"Turan" İnformasiya Agentliyi Bakı vergi idarəsini məhkəmədə uddu

Turan

Çərşənbə axşamı günü Bakı İqtisad Məhkəməsi "Turan" İnformasiya Agentliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddiasını təmin edib.

Agentliyin vəkili Fuad Ağayev BBC Azərbaycancaya bildirib ki, məhkəmə "Turan"a qarşı agentyliyə qarşı hesablanmış vergilərə dair qərarları ləğv edib.

Fuad Ağayev deyir ki, məhz Bakı şəhəri Lokal Gəlirlər Departamentinin qərarları əsasında agentliyə qarşı cinayət işi qaldırılmış və Mehman Əliyev həbs olunmuşdu.

"İndi məhkəmənin hökmü qüvvəyə minəndən sonra Lokal Gəlirlər Departamenti artıq bu qərarlar əsasında "Turan"dan vergi borcu istəyə bilməyəcək".

Fuad Ağayev yada salır ki, Bakı şəhəri Lokal Gəlirlər Departamenti "Turan"a qarşı 35 min manatdan artıq vergilər və maliyyə sanksiyaları hesablayıb.

"Turan"ın hesabından həbs götürülüb, amma qərarlar ləğv edilməmişdi", Fuad Ağayev əlavə edib.

"Turan" agentliyinə qarşı cinayət işi avqustun 7-də açılıb. Vergilər Nazirliyi media qurumunu vergi ödəməkdən yayınmaqda ittiham edib.

Avqustun 25-də vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunan agentliyin rəhbəri, Mehman Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Turan direktoruna dair həbs qətimkan qərarı 11 sentyabrda ləğv edilib. Lakin ona qarşı qaldırılmış iş üzrə araşdırma davam edib. Mehman Əliyev ittihamları dəfələrlə rədd edib.

Turan 1990-cı ildə təsis olunub. O, həmin ərəfədə ölkədə yaradılmış ilk müstəqil informasiya agentliklərindən biri olub.

Bu barədə daha geniş