Siqaret çəkilmə yerləri məhdudlaşdırıldı

siqaret
Image caption Siqaretdən istifadənin qadağan olunduğu yerlərin əhatəsi genişləndirilib

Siqaretdən istifadənin qadağan olunduğu yerlərin əhatəsi genişləndirilib.

Milli Məclis dekabrın 1-də keçirdiyi iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Qanun motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində siqaret çəkilməsini qadağan edir.

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, ölkədə 20-44 yaş arası kişilərin 30 faizi, 44-65 yaş kişilərin isə 51 faizi tütün məmulatlarından istifadə edirlər.

"Onlar gün ərzində 16 ədəd siqaret çəkirlər. Aparılan statistikaya əsasən deyə bilərik ki, qadınların 52,3, kişilərin 67,5 faizi siqaret çəkməyən, amma tütünün zərərlərindən əziyyət çəkən şəxslərdir".

Qanunda siqaret çəkilməsinin qadağan edildiyi yerlər ayrı-ayrı göstərilib.

Bura səhiyyə, elm, təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, sirk binalarında, sərgi və nümayiş salonları aiddir.

Sənəddə idman yarışları, konsert və digər kütləvi tədbirlərin keçirildiyi zallar, ticarət, məişət, sosial xidmət obyektləri daxildir.

Siqaret çəkməkdən ötrü ayrılan xüsusi yerlər istisna olmaqla hava, dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində də siqaret çəkilişinə qadağa qoyulur.

Bundan başqa, qanunda idarə, təşkilat, müəssisə və iaşə obyektlərində xüsusi yerlərin yaradılması üçün qoyulan tələb ləğv olunur. Ayrıca yer yaratmaq müəssisə rəhbərliyinin ixtiyarına buraxılır.

Daha bir yenilik tütün məmulatları şirkətlərinin xeyriyyəçilik missiyasına icazə verilməsidir. İkinci oxunuşda sponsorluqla yanaşı, xeyriyyəçilik də qadağan idi.

Qadağaları pozanlar mülki, inzibati məsuliyyət daşıyacaqlar.

Əlaqəli mövzular

Bu barədə daha geniş