2017-ci il: Mehriban Əliyevanın vitse-prezidentliyi, "Azərbaycan camaşırxanası", Əfqan Muxtarlının həbsi, "Qarabağ"ın uğuru və ilin digər mühüm hadisələri

Mehriban Əliyeva Fotonun müəllifi MEHRİBAN-ALİYEVA.AZ
Image caption İlin ən önəmli hadisəsi ölkənin birinci ledisinin birinci vitse-prezident təyin edilməsi oldu

Birinci ledi 1-ci vitse-prezident oldu

İlin ən önəmli hadisəsi ölkənin birinci ledisinin birinci vitse-prezident təyin edilməsi oldu. Prezident İlham Əliyev xanımını bu posta bu ilin fevralında təyin etdi.

Mehriban Əliyevanın bu posta yolunu 2016-cı ilin sonlarında keçirilən Konstitusiayaya dəyişikliklər açmışdı: Ölkə müxalifəti tənqid etsə də, referendum keçirildi və vitse-prezidentlik institutu yaradıldı.

"...Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır", - bu sözləri İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban Əliyevanı yeni postunda təqdim edərkən demişdi.

53 yaşlı, 4 nəvəsi olan Mehriban Əliyeva birinci vitse-prezident postunda hələ ki, öz komandasını formalaşdırır. Onun artıq 2 müavini, 4 köməkçisi və bir aparat rəhbəri var. Aparatdakı digər işçilərin sayı barədə məlumat yoxdur.

Cəmiyyətdə Mehriban Əliyevanın özünə yaratdığı komandayla gələn ilki prezident seçkilərinə gedəcəyi ilə bağlı söz-söhbət dolaşsa da, hələ ki, hakim partiya bunu ya təkzib, ya təsdiq edən rəsmi açıqlama verməyib.

Əliyevanın komandası ilə bağlı ictimaiyyətdə yayılan əsas epitetlər onların "korrupsiyaya bulaşmamış", "rüşvət almamış", "yüksək təhsilli" və "gənc kadr" olmasıdır.

Ancaq bir neçə gün öncə sosial şəbəkələrdə Mehriban Əliyevanın köməkcilərindən birinin hakimiyyəti tənqidi ilə tanınan araşdırmaçı jurnalist Xədicə İsmayılın dəvət olunduğu tamaşaya buraxılmamasına göstəriş verməsi geniş müzakirə doğurdu.

Birinci vitse-prezident aparatından bu hadisəyə münasibət hələ ki, bildirilməyib.

Vitse-prezidentlik institutuna gəlincə, prezident digər vitse-prezidentləri hələlik təyin etməyib.

Fotonun müəllifi Getty Images
Image caption Hesabatda fond ilə Azərbaycan prezidenti İlham Əliyev və onun ailə üzvləri arasındakı əlaqəni göstərən dəlillərin mövcud olduğu iddia edilir

"Azərbaycan Camaşırxanası"

İlin ən qalmaqallı hadisəsi sərhədləri aşmış, daha doğrusu, səsi Avropadan çıxmış və elə Avropanı da silkələmişdi.

Söhbət "Azərbaycan Camaşırxanası" ("Azerbaijani Laundromat") adlı araşdırmadan gedir.

Gizli fond ilə bağlı araşdırma Avropa qəzetləri konsorsiumu tərəfindən aparılmış və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən dərc edilmişdi. "Azerbaijani Laundromat" 2012 və 2014-cü illər arasında fəaliyyəti göstərib, OCCRP yazıb.

Tədqiqatda iddia edilib ki, Azərbaycanın hakim elitası bu dövrdə 2.8 milyard dolları gizli şəkildə avropalı siyasətçilərə xərcləmək və onlara bahalı hədiyyələr almaq üçün istifadə edib. Pulu əldə edənlər arasında Azərbaycan hökumətinə qarşı rəğbət nümayiş etdirən avropalı siyasətçilərin də olduğu göstərilirdi.

OCCRP-nın məlumatına görə, Azərbaycanın hakim elitası pulun mənbəyini gizlətmək üçün sahibləri bilinməyən "shell" və ya qabıq şirkətlərdən istifadə edərək məbləği ötürüb. Pulun böyük hissəsi, deyilənlərə görə, avropalı siyasətçilər, lobbiçilər, jurnalistlər və biznesmenlərə ödənib.

Fondun fəaliyyətdə olduğu iddia edilən dövrdə, Azərbaycan sistematik korrupsiya, seçki saxtakarlığı, müxalif siyasətçilər, insan haqları fəalları və jurnalistləri həbs etməkdə təqsirləndirilib.

Ancaq Azərbaycan höküməti bu araşdırma ilə əlaqəli iddiaları rədd edib.

Prezident Adminstrasiyası verdiyi bəyanatda deyib ki, "nə Azərbaycan Respublikasının Prezidenti, nə də onun ailə üzvlərinin adıçəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur. Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır".

Fotonun müəllifi COUNCİL OF EUROPE
Image caption Avropa Şurası Nazirlər Komitəsi

Azərbaycan-Avropa Şurası: Gərginləşən münasibətlər

"Azərbaycan Camaşırxanası" ortaya çıxandan sonra onsuz da tez-tez insan haqları və demokratik prinsiplərin pozulması tənqidləri ilə, o cümlədən, avropalı siyasətçiləri ələ almaq itithamları ilə üzləşən Azərbaycanın Avropa Şurası ilə münasibətləri kəskinləşdi.

Azərbaycan bu qurumun 16 illik üzvlüyü tarixində ilk dəfə AŞPA-dan çıxma təhlükəsi qarşısında qaldı. Düzdür, bu "qaynar ocağa yağı", həm də REAL hərəkatının lideri İlqar Məmmədovun həbsdən azad edilməməsi tökdü, ancaq korrupsiya ittihamları Avropa Şurasını daha ciddi davranmağa məcbur etdi. Qurum iddiaları araşdırmaq üçün müstəqil xarici istintaq qurumu yaratdı.

Qurumun monitorinq komitəsinin hazırladığı "İnsan hüquqları barədə nə etməli?" adlı hesabata belə bir bənd əlavə edildi: "Azərbaycanın Avropa Şurasının əsas qurumlarının dürüstlüyünə rüşvət və korrupsiya vasitəsilə sistematik şəkildə ziyan vurmasına dair iddialara artıq göz yummaq mümkün deyil".

AŞ-ın Baş katibi Thorbjorn Jagland Azərbaycana qarşı "misli görünməmiş hüquqi addımın" atılmasına çağırış etdi. Təhlilçilər bu çağırışı "üzvlükdən çıxarma" və ya "səsvermə hüququnun məhdudlaşdırılması" kimi izah etdilər.

Azərbaycan hakimiyyəti isə korrupsuya ittihamlarını rədd edir, insan haqlarının pozulması tənqidlərini qərəzli sayıb.

Hətta Azərbaycanın Avropa Şurasından çıxarılacağı halda "dünyanın dağılmayacağını, problem də olmayacağını" bəyan etdi.

Bu il "Şərq Tərəfdaşlığı" layihəsi çərçivəsində keçirilən sammitə qatılan Azərbaycan, Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə etsə də, gələn ili Avropa Şurası ilə gərgin münasibətlər və üzvlükdən xaric olma təhlükəsi ilə qarşılayır.

Image caption Əfqan Muxtarlı "xarici pasportu" olmadan Azərbaycanda peyda oldu və həbs edildi

Əfqan Muxtarlı həbs edildi

Bu il indiyədək daha çox Avropanın qapılarının üzünə açdığı qonşu Gürcüstanda daxil siyasi qalmaqal yaradan, onun "bir Avropa ölkəsi" imicinə zərbə vuran hadisə baş verdi: Tbilisidə yaşayan jurnalist Əfqan Muxtarlı "xarici pasportu" olmadan Azərbaycanda peyda oldu və həbs edildi.

Azərbaycan rəsmiləri yaydıqları bəyanatda Əfqan Muxtarlının mayın 29-da sərhəddi qanunsuz keçdiyi və üzərində 10 min avro pul tapıldığını bəyan etdi.

Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva isə həyat yoldaşının günorta çağı küçədən "oğurlandığını" və "başına torba keçirilərək zorla sərhəddən keçirildiyini" açıqladı.

Gürcüstan siyasi elitası, ictimaiyyəti bu olaya görə uzun müddət çalxalandı, ölkə prezidenti məsələyə münasibət bildirdi, baş nazir hakimiyyətin bu işdə əli olması iddialarını rədd etdi. Amma Gürcüstanın Sərhəd Polisi və Əks-kəşfiyyat Departamentinin başçıları müvəqqəti vəzifədən kənarlaşdırıldı.

Gürcüstan hakimiyyəti israrla bu işdən xəbəri olmadığı dediyi bir vaxtda Azadlıq Radiosuna verdiyi müsahibəsində Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov bildirdi ki, "Azərbaycanın Gürcüstanla birgə belə bir addım atması xüsusi-xidmət orqanlarının fəaliyyətinin nəticəsidir... Təhlükəsizlik prinsiplərinə uyğun olaraq, Əfqan Muxtarlının Azərbaycana gətirilməsi bu şəkildə reallaşdırılıb".

Düzdür, deputatın bu açıqlamasından sonra hər iki ölkənin hüquq-mühafizə orqanları bəyanat yayaraq, bunun həqiqət olmadığını söyləsə də, artıq məhkəməsi başlayan Əfqan Muxtarlı israrla "Tbilisinin ortasında gürcü polislərinin onu oğurladığı"nı bildirir.

Fotonun müəllifi AzerTAG
Image caption 30 oktyabr 2017. İlk Bakı-Tbilisi-Qars qatarı yola düşdü

Bakı-Tbilisi-Qars qatarı: gözləntilər böyükdür

Nəhayət, uzun gözləntidən sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə ilk qatar yola düşdü. Oktyabrın 30-da bu tarixi layihəyə imza atıldı. "Tarixi layihə" həm əhəmiyyətinə görə məzaci, həm də tikilməsinin çəkdiyi müddətə görə hərfi mənanı özündə ehtiva edə bilər: 640 milyondan çox dolların xərcləndiyi bu layihə 13 il əvəl imzalansa da, işə düşməsi ildən-ilə ertələnirdi.

Azərbaycan neftinin gəlirləri hesabına tikilən dəmiryolu həm yük, həm də sərnişin daşınması üçün nəzərdə tutulub. Əsasən, beynəlxalq tranzitə hesablanan dəmiryolu xəttinin əhəmiyyətini Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri çox yüksək dəyərləndirir.

Ancaq əksinə, iqtisadçı tənqidçilərin bu layihədən iqtisadi gözləntiləri elə də çox deyil, onlar hesab edirlər ki, yüz milyonları "udan" bu layihənin gətirəcəyi illik gəlirin "sıfırları" o qədər də çox olmayacaq.

Fotonun müəllifi MAXIMOV/AFP/Getty Images
Image caption Qarabağda azərbaycanlı əsgərlər (18 oktyabr 1992)

Dağlıq Qarabağ münaqişəsi: görüş var, nəticə yoxdur

2017-ci il Dağlıq Qarabağ danşıqlarında ən uğursuz illərdən biri kimi qiymətləndirilə bilər.

Azərbaycan prezidenti İlham Əliyev erməni həmkarı Serj Sarkisyanla bu ilin oktyabrında Cenevrədə görüşsələr də, münaqişənin həllində heç bir irəliləyiş olmayıb.

Bu il həm Azərbaycana, həm Ermənistana səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin tezliklə tənzimlənməsi imkanına dair xüsusi nikbinlik hiss etmədiyi təəssüratını bölüşüb.

O, Qarabağ münaqişəsinin tənzimlənməsi üçün bütün komponentlərin mövcud olduğunu, vahid paketə toplandığı və danışıqlar masasında olduğunu bildirib. Lakin bu komponentlərdən "biri, ya ikisini götürüb, onların əsasında" razılığa gəlmək çətindir, o deyib.

Fotonun müəllifi Getty Images
Image caption İlk dəfə Çempionlar Liqasına çıxan Azərbaycan futbol klubu "Qarabağ" oldu.

Sevinc yaşadan "Qarabağ" futbol klubu

Dağlıq Qarabağ danışıqları bu il pessimist notlara köklənsə də, "Qarabağ" futbol klubu ölkə futbol cameəsini canlandırmağı bacardı: İlk dəfə Çempionlar Liqasına çıxan Azərbaycan futbol klubu məhz "Qarabağ" oldu.

"Qarabağ" avqustun 23-də Danimarkanın København klubu ilə matçdan sonra UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi.

Püşkatmada "C" qrupuna düşən klub dünyanın güclü futbol komandaları ilə rəqib oldu: İngiltərənin Chelsea, Madridin "Atletiko", İtaliyanın "Roma" klubları "Qarabağ"la oynamaq üçün Bakıya gəldilər. Bu, o klubların azarkeşləri üçün də bir bayram oldu: illərlə uzaqdan izlədikləri oyunçuları canlı görə bildilər.

Klubun məşqçisi Qurban Qurbanov hesab edir ki, "Qarabağ" oyunları uduzsa belə, güclü rəqiblərə qarşı "əzmlə oynadı".

"Qarabağ"ın Çempionlar Liqasına qədər gedib çıxa bilmə uğuru onun məşqçisini də Azərbaycanın milli yığmasının baş məşqçisi postuna gətirdi.

Fotonun müəllifi APA
Image caption Akif Çovdarov 12 il azadlıqdan məhrum edildi

MTN generalının 12 illik həbsi

İlin maraqla izlənən hadisələrindən biri də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generallarının məhkəməsi oldu. Xüsusilə, MTN-nin yüksək vəzifəli şəxsi Akif Çovdarovla bağlı epizodlar diqqət çəkdi. Çünki onun adı ictimaiyyətə 2008-ci illərdən tanış idi və "Azadlıq" qəzetinin o vaxtkı müxbiri Aqil Xəliin Bakıda "Zeytunluq bağı" ərazisində döyülməsi Akif Çovdarova bağlanmışdı.

Hərçənd Baş Prokurorluq həmin vaxt məlumat yayaraq Akif Çovdarovun istintaqda şahid kimi dindirildiyini və faktın təkzib olunduğunu desə də, MTN məsələsi gündəmə gələn kimi yerli media məhz bu olayı xatırladı.

Akif Çovdarov ötən il həbs olunsa da, istintaq-məhkəmə dövrü 2 ilə yaxın çəkib.

Xidmət müddəti ərzində 19 dəfə müxtəlif növ mükafatlara layiq görülən, bir orden, iki medalla təltif edilən, general-mayor rütbəsinədək qalxan Akif Çovdarov sahibkarlara qarşı təzyiqlərdə, onları hədələmədə, kobud rəftarda, vəzifə səlahiyyətlərini aşmada ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Akif Çovdarov məhkəmə boyu ayrı-ayrı epizodların bəzisini təkzib edib, bəzisinin də başqa cür baş verdiyini söyləyib. Keçmiş MTN-çi ona verilən ittihamların hamısını rədd edib.

Fotonun müəllifi APA
Image caption Hacı Məmmədov dekabrın əvvəlində intihar etdi

Keçmiş polisin intiharı

Bir MTN generalı həbsə göndərildi, "MTN məhbusu" olmuş keçmiş yüksək polis əməkdaşı intihar etdi. Söhbət adam oğurluğunda, adı ondan çox qətldə hallanmış və ömürlük həbs cəzasına məhkum edilmiş DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovdan gedir.

O, dekabrın əvvəlində intihar etdi. Daha doğrusu, rəsmi versiya intiharın üzərində dayandı. Müstəqil təhqiqatçılar isə buna şübhə ilə yanaşdılar. Onlar hesab edirlər ki, həbsindən sonra MTN-in ləğvinə qədər bu qurumun təcridxanasında saxlanan, nazir Eldar Mahmudovun vəzifəsiz qalmasından sonra yenidən məhkəmə prosesi istəyən Hacı Məmmədovun "danışmasını istəmədilər".

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Hacı Məmmədovun bir neçə ağır xəstəliyi olduğu və buna görə də intihar etdiyi, bunu da öz əliylə məktubda yazması açıqlaması şübhələri dağıtdımı?

Hər halda 2005-ci ilin martında Beynəlxalq Bankın o vaxtkı sədri Cahangir Hacıyevin - onun özü də indi həbsdədir - xanımı Zamirə Hacıyevanın oğurlanması ilə bağlı o zamankı MTN-in keçirdiyi "Qara kəmər" əməliyyatından sonra həbs edilən Hacı Məmmədovun "qara bioqrafiyası" uzun müddət ortada fırlanacaq: çünki onun özündən sonra MTN təcridxanasında çəkdiyi və mərhum hüquq müdafiəçisi Elçin Behbudovun "şifrəli" deyə ictimayyətə təqdim etdiyi rəsmləri qalıb.

Fotonun müəllifi Dan Mullan/ Getty
Image caption Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkə iştirak edib

Bakıda İslam Oyunları: Ən çox qızılı Azərbaycan apardı

Enişli-yoxuşlu il kimi keçən 2017 bir də Azərbaycanın çoxminli idman oyununa ev sahibliyi ilə yadda qalacaq.

Bu ilin yazında 54 ölkənin 3 mindən çox atleti IV İslam Həmrəyliyi Oyunlarına qatılmaq üçün Azərbaycana gəldi.

Gənclər və İdman Nazirliyi təkcə bilet satışından 3 milyon manat gəlir əldə etdiyini açıqlamışdı: 59 ölkədən 360 min tamaşaçıya bilet satılmışdı.

Oyunların açılış və bağlanış mərasimləri hökumətə 20 milyon manata başa gəlmişdi, rəsmilər açıqlamışdılar. Rəsmilər oyunlara, ümumilikdə 40 milyon xərcləndiyini desələr də, BBC Azərbaycancanın araşdırmasına görə, Azərbaycan son illər ev sahibliyi etdiyi Formula 1-lə bərabər IV İslam Həmrəyliyi Oyunlarına 124 milyon dollar büdcə ayırıb.

O ki qaldı medallara, yarışlarda ən çox qızıl medal Azərbaycanın payına düşdü. Azərbaycan yığması 75 qızıl, 50 gümüş, 37 bürünc medalla IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.

Bu tədbir, həmçinin yarışların keçirildiyi müddətdə ölkədə Whatsapp, Facebook Messencer, Viber, Skype, Facetime kimi virtual ünsiyyət vasitələrinin işləməməsi ilə yadda qaldı.

Bu barədə daha geniş