ABŞ: Muxtarlının işi ilə bağlı Gürcüstandakı "araşdırmanı izləyirik"

Əfqan Fotonun müəllifi ELMİR MİRZOYEV

ABŞ cümə günü 6 il müddətinə azadlıqdan məhrum edilən jurnalist Əfqan Muxtarlının işi ilə bağlı narahatlığını ifadə edib.

Dövlət Departamenti jurnalistin azadlığa buraxılmasına səsləyir və onun oğurlanması ilə bağlı iddialar üzrə Gürcüstanda aparılan təhqiqatı izlədiyini qeyd edir.

"Biz xəbər verilən oğurlanma ilə bağlı Gürcüstandakı araşdırmanı yaxından izləməkdə davam edir, onun vaxtında, ətraflı və şəffaf aparılmasına dair çağırışımızı təkrarlayırıq", - ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.

Cümə günü Zaqatala şəhərində keçirilən məhkəmədə jurnalist Əfqan Muxtarlıya 6 il həbs cəzası verilib.

Qaçaqmalçılıq, sərhədi qanunsuz keçmək, sərhəd xidməti əməkdaşına qarşı zor tətbiq etməklə bağlı ittihamları rədd edən jurnalist mayın 29-da yaşadığı Tbilisi şəhərindən oğurlanaraq Azərbaycana aparıldığını deyir.

Əfqan Muxtarlının tərəfdarları onun həbsinin siyasi motivli olduğunu bildirirlər. Bır sıra dövlət, yerli və beynəlxalq qurum işlə bağlı narahatlığını bildirib.

ATƏT-in media azadlığı üzrə sözçüsü Harlem Desir hadisəni jurnalistlərin susdurulmasına yönələn hücum adlandırıb.

Jurnalistlərin müdafiəsi üzrə Sərhədsiz Reportyorlar təşkilatı bəyan edib ki, məhkəmə hökmü jurnalistləri qorxutmaq məqsədinı daşıyır.

Bu barədə daha geniş