Arzu Abdullayeva "Prezidentə müraciət etdik ki, alicənablıq göstərib siyasi məhbusları azadlığa buraxdırsın"

Arzu Abdullayeva Fotonun müəllifi Eziz Elxanoglu
Image caption Arzu Abdullayeva: "Haqsızlıq o qədərdir ki, bizim gücümüz çatmır"

Bir qrup hüquq müdafiəçisi ölkə prezidenti İlham Əliyevə müraciət ünvanlayaraq, bəzi şəxslərin azadlığa buraxılmasını istəyiblər.

Onlar "Bakı və beynəlxalq qurumlar arasında müzakirə obyekti olan məhbusların" azad olunmasını" xahiş ediblər. Azərbaycan hakimiyyət dəfələrlə ölkədə siyasi məhbus olmadığını vurğulayıb.

Müraciəti imzalayanlardan biri, hüquq müdafiəçisi Arzu Abdullayevə BBC Azərbaycancaya müsahibəsində bu müraciətin səbəblərindən danışıb.

- Əfsus olsun ki, məhkəmə sistemimiz o qədər ədalətli deyil, çox vaxt qanunun aliliyi əsas götürülmür. Ələlxüsus da siyasi məsələdirsə, bu mütləq sifarişli olur, hakimlər müstəqil qərar vermirlər. Buna görə də həbsxanada günahsız insanlar var, çoxdurlar. Onların azadlığa buraxılmasını istəyirik. Biz onların azadlığa buraxılması üçün işimizi görürük, ancaq acığı, haqsızlıq o qədərdir ki, bizim gücümüz çatmır. Ona görə də prezidentə müraciət edirik ki, alicənablıq göstərib siyasi məhbusları azadlığa buraxdırsın.

BBC: Konkret kimlərin azadlığa buraxılmasını istəyirsiniz?

- Çox adamın adını çəkərdim. Siyasi məsələlərə görə həbs olunmuş gənclərin, jurnalsitlərin, o cümlədən, İlqar Məmmədovun adını çəkərdim.

BBC: Arzu xanım, İlqar Məmmədov Avropa qurumları ilə Azərbaycan hakimiyyəti arasında sanki bir prinsip məsələsinə çevrilib. Məsələn, onunla bərabər və eyni ittihamlarla həbs edilən Müsavat funksioneri Tofiq Yaqublu buraxıldı, amma İlqar Məmmədov yox. Sizcə, niyə?

- Çoxları belə düşünür ki, İlqar Məmmədov prezidentliyə siyasi namizəd kimi qorxu yaradır, həbsdə saxlamaqla onun namizədliyi əngəllənir.

BBC: Siz "siyasi məhbus" deyirsiniz, Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbus olmadığını deyir. Elə müraciətinizdə də "siyasi məhbus" ifadəsi yoxdur.

- Bu, bizim hakimiyyətlə çoxdankı mübahisəmizdir. Biz müraciətdə siyasi məhbus yazmağı düşünürdük, ancaq dediyim kimi, o qədər ədalətsiz həbslər var ki, o adamların motivi siyasi səbəblərdən qaynaqlanmayıb, amma həbsləri sifarişlidir, ya da ədalətli məhkəmə araşdırması olmayıb. Məsələn, məhbuslar arasında Renat Yusufov var, orduda maliyyə pozuntuları ilə bağlı bir neçə adam həbs olunub, onlardan biri də Renat Yusufovdur. Onun bu məsələdə iştirakı az olsa da, bu işdə əsas fiqurlar azadlığa buraxılıb, ancaq o, hələ də həbsdədir. Belə nümunələr var.

BBC: Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda insan haqları sahəsində vəziyyətin daha da pisləşdiyini deyirlər. Siz nə düşünürsüz?

- Əgər Azərbaycanda həbsxanalarda günahsız adamlar çoxdursa, bu, ölkədə insan haqlarının vəziyyətini göstərir. Ümumi, cəmiyyətdə laqeydlik var. Cəmiyyəti sındıra-sındıra gedirlər, buna son qoyulmalıdır, çünki hakimiyyətdə olanlar anlamalıdırlar ki, cəmiyyət bununla uçuruma gedə bilər. Cahillik inkişaf edir. Vətəndaş maarifləndirmə işləri aparırdı, cəmiyyətin səviyyəsini qaldırmağa çalışırdı. Amma indi bu mümkün deyil. Regionlarda işləməyə imkan vermirlər. Yalnız müəyyən qruplara işləməyə icazə verirlər. Amma bu, cəmiyyəti çox geri atır.

BBC: Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günündə prezidetin əfv verməsi ənənəsi var. Əfv gözləyirsizmi?

- Bəli, gözləyirəm. Ümid edirəm ki, burda məntiq və ədalət gözlənəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş