Sumqayıtda "Bakı çörəyi" axtaranlar

corek
Image caption Sumqayıtdakı bir neçə iri marketdə Sumqayıt zavod çörəyi satılır

"Bakı çörəyi yoxdur?" - Sumqayıt sakini marketdə satıcıdan soruşur.

"Bakı çörəyi" axtaran yalnız bu qadın deyil, BBC Azərbaycancanın müxbiri Sumqayıtdakı marketlərdən birində olduğu müddətdə eyni sualı başqa müştərilərdən də eşidir.

Hətta "Bakı çörəyinin" əvvəllər saxlanıldığı rəfi göstərərək, "indi boşdur" deyirlər.

Bazar ertəsi Bakıdan çörək daşıyan bir neçə sürücü Sumqayıtda etiraz edib.

Onların sözlərinə görə, Sumqayıtdakı marketlərə tapşırılıb ki, Bakıdan gətirilən yox, yalnız Sumqayıtda istehsal olunan çörəklər satılsın.

Binə Çörək zavodundan Sumqayıta çörək aparan işçi deyir ki, onların eşitdiyinə görə, bu qərarı Sumqayıt şəhər icra hakimiyyəti verib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti bu iddiaları təkzib edib.

Image caption Müxbirimiz Sumqayıt marketlərində Binə çörək zavoduna aid məhsul görməyib

"Hədə qorxu"

Binə Çörək zavodunun sürücüsü Sədail Babazadə BBC Azərbaycancaya deyib ki, artıq bir neçə gündür, Sumqayıtdakı marketlər Bakıdan gələn çörəkləri qəbul etmir.

"Biz də camaatdan eşitmişik ki, icra (Sumqayıt Şəhər İcra Hakimiyyəti) market rəhbərlərinə hədə-qorxu gəlir ki, Bakıdan gələn çörəyi satmasınlar".

6 ildir ki, Sumqayıt marketlərinə çörək aparan Babazadə bir neçə gündür, satış edə bilməyib. Onun sözlərinə görə, "Bakı çörəyini bayramdan əvvəl də sıxışdırıblar".

"Biz işləyə bilmirik, çörəklər maşında qalıb. Bizim çörək keyfiyyətlidir ki, vitrində qalmır, satılır", o deyir.

Cənab Babazadə, öz işlədiyi zavodun məhsullarının çəkisinin artıqlığına, paketləşdirilməsinə görə Sumqayıt zavod çörəklərindən fərqləndiyini deyir.

Image caption Sumqayıt Şəhər İcra Hakimiyyəti qadağa olmadığını deyir

"Qadağa yoxdur"

Sumqayıt Şəhər İcra Hakimiyyəti isə BBC Azərbaycacaya "heç bir qadağanın qoyulmadığını" deyir.

"Belə bir şey yoxdur. Marketlərdə istənilən marka çörək satılır", qurumun nümayəndəsi Eyvaz Qocayev deyib.

Sumqayıt Çörək Zavodundan isə şərh almaq mümkün olmayıb. Müxbirimiz zavodda olarkən ona, "rəhbər icradadır" deyilib.

Tapşırıq

Sumqayıt şəhərinin mərkəzində yerləşən bir çox market isə "heç vaxt Bakı çörəyini satmadığını" deyir.

Marketlərin əksəriyyətində müxtəlif növ lavaşlar, doğranmış pəhriz və baton çörəkləri satılsa da, Binə çörək zavodunun məhsulları gözə dəymir.

Bakıdan çörək aparılan marketlərdə isə indi ancaq Sumqayıt zavod çörəyi satılır. Bu market sahibləri "qadağadan xəbərsiz" olduqlarını bildirirlər.

Köhnəlmiş, çirkli yeşiklərdə zavod çörəyinin təhvil verildiyi bir iri market sahibi "heç bir təzyiq yoxdur" deyir.

Lakin o, kinayə ilə gülümsəyir, "var deyə bilmərəm" deyir.

Digər bir iri market işçisi qadağanı qismən təsdiqləyir. O deyir ki, onlara "müdriyyət tərəfindən tapşırılıb ki, Bakı çörəyi satılmasın".

Bu market işçisi insanların onsuz da Sumqayıt zavod çörəyini aldığını deməyi də unutmur.

Image caption Sumqayıt sakinləri Bakı çörəyini "yaxşı çörək" adlandırır

Yaxşı çörək

Müşahidələrimizə əsasən, sakinlərin heç də hamısı belə düşünmür.

Söhbətləşdiyimiz sumqayıtlıların bir çoxu Bakıdan gələn çörəyi üstün tutuqlarını deyirlər.

"Bakı çörəyi yaxşı çörəkdir" deyən kim, "Sumqayıt çörəyinin tamının turş olduğunu" deyən kim.

Bakı çörəyinin paketdə olması və keyfiyyətinin yüksək olması da ona tələbatı artır, sakinlər deyir.

Bu barədə daha geniş