Azərbaycan İlqar Məmmədovla bağlı Avropa Şurasına cavab verib

Ilqar Məmmədov Fotonun müəllifi Avropa Şurası

Avropa Şurası İlqar Məmmədovun işilə bağlı Azərbaycandan rəsmi cavab alıb, qurumun mətbuat xidmətindən BBC Azərbaycancaya bildiriblər. Avropa Şurasının mətbuat xidməti "sənəd məxfi olduğu üçün" daha ətraflı məlumat verməkdən imtina edib.

ReAl hərəkatının idarə heyətinin üzvü Erkin Qədirli Facebook-da paylaşdığı şərhdə iddia edib ki, Azərbaycan hökuməti Avropa Şurasının Nazirlər Komitəsinə cavabında Avropa İnsan Haqları Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal buraxılmasına dair tələbin olmadığına görə onu azad etmədiyini bildirib.

Bu məlumatı BBC Azərbaycancaya Respublikaçı Alternativ (ReAl) hərəkatının idarə heyətinin digər üzvü, Rəsul Cəfərov da BBC Azərbaycancaya təsdiqləyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə, BBC Azərbaycancaya bu barədə məlumatlı olmadığını deyib.


Həmçinin oxuyun:

Avropa Şurasından İlqar Məmmədov barədə Azərbaycana xəbərdarlıq

AŞPA: Azərbaycanda demokratik qurumların fəaliyyətinə və insan haqlarına dair iki qətnamə qəbul edildi

Səməd Seyidov AŞPA-ya: "Niyə bir ölkə ilə belə, bizimlə başqa cür danışılır?"


Facebook-da paylaşdığı şərhində Erkin Qədirli yazıb: "Hökumət rəsmi cavabını verdi. Yazdı ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarında İlqar Məmmədov'un dərhal buraxılmasıyla bağlı tələbin olmadığına görə, hökumətin Məhkəmə qərarının icra yollarını seçmək ixtiyarı vardır. Əlavə də olunub ki, hökumət, Məhkəmənin İlqar Məmmədov'la bağlı qərarına uyğun olan gərəkli tədbirləri görəcək."

REAL deyilənləri şərh etmək üçün "bütün rəsmi cavabı görməli olduğunu" bildirir: "Bu cavabı biz şəxsi kanallarımızla almışıq, cəmi iki-üç cümləlikdir. Məsələnin mahiyyətini, yəni hökumətin atmaq istədiyi addımı anlamaq üçün cavabla yaxından tanış olmaq lazımdır", Rəsul Cəfərov deyib.

BBC Azərbaycancanın Prezident Aparatı ilə əlaqə saxlamaq cəhdləri alınmayıb.

Avropa Şurasının mətbuat xidmətindən bir sözçü Azərbaycan hökumətinin İlqar Məmmədovun işilə bağlı Nazirlər Komitəsinə cavab göndərdiyini təsdiqləyib. Lakin məlumatın məxfi olduğu üçün sənədlə bağlı əlavə məlumat verməkdən imtina edib.

Avropa Şurası Nazirlər Komitəsi (NK) bu ilin oktyabrında REAL lideri İlqar Məmmədovu azad etməmək qərarına görə "görünməmiş hüquqi addım" niyyəti barədə Azərbaycana xəbərdarlıq etmiş və cavab üçün noyabrın 29-dək möhlət verilmişdi.

Əgər bu müddətdə Azərbaycan İlqar Məmmədovu azad etməsə, NK cənab Məmmədovun işinin icra olunmamasına dair məhkəməyə müraciətini dekabrın 5-də müzakirə edəcək.

Bununla, Nazirlər Komitəsi tarixində ilk dəfə Avropa İnsan Haqları Məhkəməsinə bir daha müraciət edərək, hökmün icra edilməməsinin daha bir konvensiya pozuntusu olub-olmamasına münasibət bildirməsini məhkəmədən xahiş etməyə hazır olduğunu bildirib.

Respublikaçı Alternativ (ReAl) hərəkatının sədri İlqar Məmmədov 2013-cü il İsmayıllı iğtişaşlarına görə saxlanılıb və 2014-cü ildə, o, 7 il azadlıqdan məhrum edilib.

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin sədri Səməd Seyidov, bir müddət öncə Strasburqda BBC Azərbaycancaya deyib ki, İlqar Məmmədovun işinin AŞ tərəfindən təqibi Azərbaycana qarşı-ayrı seçkilikdir.

Əlaqəli mövzular

Bu barədə daha geniş