İlham Əliyev: "Dünyada risklər artır, ancaq Azərbaycanda sabitlikdir"

Ilham Əliyev Fotonun müəllifi AzerTAG
Image caption Prezident İlham Əliyev yanvarın 10-da keçirdiyi Nazirlər Kabinetinin iclasında çıxış edib

"Dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir".

Prezident İlham Əliyev yanvarın 10-da keçirdiyi Nazirlər Kabinetinin iclasında bu barədə danışıb.

O bildirib ki, 2017-ci ildə iqtisadi sahədə "çox böyük uğurlar əldə edilib".

"Ümumi daxili məhsul az da olsa artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir", Əliyev bildirib.

Prezident qeyd edib ki, ötən il 30-dan çox rayona səfər edib və yerlərdə vəziyyətlə tanış olur: "Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir".

İlham Əliyev çıxışında bəzi rəqəmlər səsləndirib:

  • 2017-ci ildə 221 min yeni iş yeri açılmışdır ki, onların 177 mini daimi iş yeridir.
  • Keçən il 47 min iş yeri bağlanıb.
  • Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir.
  • Keçən ilin yekunlarına görə Azərbaycanın 93 faizi qazlaşdırılıb.
  • 100 min hektardan çox sahə suvarılmağa başlanıb.
  • Ötən il 1300 kilometr avtomobil yolu salınıb.
  • Beş yüzdən çox kəndə yeni yol salınıb.
  • 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib.
  • 2300 məcburi köçkün ailəsi yeni evlərə, mənzillərə köçürülüb.

Bakı-Tbilisi-Qarsla maraqalananlar var

Ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən danışan İlham Əliyev deyib ki, bir neçə xarici dövlətin rəhbəri ona bununla bağlı müraciət edib.

"Artıq bir neçə həmkarımla bu məsələni mən şəxsən müzakirə etmişəm. İndi müvafiq göstərişlər verilib ki, bir çox ölkələrlə işçi qrupları yaradılsın və bu xəttə qoşulmaq istəyənlərin yük potensialı təhlil edilsin".

Həmçinin bax:

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Bakı sakinləri 2017-ci ili necə xatırlayır?

"Xarici borc azalmalıdır"

Prezident vurğulayıb ki, artıq xarici borclarla bağlı siyasəti ciddiləşdirməyin vaxtı çatıb.

Onun sözlərinə görə, bundan sonrakı illərdə dövlət xarici borcunun azaldılması istiqamətində işlər aparmalıdır.

"Dünya miqyasında biz xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənik. Ancaq mən qarşıya vəzifə qoymuşam, çalışmalıyıq ki, bundan sonra xarici borcu artırmayaq, əksinə, bunu azaldaq".

2018-ci ildə...

2018-ci ildə görüləcək işlərdən danışan İlham Əliyev deyib ki, bu il "yeni köçkün şəhərcikləri, qəsəbələri" salınacaq.

"Bölgələrdə modul tipli 137 məktəb tikiləcək", deyən prezident əlavə edib ki, bu il Bakıda "təmirsiz məktəb qalmayacaq".

İlham Əliyev deyib ki, daha 6 bölgədə yeni mərkəzi rayon xəstəxanası istifadəyə veriləcək.

Bu barədə daha geniş