Fövqəladə Hallar Nazirliyi: "İtkin düşən alpinistlərin axtarışına əlavə qüvvələr cəlb olunacaq"

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
"Qrupun tərkibində kifayət qədər təcrübəli dağçılar olduğundan, ümid edirik salamatdırlar"

Bazar ertəsindən əlaqənin kəsildiyi alpinistlərin axtarışı hələ ki, müsbət nəticə verməyib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı son məlumata görə, axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.

Nazirlik bildirir ki, axtarışa cümə axşamı günü əlavə qüvvələrin, o cümlədən, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur.

Image caption Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb

İtkin düşənlərdən biri DİN-də çalışır

Tufandağda itkin düşənlərdən biri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır.

Bunu BBC Azərbaycancaya Nazirliyin mətbuat xidmətindən xəbər veriblər.

DİN-in sözçüsü Orxan Mansurzadə deyib ki, Babur Hüseynov daxili işlər orqanında işə qəbul olunmazdan əvvəl də ekstrim idmanla məşğul olurmuş.

"O, xidmətdən kənar vaxtı- istirahət günündə iki yoldaşı ilə birlikdə Qubaya gedib və dağlarda olan pis hava şəraitində itkin düşüb", Orxan Mansurzadə deyib.

Dekabrın 23-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc itkin düşüb. Onlar "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir.

Hazirda helikopterlərlə axtarış aparılır, klubdan BBC Azərbaycancaya bildiriblər.

Fotonun müəllifi B.Huseynov
Image caption "Gilavar" - hava və ekstrim idman klubunun üzvü Babur Hüseynov

Tufandağda son günlərdə şaxtalı hava şəraiti müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozlar bürosunun rəhbəri Gürşad Məmmədova BBC Azərbaycancaya bildirib ki, iki gün əvvəl havanın temperaturu mənfi 10-13 dərəcəyə düşüb, 26-da isə 17 dərəcə şaxta olub:

"Küləyin sürəti saniyədə 2-5 metrə çatıb, dünəndən isə sürət saniyədə 7-10 metrə çatıb. Amma külək bütün günü olmayıb, bəzi saatlarda zəifləyib. Havanın sonrakı bir neçə gündə də şaxtalı, küləkli olacağı gözlənir".

Fövqəladə Hallar Nazirliyinin çərşənbə günü yaydığı məlumata görə, Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib.

Fotonun müəllifi N.Bünyadov
Image caption "Gilavar" - hava və ekstrim idman klubunun üzvlərindən biri Namin Bünyatzadə

"Mən onları düşürəndən sonra rəhbərlərinə zəng edib demişdilər ki, dərədə çadır qurublar"

Xınalıqdan Rasim adlı sakin BBC Azərbaycancaya bildirib ki, dekabrın 23-də onları Tufandağ istiqamətində aparıb, sonradan onlar dəstə rəhbərlərinə dərədə olduqlarını və çadır qurduqlarını söyləyiblər.

Amma sonradan onlarla əlaqə kəsilib, - surücü deyib. O əlavə edib ki, klub üzvlərini axtaran dəstəyə bələdçilik edərək xilasediciləri gənclərin maşından düşdükləri yerə aparıb.

"Gilavar" - hava və ekstrim idman klubu Facebook səhifəsində məlumat yayaraq bildirib ki, klubun üzvləri Şahyaylaq, Mahmuddərə marşrutu üzrə hərəkət ediblər: "Dostlarımız olduqca təcrübəlidirlər və əminik ki, hər şey qaydasındadır", açıqlamada bildirilib.

Fotonun müəllifi F.Cəbrayılzadə
Image caption "Gilavar" - hava və ekstrim idman klubunun üzvlərindən biri Fəridə Cəbrayılzadə da itkin düşənlər arasındadır

Axtarışa könüllü yığırlar

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyası itkin düşmüş gənclərin axtarışı üçün könüllüləri təcili səfərbərliyə çağırır.

İlkin tibbi yardım, Xilasetmə və Qış dağçılıq təcrübələrinə malik olan könüllülərin axtarış-xilasetmə işlərinə cəlb olunması üçün sosial çəbəkədə elan elan verilib.

Məlumatı BBC Azərbaycancaya ictimai birliyin mətbuat xidmətindən təsdiq ediblər. Məsul olan Teymur Əliyev bildirib ki, bu ictimai təşəbbusdür, dövlət qurumları onsuz da öz işlərini görürlər. Məqsəd odur ki, bacarığı olan şəxslər gənclərin tapılmasına kömək etsinlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş