Jurnalist Əfqan Muxtarlıya 6 il həbs cəzası verildi

Əfqan, İttiham, son söz Fotonun müəllifi ELMİR MİRZOYEV
Image caption Vəkil Elçin Sadıqov deyib ki, Əfqan Muxtarlı "Gürcüstanda saxlanıb, döyülüb və Azərbaycana ötürülüb"

Cümə günü Zaqatala şəhərində keçirilən məhkəmədə jurnalist Əfqan Muxtarlıya 6 il həbs cəzası verilib.

Bu barədə məlumatı BBC Azərbaycancaya Əfqan Muxtarlının məhkəməsində iştirak edən ictimai fəal Nigar Həzi verib.

Nigar Həzi deyir ki, hökmə görə, Əfqan Muxtarlının üzərindən tapılan 10 min avro dövlət büdcəsinə keçirilib, digər şəxsi əşyaları isə (1 lari, iki dənə tetri, iki ədəd "Nəqliyyat kartı") ailəsinə qaytarılacaq.

Əfqan Muxtarlının vəkili Elçin Sadıqov bildirib ki, onlar hökmdən apellyasiya verəcəklər.

"Əfqan Muxtarlı son sözündə bütün ittihamları rədd edib, həbsinin siyasi səbəblrə və jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib", Nigar Həzi bildirib.

Əfqan Muxtarlı onu da deyib ki, həbs olunacağı barədə məlumatlı olub və bunun yazdığı 3 jurnalist araşdırması ilə bağlı olduğunu bilib, Nigar Həzi əlavə edib.

İstintaq Əfqan Muxtarlını mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhəddini qanunsuz keçməkdə ittiham edir.

Əfqan Muxtarlı bu ittihamları təkzib edir və mayın 29-da axşam saatlarında yaşadığı Gürcüstan paytaxtı Tbilisidən oğurlanaraq Azərbaycana aparıldığını deyir.

O, Gürcüstanda saxlandığı və Azərbaycana aparıldığı gün döyüldüyünü, daha sonra cibinə 10 min avro qoyulduğunu deyib.

O, qaçaqmalçılıq, sərhədi qanunsuz keçmək və sərhəd xidməti əməkdaşının həyat və sağlamlığına zor tətbiq etməkdə ittiham olunub.

Bu barədə daha geniş