Xədicə İsmayıl teatra niyə buraxılmayıb?

Xədicə İsmayıl

Araşdırmaçı jurnalist Xədicə İsmayıl "Əsa" teatrının çərşənbə axşamı keçirilən tamaşasına dəvət olunsa da, içəri buraxılmayıb.

Teatrın rəhbərliyi bu hadisədən xəbərsiz olduğunu deyir.

"Əsa"nın üzvlərindən biri BBC Azərbaycancaya bildirib ki, tamaşaya ölkə prezidentinin qızı Leyla Əliyeva da gəlib, amma bu hadisənin onunla bağlı olub-olmadığını bilmirlər.

Xədicə İsmayıl deyir ki, o, tamaşaya dəvət olunub.

"Mən də dostlarımla tamaşaya getdim, amma qapıda mənə "Əsa"nın adını çəkmək istəmədiyim bir işçisi yaxınlaşıb dedi ki, birinci vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev mənim tamaşada iştirak etməyimi istəməyib. Mənə dedilər ki, əgər çıxıb getməsəm, tamaşa ləğv olunacaq", BBC Azərbaycancaya danışan jurnalist bildirir.

Xədicə İsmayıl deyir ki, uzun müddətdir tamaşaya hazırlaşan teatr kollektivinin zəhmətini yerə vurmaq istəməyib.

"Kollektivdə əlilliyi olan şəxslər aktyordur. Onlara qarşı hörmətsizlik olsun, istəmədim".

"Əsa"nın bədii rəhbəri Nihad Qulamzadə BBC Azərbaycancaya hadisədən xəbəri olmadığını, sonradan baş verənlər barədə sosial şəbəkələrdə oxuduğunu deyir.

"Biz tamaşaya hazırlaşırdıq. Qonaqları qəbul edənlər Opera və Balet Teatrının işçiləri olub".

Opera və Balet Teatrından isə BBC Azərbaycancaya deyiblər ki, onlar belə bir hadisənin şahidi olublar, ancaq biletləri və dəvətnamələri qapıda "Əsa"nın işçiləri yoxlayıb.

Teatrdan deyiblər ki, onlar zalı "Əsa"ya icarəyə veriblər və nə biletlərin satışına, nə də dəvətnamələrə qarışıblar.

Yerli saytlar xəbər verir ki, çərşənbə axşamı günü Con Steynbekin "Siçanlar və adamlar" əsəri əsasında səhnələşdirilən tamaşanın nümayişində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və nazirliklərdən rəsmi şəxslər iştirak ediblər.

Bu barədə daha geniş