"Şərq Tərəfdaşlığı": Ekspertlər sammitdən konkret nəticə gözləmirlər

Ilham Əliyev Fotonun müəllifi AzerTAG
Image caption İlham Əliyev Şərq Tərəfdaşlığı sammitində. 24 noyabr 2017

Noyabrın 22-də Brüsseldə Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramı üzrə V sammit öz işinə başlayıb.

"2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması" adı altında keçirilən sammitdə Azərbaycan, Gürcüstan, Moldova, Ermənistan, və Ukrayna prezidentləri iştirak edir.

Azərbaycan prezidenti İlham Əliyevin də sammitə qatılıb.

Budəfəki sammitdə Aİ-na üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və ya hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə ediblər.

"Şengen vizasının ləğvi o ölkələri xoşbəxt etdimi?"

"Azərbaycan bu tərəfdaşlığı davam edəcək, ancaq daha praqmatik şəkildə", Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov deyir.

BBC Azərbaycancaya danışan deputatin fikrincə, Azərbaycan öz iqtisadi maraqlarını təmin etmək imkanlarını gördükcə, bu əməkdaşlığı davam etdirəcək:

"Düzdür, hələ ki, ikitərəfli əməkdaşlıqla bağlı müqavilə üzərində işlənir", deyə Rasim Musabəyov əlavə edir ki, Aİ ilə vizasız rejim də müzakirə mövzularından biridir:

"Azərbaycanın bunda marağı var, amma Şengen vizasının ləğvi ilə Gürcüstan, Ukrayna xoşbəxtlik əldə etdi? Yox! Əslində, viza məsələsi texnikidir".

Rasim Musabəyov vurğulayır ki, "xoşbəxtlik əldə etmək üçün" ölkə iqtisadiyyatını inkişaf etdirməli, təhlükəsizliyini təmin" etməlidir:

"Şengen vizasının ləğvinin Ukraynanın Donbas, Krım probleminə faydası dəyibmi?"

Fotonun müəllifi AzerTAG
Image caption Sammit "2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması" adı altında keçirilir

"…bununla Azərbaycan Aİ-na öz müsajını verdi"

"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev sammitdən hər hansı nəticə gözləmir, onun fikrincə, bu dəfəki sammit "daha çox formal xarakter" daşıyır.

Mehman Əliyev BBC Azərbaycancaya açıqlamasında deyir ki, Azərbaycan hələ ikitrəfli müqaviləni belə imzalamağa hazır olmadığını bəyan etdiyi üçün "xüsusu bir nəticə gözləməyə dəyməz".

"Turan" rəhbəri əlavə edir ki, sammit ərəfəsində Azərbaycanda insan haqları ilə bağlı Aİ rəhbərliyinə edilən çağırış əks-nəticə verib:

"Bu yaxınlarda vəkillikdə nümayəndəlik ləğv olundu, Yalçın İmanovun vəkilliyini dondurdular, başqa vəkillərlə bağlı şikayət olub, bunlar hamısı insan haqlarının müdafiəsinin məhdudlaşdırılmasım deməkdir. Azərbaycan bununla Avropa Birliyinə hansı mesajları verdiyini ortaya qoyur".

Sammit ərəfəsində 37 beynəlxalq hüquq müdafiə təşkilatı Aİ rəhbərliyinə məktub yazaraq Azərbaycanda insan haqlarının pozulduğunu bildiriblər.

Onlar Aİ rəhbərlərini Azərbaycanda insan hüquq və azadlıqlarının "acınacaqlı vəziyyətinə, ölkədə geniş yayılmış korrupsiyaya" diqqət yetirməyə çağırıblar.

Rəsmi Bakı insan haqlarının pozulması və yüksək səviyyəli korrupsiya hallarının mövcudluğu ilə bağlı iddiaları rədd edir.

Şərq Tərəfdaşlığı Proqramı Ukrayna, Belarus, Gürcüstan, Moldova, Azərbaycan və Ermənistanı əhatə edir.

Proqramın əsas məqsədi Aİ və MDB sərhədlərində stabilliyin qorunması və avroməkana inteqrasiyadır.

Ukrayna və Gürcüstan proqram çərçivəsində artıq Assosiasiya sazişini imzalayaraq əməkdaşlıqda bir addım irəli gediblər. Artıq Ukrayna və Gürcüstanla Aİ arasında viza rejimi ləğv edilib.

Ancaq Azərbaycan və Ermənistan bu sazişi imzalamaqdan imtina edib.

Ermənistan imtinadan sonra Rusiyanın təşəbbüsü ilə yaradılan Avrasiya Birliyinə daxil olub.

Azərbaycan isə Avropa İttifaqı ilə ikili əməkdaşlığa üstünlük verdiyini bəyan edib və bu ilin əvvəllərindən yeni müqavilənin imzalanması istiqamətində qurumla danışıqlar aparır.

Bu barədə daha geniş