Britaniya mətbuatı: Rəfsəncaninin müəmmalı ölümü və ya bu dəfəki etirazlar niyə fərqlidir?

Fotonun müəllifi AFP

Rəfsəncaninin müəmmalı ölümü və ya budəfəki etirazlar niyə fərqlidir?

"The Guardian" qəzetinin Tehran müxbiri keçmiş İran prezidenti Əli Əkbər Haşemi Rəfsəncaninin ailə üzvlərinə istinadən onun ölüm səbəblərinə dair təhqiqatın yenidən açıldığını yazır.

Ötən çərşənbə axşamı Fars təqvimi ilə praqmatik ayətullahın ölümünün bir ili tamam olub.

Rəfsəncaninin qızı Faizə ötən ay bildirmişdi ki, ölkənin Ali Milli Təhlükəsizlik Şurası o vaxt atasının bədənindəki radioaktivliyin normadan on dəfə artıq olduğunu bildiribmiş.

Rəfsəncaninin oğlu Yaser Haşemi bu həftə deyib ki, prezident Ruhani yaxın müttəfiqi olmuş ayətullahın ölüm səbəblərinin təkrar araşdırılmasına sərəncam verib.

Adının çəkilməsini istəməyən ailə üzvü "The Guardian" qəzetinə deyib ki, "ailə daxilində gəlinmiş ortaq qənaətə görə o öldürülüb və ya ən azı təbii səbəblərdən vəfat etməyib".

"The Guardian" müxbiri yazır ki, Tehran qəzetləri Rəfsəncaninin ölümünün birinci ildönümü münasibətilə onun portretlərini dərc ediblər. Qəzetlər "Bir il ayətullahsız" və ya "O bizim səsimiz idi" kimi başlıqlarla çıxıb.

Rəfsəncaninin rəsmi ölüm səbəbi ürəyin dayanması olaraq təsdiqlənib.

"The Guardian" yazır ki, onun məlumatına görə, ailəsi autopsiya keçirilməsi üçün təzyiq altında olmayıb, lakin bu tədbirdən imtina edib.

Buna əsas səbəblərdən biri də ailəsinin mərhumun bədəninin əlavə əməliyyata məruz qalmasını istəməməsi olubsa, digər səbəb yaxınlarının onu İslam qaydalarına uyğun olaraq mümkün qədər tez dəfn etmək istəməsi olub.

Lakin ailə o vaxtdan bəri ölüm səbəbinin ürək dayanması olduğuna inanmır.

Faizə Haşemi dekabr ayında Etemad qəzetinə demişdi ki, milli təhlükəsizlik şurasının bəzi üzvləri ailəyə Rəfsəncanının bədənində radioaktiv maddələrin normadan on dəfə çox olduğunu deyibmişlər.

Fotonun müəllifi Getty Images

Rəfsəncaninin qanı niyə itib?

"The Guardian" bunu da yazır ki, onun məlumatına görə, ölümündən sonra Rəfsəncanidən onun qardaşı oğlunun təkidi ilə qan nümunəsi götürülərək saxlanıb. İçində həmin qan nümunəsi olan şüşə müəmmalı şəkildə yoxa çıxıb. Radioaktivlik Rəfsəncaninin bədəninə bağlı katetrdə tapılmışdı.

Ailəsi bildirib ki, həmin gün axşam saat 8-də Rəfsəncaninin bir yüksək rütbəli inqilab keşikçisi ilə görüşü nəzərdə tutulmuşdu. Belə söhbətlər də dolaşır ki, Rəfsəncaniyə ölümündən az əvvəl onu izləyən təhlükə haqqında xəbərdarlıq edilibmiş.

Rəfsəncaninin cəsədi onun cangüdənlərindən biri tərəfindən, vəzifəli rəsmilərin Köşk Bağı adlı istirahət mərkəzindəki hovuzda tapılıb. Ayətullah həftədə iki dəfə bu hovuzda üzməyə gələrmiş. Həmin gün cangüdənləri hovuzun yanında yox, mərkəzin bayırında olublar. Rəfsəncani ailəsi bildirir ki, cangüdənlərin ifadələri bir-birinə uyğun gəlmir.

Bu da xəbər verilir ki, Rəfsəncaninin nəvələri də daxil, bütün ailə üzvlərindən radioaktivliyin yoxlanması üçün qan götürülüb. Rəfsəncaninin digər qızı Fatemə və onun arvadında da radioaktivliyin yüksək olduğu aşkar edilib.

"The Guardian" yazır ki, katetrdə aşkar edilmiş radioaktivlik səviyyəsinin onu öldürəcək miqdarda olub-olmadığı və söhbətin hansı radioaktiv izotoplardan getdiyi məlum deyil.

Məqalədə deyilir ki, Rəfsəncaninin ölümü mötədilləri İran siyasətində böyük nüfuzu olan hamidən məhrum edib. Təhlilçilər deyirlər ki, Rəfsəncani növbəti ali rəhbərin təyinatında əsas rollardan birini oynayacaqdı.

Rəfsəncaninin ölümündən sonra onun demək olar, bütün ailə üzvlərinə hərəkət məhdudiyyəti qoyulub. Bundan başqa ona aid sənədlərin hamısı kabinetindən aparılıb.

Fotonun müəllifi EPA

İndiki etirazlar əvvəlkilərdən niyə fərqlidir?

Britaniyada yaxşı tanınmış Yaxın Şərq məsələləri yazarı və "Financial Times" qəzetinin redaktorlarından David Gardner yazır ki, bir çoxları son İran etirazlarının əsasən acıqlı adamların daha ucuz dolanışıq və ləyaqətli insan yaşayışı tələbindən irəli gəldiyini düşünə bilər.

Amma əslində teokratik hakimlərin onları "müharib" adlandırıb ən ağır günahda - "Allaha qarşı müharibədə" ittiham edəcəklərindən qorxmayan gənc iranlılar böyük risk altına giriblər.

Gardner son etirazları 2009-cu ilin seçki nümayişlərindən bu yana ruhani rejimdən narazılığın ən nəhəng püskürməsi adlandırır.

Müəllif yazır: "İslam Respublikasının bir çox paradokslarından biri də budur ki, təyinatlı teokratlar və onların əsas mühafizi olan İslam İnqilabı Keçikçiləri İran siyasət meydanının ağaları olsalar da, respublika təsisatlarının yaşarlığı, qızğın rəqabətlə keçən seçkilər elə hey təəccüb doğurmaqda davam edir".

Gardner yazır ki, seçdikləri islahatpərəstlər onların etimadını doğrultmayanda, 80 milyonluq əhalinin 30 yaşdan cavan olan yarısından püskürən enerji küçələrə axır.

İslahatpərəstlərin dəstəklədiyi mötədil prezident Həsən Ruhani ikinci prezidentlik qələbəsini sərt xətt-hərəkət tərəfdarlarının dişlərindən qoparıb və həm mühafizəkarların, həm də islahatpərəstlərin hədəfinə çevrilməsinə baxmayaraq bu fenomeni yaxşı başa düşür.

1979-cu il inqilabından keçən 4-cü onilliyin cavanları İranı bütün dünyadan təcrid edən "kif atmış ideologiyalarının" arxasında gizlənən qoca mürtəcelərin diqtəsindən boğaza yığılıblar.

"Bu gün üzləşdiyimiz problem bundan ibarətdir ki, biz hakimiyyətlə cavan nəsil arasında uçurum yaranıb" - Ruhani elə bu bazar ertəsi deyib.

Adamların işsizliyə və bahalığa etiraz etdiyini qəbul edən Ruhani bunu da əlavə edib: "Biz öz həyat tərzimizi gələcək nəsillərə sırıya bilmərik".

Gardner diqqəti belə bir məqamə da çəkir ki, Ruhaninin bu cəsarətli sözləri dediyi bir vaxtda İranın regional düşməni olan Səudiyyə Ərəbistanı da vəhabi ruhanilərin ipini yığmağa çalışır.

Buna görə də inqilab keçikçilərinin Yaxın Şərq boyunca şiə qurşağı yaratmaları ilə fəxr etmələri gənc iranlıar tərəfindən rədd olunur. Cavan iranlılar xarici münaqişələrə qarışmaqdansa ölkənin içindəki vəziyyəti düzəltməyi tələb edirlər.

Fotonun müəllifi EPA

Bu dəfə söhbət islahatdan yox, çevrilişdən gedir

Məqalədə deyilir ki, iranlılara ümid işığı verən, 2015-ci ildə dünyanın altı gücü ilə imzalanmış nüvə sazişi olub. Bu sazişə hətta ali rəhbər ayətullah Əli Xameneyinin xeyir-dua verməsinə baxmayaraq, mühafizəkarlar onu rejim dəyişikliyinin sürüşkən yamacı hesab edirlər.

Lakin indi bu sazişdən gözlənən faydalar bəhrə verməyib. Trump bu sazişi cırıb atacağı ilə hədələyir. Qarşıdan gələn həftədə o ABŞ-ın bu sazişdə iştirakı barədə son qərarını verməlidir.

Washington İranın ərəb dünyasına müdaxilələri ilə bağlı Tehrana qarşı özünün ayrıca sanksiyalarını elan etməyə başlayıb. Əgər Trump da nüvə sazişindən çıxmaq barədə qərar qəbul etsə, bu, onun ən böyük səhvi olacaq, çünki Tvitterdə təriflədəyi gənc etirazçıları ayaqda saxlayan məhz bu sazişdir.

İranın daxilində islahatpərəstlər əmindirlər ki, bu etirazları ilk olaraq Məşhəd şəhərindəki mühafizəkarlar qızışdırıblar. Lakin onların "dovşana qaç, tazıya tut siyasəti" əks-nəticə verib.

Qəzəb onların özünə qarşı çevrilib. İndiki etirazları 2009-cu ilin həyəcanlarından fərqləndirən də məhz budur.

2009-cu il etirazları daha çox Tehranda mərkəzləşmiş orta sinfin etirazları idi. Lakin indiki etirazlar daha az şiddətli olsa da, bütün ölkəni bürüyüb.

2009-cu ilin Yaşıl hərəkatı zamanı liderlər İslam Respublikasını devirmək yox, islah etmək istəyirdilər. Bu dəfəki etirazlar fərqlidir. Bu etirazlar dindən bayraq düzəldərək teokratik təsisatları öz istehkamlarına çevirmiş postinqilab elitasına qarşı yönəlib.

İndiki hakimiyyət uğrunda çarpışma getdikcə daha kəskin olur. Ötən il keçmiş islahatpərəst prezident Rəfsəncaninin ölümü "İran real siyasətinin ürəyində böyük bir dəlik qoyub".

Üstəlik də qarşıdan cənab Xameneyiyə varis tapmağın məqamı gəlir.

Bu barədə daha geniş