Azərbaycan rəsmisi: "Avropa Məhkəməsinin qərarında İlqar Məmmədovun azadlığa buraxılması göstərilməmişdi"

Ilqar Məmmədov Fotonun müəllifi Avropa Şurası

"Azərbaycan hökuməti hesab edir ki, İlqar Məmmədovla bağlı bütün zəruri tədbirləri görüb", Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki (AİHM) daimi nümayəndəsi Çingiz Əsgərov BBC Azərbaycancaya bildirib.

O vurğulayıb ki, Avropa Məhkəməsinin REAL hərəkatının sədri İlqar Məmmədovla bağlı qərarında "onun azadlığa buraxılması öz əksini tapmayıb:"

"Məhkəmə, bir sözlə, bu barədə deməmişdi. Bunu yalnız bəzi dairələr belə şərh edirlər. Biz bu şərhlə razı deyilik".

Çingiz Əsgərov deyir ki, İlqar Məmmədovla bağlı yerli məhkəmə qərarı qüvvəyə minib və "yenidən məhkəmə instansiyasına qaytarmaq imkanı yoxdur."

Çingiz Əsgərov deyir ki, Azərbaycan hökuməti Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarından irəli gələn tövsiyyələrə əməl edib, hüququnun pozulmasına görə İlqar Məmmədova təzminat ödəyib:

"Şəki Ağır Cinayətlərə dair məhkəmə Avropa Məhkəməsinin qərarında olan məsələləri nəzərdən keçirmiş, araşdırmış və tətbiq etmişdi. Bundan başqa da ümumi xarakterli tədbirlər yerinə yetirilmişdi. Yəni, biz Avropa Məhkəməsinin qərarı ilə bağlı bütün zəruri tədbirləri həyata keçirmişik".

Avropa Şurası Nazirlər Komitəsi (NK) bu ilin oktyabrında REAL lideri İlqar Məmmədovu azad etməmək qərarına görə "görünməmiş hüquqi addım" niyyəti barədə Azərbaycana xəbərdarlıq etmiş və cavab üçün noyabrın 29-dək möhlət verilmişdi.

Əgər bu müddətdə Azərbaycan İlqar Məmmədovu azad etməsə, NK cənab Məmmədovun işinin icra olunmamasına dair məhkəməyə müraciətini dekabrın 5-də müzakirə edəcək.

Bununla, Nazirlər Komitəsi tarixində ilk dəfə Avropa İnsan Haqları Məhkəməsinəbir daha müraciət edərək, hökmün icra edilməməsinin daha bir konvensiya pozuntusu olub-olmamasına münasibət bildirməsini məhkəmədən xahiş etməyə hazır olduğunu bildirib.

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin sədri Səməd Seyidov, bir müddət öncə Strasburqda BBC Azərbaycancaya deyib ki, İlqar Məmmədovun işinin AŞ tərəfindən təqibi Azərbaycana qarşı-ayrı seçkilikdir.

Respublikaçı Alternativ (ReAl) hərəkatının sədri İlqar Məmmədov 2013-cü il İsmayıllı iğtişaşlarına görə saxlanılıb və 2014-cü ildə, o, 7 il azadlıqdan məhrum edilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş