Göyçayda məktəb direktorunun özünə sui-qəsd etməsi hadisəsini prokurorluq araşdırır

Göyçay

Göyçay şəhər 9 saylı orta məktəbin direktoru Akif Qəribov intihara cəhd göstərib.

Baş prokurorluğun yaydığı məlumatda belə deyilir. Respublika Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC Azərbaycancaya deyib ki, özünü öldürmə həddinə çatdırma ilə bağlı cinayət işi qaldırılıb.

"Hadisənin səbəbləri araşdırılır", o deyib.

"Atam özünə gəlib"

Hadisə məktəbdə baş verib. Onun damarını kəsdiyi deyilir. Akif Qəribovun oğlu Röyal Qəribzadə BBC Azərbaycancaya bildirib ki, o, hadisəni eşidən kimi Bakıdan Göyçaya gedib:

"Təzə gəlmişəm, atamın niyə belə etdiyini hələ bilmirəm".

Röyal Qəribzadə atasının özünə gəldiyini, vəziyətinin nisbətən yaxşılaşdığını deyib. Onun sözlərinə görə, Akif Qəribov 18 ildir ki, məktəb direktorudur, iş kollektivi ilə münasibətində problemlər yaşamayıb. Röyal Qəribzadə ailəsinin maddi sıxıntısısı olub-olmadığını bilmədiyini deyir:

"Olsa, bəlkə mənə deməzlər ki, fikir çəkərəm".

"Məktəb direktorlarına yüksək məbləğdə pul verməsi tələbi qoyulub"

Hüquq müdafiəçisi Taleh Xasməmmədov BBC Azərbaycancaya bildirib ki, Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib:

"Məndə olan məlumata görə, rayondakı məktəblərə 15-20 min manat ödəməsi tələbi qoyulub. Direktorlar da bu pulu toplamaq üçün müəllimlrin maaşından tutmalıdır".

Taleh Xasməmmədov Göyçayda bu gün başqa bir məktəb direktorunun vəfat etməsinə diqqət çəkir:

"Çayarxı kənd ümumi məktəbin direktoru Mübariz Şamilovun ürəyi tutub. Bakiya gətiriblər, amma burda həyatını xilas edə bilməyiblər. Ondan da böyük məbləğdə pul tələb olunub".

Prokurorluq rüşvət iddiasına hələ ki, münasibət bildirməyib, daha doğrusu, Akif Qəribovun intihara cəhdinin səbəblərini araşdırdırdığını vurğulayır.

İstintaq iki hadisə arasında əlaqə axtarırmı?

Respublika Prokurorluğunun mətbuat xidmtətinin rəhbəri Eldar Sultanov BBC Azərbaycancaya ikinci hadisə ilə bağlı cinayət işinin açılmadığını deyib. Ancaq o, məktəb direktorlarının hadisəsi arasında istintaqın əlaqə axtarıb-axtarmayacağını araşdıracağını deyib.

Təhsil Nazirliyindən BBC Azərbaycancaya bildiriblər ki, hüquq-mühafizə orqanları faktı araşdırdığından onlar indi bir söz deyə bilməzlər.

Bu barədə daha geniş