu təşkilata daxil olmağı diqtə etməmişik", cənab Lavrov deyib.

O, birliyə yeni üzvlərin qəbul edilməsini hər zaman alqışladıqlarını söyləyib.

«Hazırda Tacikistanın təşkilata daxil olması məsələsinə baxılır. Bizə MDB üzvü olmayan ölkələrdən də müraciətlər gəlir. Azərbaycanı da bu təşkilatda görməkdən çox məmnun olarıq», - deyə Sergey Lavrov vurğulayıb.

Fotonun müəllifi AzerTAG
Image caption Elmar Məmmədyarov iki ölkə arasında ticarət dövriyyəsinin artması üçün geniş potensial olduğunu deyir

25 illik diplomatik əlaqə və ticarətin artımı

"Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var. Bu gün keçirdiyimiz görüşdə bu və digər məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq", Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, Azərbaycanla Rusiya arasında humanitar sahədə də əməkdaşlıq genişlənir.

Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə zərf imzalanıb.

Bu zərf iki ölkə arasında diplomatik münasibətlərin inkişafının əlaməti olacaq, nazirlər bəyan ediblər.

Fotonun müəllifi Prezident.az
Image caption Sergey Lavrov noyabrın 19-da ölkə prezidenti İlham Əliyevlə görüşüb.

Lavrov prezidentlə də görüşüb

Sergey Lavrov daha öncə, noyabrın 19-da ölkə prezidenti İlham Əliyevlə görüşüb.

Görüşdə İlham Əliyev Azərbaycanın Qarabağ münaqişəsinin tezliklə həll edilməsində maraqlı olduğunu bildirib.

Sergey Lavrov isə Moskvanın Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ "düyününün açılması yollarının axtarışı və münaqişənin həllinə doğru hərəkət etməyə yardım göstərməkdə maraqlı" olduğunu bildirib.

Bu barədə daha geniş