Türkiyə İran qazını dünya bazarına çıxarmaq istəyir

Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Mevlüt Çavuşoğlunun beşinci üçtərəfli görüşüdür.

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri 5-ci üçtərəfli görüşlərində Fələstin, enerji sahəsində əməkdaşlıq, iqtisadi və siyasi əlaqələrin inkişafı barədə danışıblar.

Bu həftənin çərşənbə günü keçirilən görüşdən sonra mətbuat konfransında nazirlər Suriya, Türkiyə-Ermənistan münasibətlərinə də toxunublar.

Enerji sahəsi və biznes

Hər üç ölkə enerji sahəsində əlaqələri inkişaf etdirəcək.

Elmar Məmmədyarov deyir ki, gələn ilin ikinci yarısında Azərbaycan qazını dünya bazarına çıxaracaq TANAP layihəsinin sona çatması nəzərdə tutulur, İranla isə elektrik enerjisi sahəsində əməkdaşlıq nəzərdə tutulur.

Azərbaycanlı nazirin sözlərinə görə, görüşdə ölkələr arasındakı iqtisadi ticarətdə özəl sektorun payının artırılması nəzərdə tutulur və gələn il Türkiyədə keçiriləcək üçtərəfli görüşə biznes nümayəndələri də dəvət olunacaq.

Mevlüt Çavuşoğlunun sözlərinə görə, Türkiyə həm Azərbaycan, həm də İrandan təbii qaz və neft alışını artırmaq niyyətindədir. O cümlədən, İran qazının Türkiyə vasitəsilə dünya bazarına çıxarılması yönümündə müzakirələr gedir, nazir vurğulayıb.

Ermənistan

Mevlüt Çavuşoğlu Ermənistanla münasibətlərin yaxşılaşması üçün əsas şərtin onun işğal edilən Azərbaycan torpaqlarından çıxması olduğunu deyir.

"Biz Ermənistanla bəzi şərtlər daxilində addım atmaq istədik. Əsas şərt o idi ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkiləcək, biz də əlaqələrimizi normallaşdıracağıq", Mövlud Çavuşoğlu Ermənistan və Türkiyə arasında 2009-cu ildə İsveçrədə imzalanan protokollardan danışıb.

O deyib ki, Ermənistan həmin protokolları öz Konstitusiya Məhkəməsinə təqdim edib və Konstitusiya Məhkəməsi sənədlərin bəzi önəmli maddələrini oradan çıxarıb. O, "artıq bu anlaşmanın içi boşdur, rəfə qoysa, ya ləğv etsə, nə olacaq?"

Image caption Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov- Foto:Arxiv

Ermənistan rəhbərliyi Türkiyə ilə imzalanmış protokolların gələn ilin ortalarında ləğv ediləcəyini açıqlayıb.

Qüds (Yerusəlim)

Azərbaycan, Türkiyə və İran cümə axşamı BMT-nin Baş Assambleyasının Fələstin-İsrail münasibətləri ilə bağlı qəbul edəcəyi layihəni dəstəkləyəcəklər.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, onlar ABŞ-ın Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımasını qəbul etmirlər.

"Qüdslə bağlı mövqeyi Azərbaycan prezidenti İstanbulda səsləndirib və o çağırış edib ki, ABŞ bu məsələyə bir daha baxsın. Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətin 2 dövlət prinsipi ilə bağlı mövqeyi ilə üst-üstə düşür".

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu hesab edir ki, ABŞ-ın "özünqü supergüc sayması dönəmi artıq keçib, bu günün dünyası üçün keçərli deyil".

Qüdsün İsrailin paytaxtı kimi tanıma qərarına qarşı Türkiyənin ardıcıl addımlar atacaqlarını vurğulayan nazir deyib ki, artıq Fələstinin müstəqilliyi uğrunda səyləri gücləndirəcəklər.

İran da eyni mövqeyi bölüşür və nazir Məhəmməd Cavad Zərif də hesab edir ki, ABŞ Qüdslə bağlı qərarını ləğv etməlidir.

Suriya

Mevlüt Çavuşoğlunun fikrincə, Astanada terror qrupları istisna olmaqla Suriyanı təmsil edən bütün qüvvələr iştirak etməlidirlər.

O, Rusiya, İran və Türkiyənin Suriya müzakirələrində fəallıq etdiklərini diqqətə çatdıraraq bildirib ki, Astana prosesi Suriyada münaqişənin dayandırılması baxımından böyük rol oynayıb. Onun sözlərinə görə, Suriyada atəşkəs yaranıb və artıq problemin siyasi həlli tapılmalıdır:

"Suriya xalqı necə bir konstitusiya istəyirsə, elə bir konstitusiyanı da hazırlamalıdır. Bizim amacımız Suriyada xaosu bitirmək, ölkəyə təkrar sülh və sabitlik gətirmək, sərhədlərinin bütövlüyünü dəstəkləməkdir".

Bu, Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Mevlüt Çavuşoğlunun beşinci üçtərəfli görüşüdür.

Azərbaycan Türkiyə və İran dövlətləri ilə diplomatik ənənələrinə müstəqilliyinin ilk illərindən başlayıb.

Türkiyə Azərbaycanın müstəqilliyini tanımış ilk dövlətdir.

Azərbaycan İranla da bir sıra birgə iqtisadi layihələrə imza atıb.

İran və Türkiyə Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib.

Ancaq hələ də hər iki ölkənin vətəndaşlarına Azərbaycana səfər zamanı viza rejimi tətbiq olunur.

İran və Türkiyə dəfələrlə Azərbvaycandan viza rejiminin qaldırılmasını istəyib.

Azərbaycan rəsmiləri isə bu yöndə işlər getdiyini açıqlasalar da, hələ ki, konkret addımlar atılmayıb.

Bu barədə daha geniş