Əfqanıstan prezidenti: "Azərbaycanın iqtisadi inkişaf təcrübəsindən istifadə etmək istəyirik"

Fotonun müəllifi AzərTAG
Image caption Bakıda "Asiyanın Qəlbi" - İstanbul Prosesi çərçivəsində 7-ci nazirlər konfransı keçirilir

"Əfqanıstan Azərbaycanla iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır". Bunu Bakıda keçirilən "Asiyanın Qəlbi" - İstanbul Prosesi çərçivəsində 7-ci nazirlər konfransına qatılan əfqan prezidenti Mohammad Ashraf Ghani çıxışında deyib.

O bildirib ki, "coğrafiya və siyasi iradə" Əfqanıstan və Azərbaycanı yaxınlaşdırıb.

"Bizim əməkdaşlığımız regional təhlükəsizliyin gücləndirilməsinə və xalqlarımızın rifahının yaxşılaşdırılmasına xidmət edəcək", - Ashraf Ghani vurğulayıb.

Prezident Əfqanıstanın "Azərbaycan iqtisadiyyatının inkişafındakı təcrübəsindən istifadə etmək niyyətində" olduğunu bildirib. Əlavə edib ki, iki ölkə arasında yeni əməkdaşlıq müqavilələrinin bağlanacağına ümid edir.

Fotonun müəllifi AzərTAG
Image caption "Asiyanın Qəlbi" - İstanbul Prosesi çərçivəsində 7-ci nazirlər konfransına Əfqanıstan və Azərbaycan prezidentləri də qatılıb

Konfransda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, rəsmi Bakı Əfqanıstanın ölkənin cari problemlərinin aradan qaldırılmasında ilk və daha fəal tərəfdarlarından biridir: "Biz ikitərəfli səylər vasitəsilə, həmçinin, çoxtərəfli platformalarda aktiv iştirak etməklə əvvəlki kimi Əfqanıstanın inkişafına, sabitliyinə və dinc yolla bərpasına dəstək verməyə sadiqik".

Ilham Əliyev vurğulayıb ki, Əfqanıstanın rifahı və çiçəklənməsi, iqtisadi artım və regional əməkdaşlıq qarşılıqlı əlaqəlidir və regionda ümumi təhlükəsizlik mühitindən asılıdır. Prezident hesab edir ki, "diqqəti Əfqanıstanın bərpasına, iqtisadi inkişafına cəmləmək son dərəcə vacibdir".

Azərtac xəbər verir ki, İlham Əliyev və Mohammad Ashraf Ghani-nin təkbətək görüşü də olub. Prezidentlər qarşılıqlı maraq doğuran ikitərəfli məsələləri müzakirə ediblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş