Azərbaycan: gələcəkdə meyit orqanları da köçürülə bilər

böyrək Fotonun müəllifi SPL
Image caption Mircəlal Kazimi: "Orqanın yaşı yoxdur"

Azərbaycanda 2008-ci ildən indiyə kimi 500-dən çox orqan transplantasiyası aparılıb.

Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi BBC Azərbaycancaya müsahibəsində bildirib. O deyib ki, Azərbaycanda orqan transplantasiyasının əsası 1970-ci illərin əsasında qoyulsa da, inkişaf etməyib:

- 1971-72-ci illərdə ilk dəfə akademik Cavadzadə böyrək köçürülməsi əməliyyatını edib.

Ancaq sonradan bəzi səbəblərdən bu proses dayanıb. 2000-ci illərin əvvəllərində doktor Kamal Abdullayev xarici mütəxəssislərlə birgə böyrək köçürməsi əməliyyatı aparıb.

Ancaq bu əməliyyatlaırn da davamı olmayıb. Mütəmadi orqan transplantasiyasına 2008-ci ildən başlanıb.

Biz ilk dəfə qaraciyər transplantasiyasını həyata keçirdik və bundan sonra həm böyrək, həm də qaraciyər köçürmələrinə başladıq. İndiyə kimi 500-dən çox böyrək və qaraciyər transplantasiyası aparmışıq.

BBC: Əməliyyatlarınız böyük faizlə necə nəticələnir? Yəni xəstələrin həyatda qalma şansları nə qədərdi?

- Əməliyyat etdiyimiz xəstələrin təxminən 90 faizi yaşayır.

BBC: Orqan transplantasiyası üçün yaşın əhəmiyyəti varmı?

- Yaşının əhəmiyyəti yoxdur, əsas xəstənin səhhəti, əməliyyata əks-göstəriş olub-olmamasıdır. Yəni istər 15, istər 75 yaşlı xəstə mütləq müəyyən həkimlərin nəzarətindən keçməli və əməliyyatla bağlı tibbi rəy almalıdırlar.

Donorların yaşına gəlincə, qaraciyər köçürməsi üçün canlı donorların yaşının 18-57 yaş, böyrək donorları üçün 18-76 yaş arası götürülür. Təcrübəmizdə ən yaşlı donor 75 yaşlı olub. Qadınıydı, öz böyrəyini qızına vermişdi.

Fotonun müəllifi mnxhospital.com
Image caption Mərkəzi Neftçilər Xəstəxanasında 2008-ci ildən bəri 500-dən çox böyrək və qaraciyər köçürülməsi əməliyyatı aparılıb

BBC: Bəs orqanın yaşı varmı?

- Bu sualla tez-tez qarşılaşırıq. Xeyr, orqanın yaşı yoxdur. Sadəcə, əməliyyatdan qabaq orqanın funksionallığı yoxlanır. Əgər tələblərə cavab verirsə, köçürmə üçün uyğun sayılır.

BBC: Azərbaycanda donor çatışmazlığı yaşanırmı?

- Bu, bütün dünya üçün problemdir. Çünki donorlar və xəstələrin sayı tərs mütənasibdir. Xəstələrin sayı artır, donorların sayı isə məhduddur. Bu tərsmütənasibliyi aradan qaldırmaq üçün alternativ üsullar var.

Bu da meyitlərdən orqan götürülməsidir. Təəssüf ki, biz indi yalnız qohumlardan orqan götürə bilirik. Bir yeniliyimiz odur ki, donor çatışmazlığını aradan qaldırmaq üçün çarpaz orqan transplantasiyasını icra etdik. Yəni xəstələr öz aralarında qan qruplarına uyğun olacaq şəkildə donorlarını dəyişdirdilər.

İki xəstəmiz vardı, donorların həyat yoldaşları idi, amma qan qrupları üst-üstə düşmürdü, ona görə donorlar yerlərini dəyişdilər.

Hazırda bu üsulla əməliyyata hazırlaşan daha 3 xəstəmiz var.

Onu da əlavə edim ki, hazırda ehtiyacı olan xəstələrə dövlət tərəfindən meyit orqanlarının köçürülməsini nəzərdə tutan konsepsiya hazırlanır.

BBC: Azərbaycanda orqan transplantasiyasında ixtisaslaşan həkimlər kifayət qədərdimi?

- Hazırda orqan transplantasiyası yalnız bizim xəstəxanada aparılır, həkim komandamız var, inanıram ki, bu sahədə ixtisaslaşan həkimlərin sayı artacaq.

BBC: Bəs bu əməliyyatlar xəstəyə neçəyə başa gəlir?

- Bu barədə ehtiyacı olanlar xəstəxana ilə əlaqə saxlayıb qiymətlərlə maraqlana bilərlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş