2018-ci ilin büdcəsi: Səhiyyə xərcləri ötən ilkindən "azdır"

Milli Məclis Fotonun müəllifi AzerTAG
Image caption Parlament gələn ilin büdcəsini müzakirə edir

"Builki büdcə daha çox son böhran illərindən əvvəlki dövrləri, büdcə pullarının gen-bol xərcləndiyi vaxtları xatırladır", iqtisadçı Rövşən Ağayev BBC Azərbaycancaya deyir.

"İnvestisiya xərclərinin artırılması ölkə iqtisadiyyatını canlandıracaq", keçmiş maliyyə naziri Fikrət Yusubov belə düşünür.

Parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyir ki, builki dövlət büdcəsində səhiyyə xərcləri ötən ilki xərclərdən azdır.

Millət vəkili Əli Məsimli Neft Fondundan asılılığın artdığını və bunu düzgün saymadığını qeyd edib.

Noyabrın 22-də parlamentdə 2018-ci ilin büdcə müzakirəsi davam edib.

"Neftdən asılılıq gücləndirilib"

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, əhalinin artımını nəzərə alaraq, səhiyyə xərclərini artırmaq lazımdır: "Əgər biz səhiyyə xərclərini sabit saxlasaq və ya azaltsaq, bu səhiyyə sahəsində problemlərə səbəb olacaq".

Deputat Əli Məsimli deyib ki, 2013-cü ildən sonra iqtisadiyyatın neftdən asılılığının azaldılması siyasətinə keçilsə də, 2018-ci il büdcəsində neftdən asılılıq gücləndirilib. O, Neft Fondundan transferlərin artırılmasını düzgün saymır.

Məsimli vurğulayıb ki, təqdimat sənədlərində 2018-ci il büdcəsi sosialyönümlü göstərilir, amma bu, göstəricilərdə əksini tapmır:

"Əsaslı xərclərin artım tempi büdcə xərclərinin artım tempini 2.8 dəfə üstələyir. Büdcə xərclərinin artım tempindən isə sosialyönümlü xərclərin artımı 7.5 dəfə geri qalır."

Gürcüstanla müqayisə

"2013-cü ildən bəri, manatın devalvasiyasından sonra büdcədə investisiya xərcləri azaldılmışdı. Gələn ilin büdcəsində isə birdən-birə əsaslı xərcləri 60 faizdən çox artırdılar", iqtisadçı Rövşən Ağayev deyir. O vurğulayır ki, bu investisiya xərclərinin iqtisadi artıma necə təsir edəcəyi büdcədə görünmür".

Rövşən Ağayev gələn ilin büdcəsini sosialyönümlü saymır, onun fikrincə, bəzi Avropa ölkələrinin təcrübəsində sosial yönümlü xərclər büdcənin 40-60 faizini təşkil edir:

"Bizdə ən yaxşı halda bu, 30 faizdir. Sosial müdafiə xərcləri 10 faiz civarında olur",

İqtisadçı Azərbaycan büdcəsini qonşu Gürcüstanla müqayisə edib və bu nəticəyə gəlib ki, "gələn il neft ölkəsi Azərbaycanda adambaşına düşən büdcə xərci 1340 dollar, nefti olmayan Gürcüstanda isə adambaçına düşən büdcə xərc 1315 dollar" olacaq.

"İqtisadiyyatda canlanma yaranacaq"

Keçmiş maliyyə naziri Fikrət Yusibov hesab edir ki, investisiya xərclərinin artımı müsbət haldır, "iqtisadiyyatda canlanma yaradacaq".

"İnvestisiyaların qoyulması iqtisadiyyatda həmişə canlanma yaradır, inkişaf prosesləri gedir. İndi sərmayə xərclərinin artırılması buna hesablanıb".

O, 2018-ci ilin büdcəsini "pozitiv" sayır. Ancaq hesab edir ki, büdcənin neftdən asılılığı çoxdur və Yusubovun fikrincə, bunu azaltmaq üçün hökumət real sektora diqqət ayırmalıdır:

"Bunu təqdir etmirəm ki, büdcə hələ də neft gəlirlərindən asılıdır. Buna görə də ölkənin real sektorunun inkişafı ilə bağlı qəbul edilmiş qərarların, proqramların tez yerinə yerinə yetrilməsini istərdim."

Fotonun müəllifi AzerTAG
Image caption Parlamentdə büdcə müzakirələrində deputatlar bir sıra təkliflər səsləndiriblər.

Deputatlar təklif edir:

Parlamentdə büdcə müzakirələrində deputatlar bir sıra təkliflər səsləndiriblər.

Əhliman Əmiraslanov orqan transplantasiyasından sonra insanlara lazım olan dərmanlar üçün də maliyyə vəsiatinin ödənilməsi üçün maliyyənin artırılmasını təklif edib.

Komitə sədri bildirib ki, orqan transplantasiyasından sonra daim lazım olan dərmanlar baha olduğu üçün insanların buna imkanı çatmır: "Ona görə də xahiş edirəm ki, bu dərmanların alınması üçün büdcədə əlavə maliyyə vəsaiti nəzərdə tutulsun".

Deputat Fazil Mustafa bölgələrin inkişafı haqqında düşünməyin və Bakını yükdən azad etməyin vacibliyini vurğulayıb. O deyib ki, "Gecəqondular"ın özəlləşdirməsinə imkan yaradılmalıdır:

"Ya da regionda insanlar üçün şərait yaradılsın ki, paytaxta gələn insanlar regionlara qayıdaraq işlə məşğul olsun".

Zahid Oruc təklif edir ki, bəzi dövlət qurumları ləğv olunsun.

"Bir müddət əvvəl Nəqliyyat Nazirliyi ləğv olundu. Onun kiçik qəlpələri başqa bir nazirliyə tabe olundu. Amma ötən müddətdə gördük ki, nəqliyyat infrastrukturu çökmədi. Buradan belə bir nəticə çıxır ki, bəzi dövlət qurumlarının, nazirlik, komitələrin də ləğv edilməsi zamanıdır. Bunun böyük xeyrini görə bilərik".

Deputat Qüdrət Həsənquliyev bildirib ki, Bakıda 25 ildir ki, qəzalı binada yaşayan məcburi köçkünlər var və onların mənzil problemi həll olunmalıdır. Millət vəkili əlavə edib ki, tikinti sektoru üçün 4, 9 milyard manat vəsait ayrılır:

"Hesab edirəm ki, başqa sahələrdən kəsib, bu sahəyə vəsait yönəltmək olar".

Deputat Naxçıvandakı avtomobil zavodunun rekonstruksiya olunaraq elektriklə işləyən avtomobil zavodu yaradılmasını da təklif edib.

Deputat Aydın Mirzəzadə bildirib ki, 7 min tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil dalınca gedə bilməyib.

"Bu, çox böyük və narahatedici göstəricidir. Ona görə də bu məsələni həll etmək üçün Təhsilə Yardım Fondu yaradılmalıdır".

Deputat Hikmət Məmmədov bildirib ki, son illərdə artmaqda olan autizm sindromlu uşaqların müalicəsi kifayət qədər maliyyə tələb edir:

"Əgər sağlam gələcəyimizi düşünürüksə, bu problemin həlli üçün mərkəzlər yaradılmalı, dövlət autizm xəstəliyinə düçar olmuş uşaqların müalicəsinə, rebilitasiyasına ciddi dəstək verməlidir".

Azay Quliyev deyib ki, dövlət büdcəsindən QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün vəsait artırılsın.

"2016-cı ildən etibarən QHT-lərə ayrılan büdcə 1, 6 milyon manat azaldılıb. 2017-ci il büdcə azaldılmış formada, 5 milyon manat civarında saxlanılıb. Nəzərə alsaq ki, Azərbaycanda 3 mindən çox QHT qeydiyyatdan keçib və ayrılan rəqəmi 3 minə bölsək hər QHT-yə il ərzində cəmi 1000-1300 manat vəsait düşür. İndi özünüz düşünün bu məbləğlə QHT-lərin fəaliyyətinə necə dəstək vermək olar?"

Qənirə Paşayeva ipoteka və sosial evlər layihəsindən yararlanmaq üçün müəllimlərin də güzəştli kateqoriyaya əlavə edilməsini istəyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş