Turizm sənayesi: "Qara siyahı" hazırlanıb

Qosha qulleler

Azərbaycanda turizm sənayesi iştirakçıları üçün "qara siyahı" hazırlanıb, Azərbaycan Turizm Assosiasiyası bildirir.

Qurumun idarə heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, əsas məqsəd Assosiasiya üzvlərini dələduzluqla məşğul olan, xoşagəlməz hallara yol verən turizm sənayesi iştirakçıları barədə məlumatlandırmaqdır.

"Siyahıya düzgün xidmət göstərməyən, vətəndaşlarla düzgün rəftar etməyən, Azərbaycanın turizm imicinə ləkə gətirən hər bir qurum daxil ola bilər", o, BBC Azərbaycancaya bildirib.

Amma siyahı ictimaiyyət üçün açıq deyil və yalnız Assosiasiyanın üzvləri üçün nəzərdə tutulub.

Artıq "qara siyahı"ya düşənlər var

"Qara siyahı"da artıq 10 fiziki və hüquqi şəxsin adı salınıb, Nahid Bağırov deyir, ancaq təfərrüata varmır.

"Qara siyahı"ya düşən fiziki və hüquqi şəxslər burada "minimum bir il müddətinə" qalmalıdırlar və bu müddət keçdikdən onlar siyahıdan çıxmaq üçün müraciət edə bilərlər.

Siyahıya düşənlər arasında müştərilər də var. Sədr detalları açıqlamasa da, siyahıda hələ ki, iri otellərin və restoranların olmadığını deyir.

Lakin o, restoranlarla bağlı ayrıca siyahının hazırlana biləcəyini də vurğulayıb.

Assosiasiya rəhbəri şirkət və ya şəxsin adını siyahıya salmazdan öncə gələn şikayətləri araşdırır.

"Siyahıya yerli təşkilatlarla yanaşı, xaricdə xidmət göstərən turizm şirkətləri də daxil edilə bilər", cənab Bağırov deyir.

Onun sözlərinə görə, bu Assosiasiya üzvlərinə imkan verəcək ki, "kiminlə işləyib, kiminlə işləməməyi" müəyyən etsinlər.

Cənab Bağırov gələcəkdə ictimaiyyət üçün nəzərdə tutulacaq eyni tipli siyahının yaradılmasının isə hüquqi cəhətdən mümkün olmayacağını deyir.

Azərbaycan Turizm Assosiasiyası ictimai birlikdir, 2009-cu ildən fəaliyyət göstərir.

Qurum Ümumdünya Turizm Təşkilatının üzvüdür.

Bu barədə daha geniş