İtkin alpinistlər: Niyə axtarışa iki gün sonra başlanıb və digər suallar

cover
Image caption İtkin düşən alpinistlərdən hələ ki, xəbər yoxdur

İki həftədir ki, Tufandağda itkin düşən alpinistlərdən hələ də xəbər yoxdur.

Axtarışla bağlı yaradılan Əməliyyat Qərargahının rəsmiləri keçirdikləri mətbuat konfransında onlar tapılana qədər axtarışa davam edəcəklərini bildiriblər.

Faktla bağlı cinayət işi qaldırılıb, amma detallı məlumat hələ ki, açıqlanmır.

Bəzi alpinistlər itkin həmkarlarının belə bir yola çıxmaq üçün yetərli təcrübəsi olmadıqlarını iddia edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəyan edir ki, belə səfərlərə çıxanlar riski öz üzərlərinə öz imzalarıyla götürürlər.

İtkin alpinistlərin axtarışına niyə iki gün sonra başlandığı, sonra atılan addımların niyə ilk gündən edilmədiyi sualları isə açıq qalır.

"İstintaqın detalları barədə məlumat verilmir"

Dekabrın 23-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc - Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin itkin düşməsi ilə bağlı cinayət işi qaldırılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC Azərbaycancaya deyib ki, hələlik istintaq gedir, müstəntiqlər hadisə yerinə baş çəkiblər:

"Ancaq istintaqın detalları barədə açıqlama verə bilmərik. Zərurət yarandığı təqdirdə ictimayyətə məlumat verəcəyik", Eldar Sultanov bildirib.

Fotonun müəllifi Cavan IB
Image caption Tufandağda itkin düşən alpinistlərin axtarışına könüllülər də qoşulub

"Güclü təcrübələri olsaydı..."

"Qar uçqununa düşən şəxs ilk iki saat ərzində özünü çıxartmalıdır, onu kimsə xilas edə bilməz, dünya üzrə təcrübə bunu göstərir", təcrübəli dağçı Firuz Dadaşov deyir.

O əlavə edir ki, artıq Tufandağda xilasetmə əməliyyatından söhbət gedə bilməz:

"Onların başına nə gəldiyini bilmirik, amma ilkin ehtimal qar uçqunudur".

Fotonun müəllifi N.Bunyatzadə
Image caption Namin Bunyatzadə

Namin Bünyatzadə və Babur Hüseynovla dost olduğunu və birlikdə ekspedisiyalara getdiyini deyən Firuz Dadaşov iddia edir ki, onların qış alpinizmi üzrə təcrübələri olmayıb.

"Əgər güclü təcrübələri olsaydı, qar uçqunu ola bilən ərazilərdən keçməzdilər. Onlar ya hərəkət vaxtı, ya da çadırda qalan zaman qar uçqununa düşüblər".

O deyir ki, gənclərin üzləşə biləcəyi ikinci hadisə çatlardır və bu zaman sağ qalmaq üçün təcrübə daha çata bilər.

"Alpinistlər bir-birinə kəndirlə bağlı olurlar. Əgər təcrübə, güc yetməzsə, digərlərini də özüylə dartıb aparır".

"Namin dağda mənimlə olub"

Firuz Dadaşov iddia edir ki, qrupda təcrübəli alpinist kimi qələmə verilən Namin Bünyatzadənin təcrübəsi qış alpinizmi üçün yetərli olmayıb.

"Namin qışda xarici ölkələrdəki dağlarda mənimlə olub, ən çətin zirvələrə güclü komanda ilə çıxıb. Orda mən rəhbərlik eləmişəm. Naminin bələdçilik təcrübəsi yox idi. Özü ora daha təcrübəli təlimçi ilə getməli idi. Babur yayda mənə yazıb soruşurdu ki, Tufandağa necə getmək olar, məsləhət istəyirdi".

Firuz Dadaşov düşünür ki, onlara Tufandağa getmək icazəsi verən qurum məsuliyyət daşıyır.

Fotonun müəllifi FHN
Image caption FHN axtarışlarla bağlı fotolar yayıb

"FHN əməkdaşlarının təcrübəsi yetmirdi"

Firuz Dadaşov hesab edir ki, Fövqəladə Hallar Nazirliyi əlində olan vasitələrlə axtarışa çıxıb.

"Bu, ilk hadisədir ki, Azərbaycanda olub, yəqin ki, ciddi hazırlıqları yox idi".

Təcrübəli dağçı hesab edir ki, gənclərin üzərlərində siqnal verən cihaz olsaydı, onları tapmaq daha asan olardı.

Firuz Dadaşov FHN-nın xilasedicilərinin qarlı dağlarda itkin düşmüş adamı axtramaq təcrübəsinin yetmədiyini düşünür.

Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bir neçə gün öncə keçirilən mətbuat konfransında deyib ki, alpinistlərin axtarışında ancaq peşəkarlar iştirak edir.

O deyib ki, hətta axtarışa cəlb olunan avstriyalı mütəxəssislər də, belə havada onların ölkələrində ümumiyyətlə axtarış aparılmadığını bildirib.

"Namin Bünyatzadə 6 ildir dağçılıqla məşğuldur"

İtkin gənclərin üzv olduğu "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov BBC Azərbaycancaya açıqlamasında bu iddiaları təkzib edir.

O deyir ki, Namin Bünyatzadə yüksəklikdə görülən işlər üçün ixtisaslaşıb, ikinci dərəcəli olub. 6 ildən çoxdur ki, dağçılıqla məşğuldur:

"Namin Bünyatzadə dəniz səviyyəsindən 7 min metr hündürlkdə olan "Lenin" zirvəsində (Pamir dağlarında-red.) olub. Babur Hüseynov Şahdağda qış yürüşü edib, "İlham Əliyev", "Qızıl Qaya", "Heydər Əliyev" zirvələrinə çıxıb. Onlar daim məşq edirdilər".

Müraciət proseduru

Ziya Qasımov deyir ki, dağa qalmaq istəyən idmançılar kluba, klub da FAİREX-ə (Azərbaycan Hava və Ekstremal İdman növləri federasiyası) müraciət edir:

"Biz Fedarasiyaya müraciət edirik ki, filan adamlara filan tarixdə filan zirvəyə qalxmağa izn verəsiniz. Onlar da instruktoru (təlimçini - red.) çağırırlar, dindirirlər, avadanlığa baxırlar, sonra icazə verirlər, ya vermirlər. Prosedur budur".

Ziya Qasımov əlavə edir ki, bundan sonra Federasiya sənədləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərir, onlar müsbət cavab verərlərsə, onlar icazə verdikdən sonra əgər gediləcək yer sərhəddədirsə, Dövlət Sərhəd Xidmətinə müraciət olunur.

Klub rəhbəri hesab edir ki, itkin gənclərin dağa qalxmasında bütün prosedurlar gözlənib.

"Təcrübələri olduğu üçün izacə verilib"

Fotonun müəllifi FHN
Image caption FHN-nin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub

FAIREX rəsmi saytında yaydığı açıqlamada bildirib ki, "Gilavar" klubuna qrupa daxil olan idmançıların təcrübəli olduqları nəzərə alınaraq qış yürüşü" üçün müraciətləri qəbul edilib.

Açıqlamada deyilir ki, dekarın 25-də qayıtmalı olan qrup geri dönmədiyi zaman və onlarla əlaqə kəsildiyi üçün "26 dekabr tarixində axşam saatlarında dərhal xilasetmə qrupu toplanaraq Xınalıq kəndinə yola salınıb".

FAİREX bildirir ki, səhər saat 7-də axtarışa başlayıblar, iki saat sonra FHN helikopteri və əməkdaşları ilə ərazini tanıyan dağçıları da cəlb etməklə axtarışa qoşulublar.

Fotonun müəllifi ETSN
Image caption Ekologiya və Təbii Sərvətlər Nazirliyi Namin Bünyatzadənin aldığı sertifikatları BBC Azərbaycancaya təqdim edib

"İtkin alpinistlər noyabrda Xınalıq dağına qalxıblar"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qrupun Tufandağ zirvəsinə səfəri üçün müraciəti ötən il dekabrın 13-də alıb.

Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyir ki, onlara "Gilavar" müraciət edib:

"Bizə müvafiq sənədlər təqdim edilib və dekabrın 17-də onlara icazə məktubu verilib".

Hikmət Əlizadə BBC Azərbaycancaya yazılı açıqlamasında qeyd edir ki, onların verdiyi icazənin mahiyyəti "mövcud qanunvericiliyə əsasən, şəxsin ekoloji qaydalara əməl etməsini təsbit etmək, onun üzərinə bu sahə üzrə vəzifələr qoymaq və şəxs barədə məlumatlar əldə etməkdən ibarətdir".

O əlavə edir ki, itkin alpinistlər klubun daha 5 üzvü ilə birlikdə ötən ilin noyabrında hündürlüyü 3713 metr olan, heç də Tufandağdan uzaq olmayan Xınalıq dağına qış yürüşü ediblər.

"Ərazinin xüsusi mühafizə olunan təbiət ərazisi statusu olmadığından heç bir qurumdan icazə almayıblar, müstəqil qərar qəbul edərək dağa qalxıblar".

Hikmət Hacızadə vurğulayır ki, itkin alpinistlərin sonuncu marşrutu xüsusi mühafizə olunan təbiət ərazisi statusu daşıdığından onlar Dövlət Sərhəd Xidmətindən icazə alıblar.

Nazirlik rəsmisi deyir ki, mövcud qanunvericilikdə meteoşəraitə görə turistlərə və ya dağ yürüşünə gedənlərə qadağa qoyulması müəyyən edilməyib.

Yəni, hava şəraitinə görə piyada gəzintisi və yürüşə çıxanlara hər hansı qadağalar qoyulmur, "bu yalnız yürüş iştirakçılarının və özlərinin könüllü əsasla birləşdikləri klubların daxili inamı və iradəsindən irəli gələ bilər", Hikmət Əlizadə deyir.

Fotonun müəllifi B.Huseynov
Image caption Babur Hüseynov

"Bir çox zirvədə olublar"

O, itkin alpinistlərin qış turizmi üçün təcrübəsiz olması iddiaları ilə razılaşmır. Direktor müavini bildirir ki, onların hər 3-ü "bu sahədə kifayət qədər təcrübəli və dağçılıq məktəbinin məzunu olub".

Hikmət Əlizada Namin Bünyatovun Lenin zirvəsinə, Babur Huseynovun Elbrus, Kazbek zirvələrinə çıxdığını vurğulayır, Fəridə Cəbrayılzadənin Azərbaycanın idman dırmanması üzrə hakimlik kursunu bitirdiyini deyir.

"Qanunvericiliyə görə, milli parkların ərazisinə və ya yüksək dağlıq əraziyə getmək istəyənlərə təcrübəsi azdı deyə imtina cavabı verilə bilməz. Ümumiyyətlə, bu sahəyə bələd olanlar bilir ki, dağda baş verən təbii hadisələrə görə, birmənalı olaraq, səfər edən şəxslər məsuliyyət daşıyır. İndi əgər Namin Bünyatovun başına Pamir dağlarında hər hansı hadisə gəlsəydi, həmin dövlət və ya onun hansısa qurumu məsuliyyət daşımalıydı?"

Fotonun müəllifi F.Cəbrayılzadə
Image caption Fəridə Cəbrayılzadə

"Məsuluyyəti artırmaq üçün daxili qaydalar var"

Hikmət Əlizadə qeyd edir ki, ümumilikdə dağlara alpinist qismində getmək üçün heç bir məhdudiyyət yoxdur və bununla bağlı hər hansı razılıq alınması tələb olunmur.

"Amma söhbət Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin daxilində yerləşən dağlardan gedirsə, onda icazə alınır", nazirlik rəsmisi deyir.

Hikmət Əlizadə əlavə edir ki, milli parkların yüksək dağlıq ərazilərinə yürüş edən turistlərdən təhlükəsizlik məqsədilə çadır, yataq kisəsi, xüsusi geyim, bel çantası, qumquma (su qabı) kimi əşya və avadanlıqları, zəruri ərzaqların olması məcburidir.

Eyni zamanda nazirlik vətəndaşların məsuliyyətini artırmaq üçün daixli qaydalar tətbiq edib. Bu qaydalara görə, riskli ərazilərə getmək istəyənlər fərdi anket vərəqələrində bu sahədəki təcrübəsini, anket məlumatlarını, əlaqə telefonlarını qeyd edərək, yüksək dağlıq ərazilərdə səfər müddətində baş verə biləcək bütün riskli hadisələrə görə məsuliyyəti şəxsi imzası ilə öz üzərinə götürür, Hikmət Əlizadə deyir.

Suallar…

Alpinistlərdən dekabrın 24-də gələn mesaja görə hava pisdir və onlar sabah geri qayıdacaqlarıan qərar veriblər.

Alpinistlər "hava pisdir" mesajını verirlər və dekabrın 24-də axşamdan onlarla əlaqə kəsilir. Onları dekabrın 25-i axşama kimi gözləyirlər, xəbər çıxmayınca Federasiyaya müraciət olunur.

Federasiya isə dekabrın 26-sı axşam saatlarında xilasediciləri toplayıb Xınalığa gedir, FHN-ə də dekabrın 26-da müraciət edilir.

Qarı-şaxtasının zəhmi dağçılara tanış olan bir yerdə əgər qalanlar üçün hər saniyə həayt üçün təhlükəli sayılırsa, onda niyə dərhal, yəni elə dekabrın 25-də FHN-nə məlumat verilməyib və ya xilasetmə işlərinə dərhal başlanılmayıb?

FHN axtarış qrupunu dekabrın 28-dən gücləndirməyə başlayır. İlk zamandan niyə bütün lazımi vasitələrdən istifadə olunmayıb? Xüsusi avadanlıqla təchiz edilmiş ANAMA əməkdaşları, xüsusi hazırlıq keçdiyi deyilən itlər dekabrın 29-30-dan axtarışa cəlb edilir?

BBC Azərbaycanca bu suallara FHN-dən, FAİREX-dən cavab ala bilməyib.

Bu barədə daha geniş