Əmanətlərin Sığortalanması Fondu: "DəmirBank" əmanətçilərinin pulunu qaytarmaq üçün vəsaitimiz yetərincədir

DəmirBank
Image caption Maliyyə Bazarına Nəzarət Palatası "DəmirBank"ın lisenziyasını geri alıb.

Maliyyə Bazarına Nəzarət Palatası (MBNP) "DəmirBank"ın lisenziyasını geri alıb.

Əmanətlərin Sığortalanması Fondundan BBC Azərbaycancaya deyiblər ki, əmanətçilərə əmanətlərinin qorunan hissəsini qaytarmaq üçün vəsaitləri yetərincədir.

Ekspertlər bankların bağlanma prosesinin davam edəcəyi proqnozunu verirlər.

MBNP Direktorlar Şurası dekabrın 22-də "DəmirBank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) lisenziyasının ləğvi barədə qərar verib.

Səbəb kimi isə bankın məcmu kapitalının həcminin banklar üçün müəyyən edilmiş 50 milyon manatdan az olması və kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilməməsi göstərilib.

"Digər öhdəliklər də yerinə yetiriləcək"

"DəmirBank"ın rəsmi Facebook hesabında müştərilərə ünvanlanan müraciətdə bankın bağlanması təsdiqlənib. Bildirilib ki, müştərilərin qorunan əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödəniləcək.

Bank vurğulayıb ki, digər öhdəliklər də qanunvericiliyə uyğun şəkildə növbəli olaraq yerinə yetiriləcək.

Ancaq bu öhdəliklər detallı göstərilməyib.

"Vəsaitimiz var"

Əmanətlərin Sığortalanmasi Fondundan BBC Azərbaycancaya bildirilib ki, fondun əmanətləri qaytarması üçün kifayət qədər vəsaiti var.

Fondun mətbuat xidmətindən o da bildirilib ki, "Dəmirbank" ASC-in quruma üzv bankların reyestrindən çixarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib"

Ancaq Fond əmanətçilərə qaytaracağı vəsaitin məbləğini açıqlamayıb.

Bankı bağlanmağa aparan səbbələr...

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "DəmirBank"ın bağlanmasını gözləyirdi. O əlavə edir ki, ölkədə bankların bağlanması prosesi davam edə bilər:

"Əksər bankların vəziyyəti ağırdır. MBNP həm əhalinin, həm də dövlət rəhbərliyinin gözündən xeyli müddətdir pərdə asırdı. Guya ki, sabitləşmə baş verib, vəziyyət düzəlib. Palata vaxt udurdu, bu isə sonda vaxt itkisi oldu".

2015-ci ilin fevralında manatın dollara nisbətdə xeyli ucuzlaşması, əsasən bank sektorunu silkələdi, 15-ə yaxın bank ya bağlandı, ya da birləşdi. Əhali yaranan çaşqınlıq nəticəsində əmanətini bankdan götürməyə çalışdı, ancaq son bir ildə neftin qiymətinin dünya bazarında 60 dollar civarında saxlanması yerli valyutanı dollara nisbətdə ucuzlaşmasının qarsısını alıb, bu isə maliyyə bazarında nisbətən stabillik yaratmışdı, müstəqil ekspertlər bildiriblər.

Ancaq Əkrəm Həsənov deyir ki, "DəmirBank"ın bağlanmasında rol oynayan bir neçə səbəb həlledilməmiş qaldığından bu qərar gözlənən idi:

"Problemli kreditlər artmışdı, səmərəsiz kredit portfeli yüksək idi, devalivasiya və ölkədə olan iqtisadi böhran da bankın vəziyyətini ağırlaşdırdı".

Əkrəm Həsənov taleyini "DəmirBank"la bölüşəcək maliyyə qurumlarının hələ də qaldığını vurğulayır.

"Onların aqibəti yerli və xarici səhmdarlarından asılıdır", o deyir.

"DəmirBank"ın saytında göstərilib ki, qurumun investorları arasında ən böyük paya sahib Avropa Yenidənqurma İnkişaf Bankıdır. Onun sərmayə portfelindəki çəkisi 25 faizdir.

2017-ci ilin son rübünə olan hesabatda isə bankın 20 milyondan çox zərəri olduğu göstərilib.

"Yerli səhm bazarına inam azalır"

Qiymətli kağızlar üzrə ekspert Hafiz Babalı isə deyir ki, "DəmirBank"ın bağlanması yerli səhm bazarına inamı sarsıtdı, çünki "bu bank Beynəlxalq Bankdan sonra ən çox səhmdarı olan bank idi".

Hafiz Babalının sözlərinə görə, "bir neçə il əvvəl bankın səhmləri 1 manata alınıb satılırdı. Hətta evlərini və mülklərini satıb səhmləri alanlar da var idi. Sonra qiymət kəskin azaldı və nominalın altına düşdü. Amma kiçik səhm sahibləri hələ ümidlərini üzməmişdilər. Bankın bağlanması ilə həmin səhmdarlar da bir az müflisləşdilər".

BBC Azərbaycanca MBNP ilə əlaqə saxlaya bilməyib.

Bu barədə daha geniş