İlham Əliyev: "Futbol Azərbaycanda prioritet sahələrdən biridir"

prezident Fotonun müəllifi President.az
Image caption FİFA rəsmiləri ilə görüşündə İlham Əliyev deyib: "Futbol Azərbaycanda prioritet sahələrdən biridir"

"Futbol Azərbaycanda prioritet sahələrdən biridir. İdmanın bu növünün inkişafı ilə bağlı xüsusi proqram qəbul edilib", Azərbaycan prezidenti İlham Əliyev bunu FİFA-nın prezidenti Gianni İnfantino və qurumun baş katibi Fatma Samoura ilə görüşündə deyib.

Bakı FIFA İcraedici Futbol Sammitinin keçiriləcəyi dünyanın 12 şəhərindən biri seçilib və ilk sammit Azərbaycan paytaxtında keçiriləcək, prezidentin rəsmi saytı yazıb.

İlham Əliyev bundan məmnunluq ifadə edib və sammitin uğurlu olacağına inandığını deyib.

Əliyev Bakıda, eləcə də Azərbaycanın digər şəhərlərində müasir tələblərə cavab verən çoxlu stadionun inşa edildiyini və "bu gün futbolun inkişafı üçün bütün lazımi infrastrukturun tam şəkildə yaradıldığını" qeyd edib.

"Futbol üzrə Azərbaycan milli komandası və klublar daha yaxşı oyun nümayiş etdirir və bu sahədə daha çox uğurların və qələbələrin qazanılmasına ümidvarıq", o deyib.

President.az saytı yazır ki, FİFA-nın prezidenti Gianni İnfantino "Azərbaycanın sözün əsl mənasında, futbol ölkəsi" olduğunu söyləyib.

Gianni İnfantino deyib ki, o qurumun prezidenti olmazdan əvvəl də AFFA ilə əməkdaşlıq edib və "Azərbaycanda futbolun və futbol hərəkatının inkişafının şahididirlər".

FİFA prezidenti vurğulayıb ki, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı Azərbaycanda futbolun inkişafının nəticəsidir.

Gianni İnfantino Azərbaycan futbol klublarından biri "Qarabağ"-a diqqət çəkərək onun futbolda uğurlar qazandığını vurğulayıb, -president.az saytı yazır.

"Qarabağ" avqustun 23-də Danimarkanın København klubu ilə matçdan sonra UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş