Sizin şikayət məktublarınız: "Eşitmə aparatını taxdım, başımda ağrılar oldu"

Şəki
Image caption Şəki

"Protez-Ortopedik Bərpa Mərkəzindən aldığım eşitmə aparatı, qulaqcıq bir müddət işlətdikdən sonra başımda ağrılar oldu", 53 yaşlı Şəki sakini Rəhimə Novruzəliyeva BBC Azərbaycancaya bildirib.

II qrup əlil olduğunu deyən Rəhimə Novruzəliyevanın sözlərinə görə, o, bir dəfə Bərpa Mərkəzindən cihaz alıb. Ancaq sonuncu dəfə problemlə üzləşib:

"Əlilliyimlə bağlı 55 manat təqaüd alıram, bu pul imkan vermir ki, tez-tez Bakıya gedib cihazı dəyişim", o şikayətlənir.

"Kitab mağazası açmaq istəyirdim"

Rəhimə Novruzəliyeva deyir ki, eşitmə qabiliyyətini itirdiyinə görə uzun müddətdir əmək fəaliyyəti də göstərə bilmir.

Amma eşitmə cihazına sahib olması onu həvəsləndirib ki, əmək fəaliyyətini bərpa etsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin işsizlərin iş yeri yaradılması ilə bağlı kiçik qrant layihəsinə qoşulmaq istəyib:

"Şəkidə kitab mağazasının açılması təklifi ilə yerli məşğulluq mərkəzinə müraciət etdim, sənədlərini verdim. Mənə dedilər ki, bu il üçün nəzərdə tutulan layihədə iştirak edə biləcəm, amma sonra eşitdim ki, mən layihədən kənarda qalacam".

"Kitab mağazası əlavə dəyər yaratmır"

BBC Azərbaycanca Rəhimə Novruzəliyevanın şikayətlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab istəyib.

Nazirliyin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elman Babayev bildirdi ki, onlar Rəhimə Novruzəliyevanın şikayətindən xəbərdardılar.

"Rəhimə xanım kitab mağazası açmaq istəyirdi, amma bu, ticarət sayılır və dövlət proqramının profilinə uyğun deyil, əlavə dəyər yaratmır. Bu səbəbdən də onun işi qəbul olunmayıb. Əgər Rəhimə Novruzəliyeva əlavə dəyər yaradacaq layihə ilə müraciət edərsə, onun işi qəbul olunar".

"Aparatı dəyişdirə bilər"

Elman Babayev Rəhimə Novruzəliyevanın eşitmə cihazı ilə bağlı şikayətinə də aydınlıq gətirib.

O deyir ki, şikayətçi iki dəfə eşitmə cihazı ilə təmin olunub, amma sonuncu dəfə cihazı alandan bir müddət sonra qulaqcığın onun səhhətinə pis təsirindən şikayətlənib:

"Rəhimə Novruzəliyeva istənilən vaxt Bakıya gələ və yenidən müayinə olunub aparatı dəyişdirə bilər. Bunun üçün nazirlik onun yol xərclərini də qarşılamağa hazırdır".

Qeyd: Bu yazı düzəliş edilərək yenilənib - "II qrup əlil olduğunu deyən Rəhimə Novruzəliyevanın sözlərinə görə, o, bir dəfəBərpa Mərkəzindən cihaz alıb" cümləsində "bir neçə" ifadəsi "bir" ilə əvəzlənib.

Bu barədə daha geniş