Əlilliyi olan insanlardan kitab yazan yeganə şəxs

Samir Imanov Fotonun müəllifi Samir Imanov
Image caption Foto Samirin "Mənim hədəfim"adlı kitabının imza günü mərasimində çıxışı zamanı çəkilib. 2015-ci il, Bakı Jazz Mərkəzi.

Samir özü də gülümsəyərək biz jurnalistlərə irad tutur, "Adətən həmkarlarınız müsahibə alarkən, standart suallar verir və hər dəfə məqalədə eyni sözləri yazırlar: "Azərbaycanda beş yüz min əlillliyi olan insan var". Bu beş yüz min insandan hər birinin arxasında bir tale, bir hekayə, göz yaşları, ilham və qüvvə var.

Samir İmanov, öz simasında, bu beş yüz min nəfərin səsini hər birimizə çatdırmağa çalışır. Fiziki məhdudiyyətlərə baxmayaraq, Samir çox işlərin öhdəsindən gələ bilib və özü söylədiyi kimi, digər əlilliyi olan şəxslərə ən azı motivasiya nöqteyi-nəzərindən təsir etmək niyyətindədir.

Dörd yaşlı oğlunun iflicdən müalicəsi üçün kitablarını satıb, lazımi məbləği toplamaq istəyir.

"1981-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Uşaqlıqdan serebral iflic və distrofiya xəstəliklərindən əziyyət çəkirəm. Adətən məndən soruşanda ki, özünü necə təqdim edərsən, deyirəm: "Azərbaycanda əlilliyi olan insanlardan silsilə kitablar yazan yeganə şəxs."

Uşaqlıqda çox müalicələrdən keçmişəm, ayağımdan iki dəfə əməliyyat olmuşam. Təzə-təzə ayaqlarım yer tutmağa başlayanda, sümüklərim ağırlığa tab gətirə bilmədi.

Sən demə, hemofiliya xəstəliyim də var imiş, həkimlər isə səhv diaqnoz qoyub burnumdan da əməliyyat etdilər. Əməliyyatdan sonra dərk etdilər ki, problem burunda deyil, qanda imiş.

Son on beş ildə cəmi bir dəfə Türkiyədə bərpa kursunu keçmişəm, o da Əmək və Sosial Müdafiə Nazirliyinin xətti ilə.

Təəssüf ki, tam sağalmağım qeyri-mümkündür, sadəcə reabilitasiya prosedurları ilə səhhətimi olduğu vəziyyətdə saxlamaq olar. Azərbaycanda da ixtisaslaşmış şərait o dərəcədə deyil.

Təhsil

Özüm Sumqayıt şəhərində evdə təhsil məktəbini bitirmişəm. Gündə bir müəllim gəlib mənə dərs keçirdi. Bunu da özüm üçün uğur sayıram.

Bundan başqa da öz üzərimdə çox işləmişəm, daimi kitab oxumuşam, digər fənn kitabları, bədii ədəbiyyat.

İnternetin imkanlarından da çalışıram, maksimum dərəcədə istifadə edim ki, insanlarla aramda dünya görünüşü fərqi az olsun.

Universitetə sənəd vermədim. İndi də əlilliyi olan insanlar üçün ali təhsil almaq imkanları azdır, amma on beş il əvvəl vəziyyət daha da pis idi.

İndi iki-üç universitet (Xəzər Universiteti, İqtisad Universiteti) "Tempus" proqramına qoşulub və orada əlilliyi olan insanlar üçün oxumaq imkanları yaradılır.

Amma bu, məktəb binası haqqındadır. Məktəbə, universitetə çatmaq üçün şəhərdə infrastruktur olmalıdır. Nə indi kifayət qədərdir, nə də o vaxtlar var idi. Nə universitetlərdə şərait, nə nəqliyyat, nə əlilliyi olan insanlarla işləyə biləcək müəllim heyəti var idi.

Ümumiyyətlə, bütün problemlər zəncirvaridir. Oxumaqdan sonra işə düzələrkən, iş yerində də şərait olmalıdır.

Müəssisələr əlilliyi olan insanları işə götürməkdən çəkinməməlidir.

Dövlət tərəfindən müəssisələrə kvota qoyulmasına baxmayaraq (hər 25 nəfərə bir əlilliyi olan insan işə qəbul edilməlidir), bu kvotalara riayət edən yoxdur.

Hətta sosioloqlar, psixoloqlar əlilliyi olan insanlara cəmiyyətlə düzgün davranmağı və ünsiyyət qurmağı öyrətməlidir.

Həyatımın hər bir dəqiqəsi çətinlik, mübarizə deməkdir

Əlilliyin də növləri var. Məsələn, mənim hərəkət etmə məhdudiyyətim var. Artıq əllərim də zəifləməyə başlayır. Mənim üçün həyatımın hər bir dəqiqəsi çətinlik, mübarizə deməkdir, hətta yemək yeyəndə, çay içəndə belə.

Gündəlik işlərim də şablondur: səhər oyanıb, səhər yeməyimi yeyirəm, kompüter arxasına oturub elektron ünvanımı yoxlayıram, yazılarımı hazırlayıram, sonra nahar, televizor və sairə.

İlin isti çağında bibim oğlu mənim üçün Saray qəsəbəsindəki evində şərait yaradıb.

Həyət evində ailəmlə qalıram, daha aktiv həyat tərzi sürürəm, tədbirlərə də qatılıram, tez-tez parklara gedirik. Bir türk müəllimim var idi, o mənə motorlu əlil arabası hədiyyə etmişdi. Onunla sərbəst gedib-gəlirəm. Şükür ki, indi, standarta o qədər də uyğun olmasa da kifayət qədər panduslar düzəldilib.

Çalışıram daimi insanlarla ünsiyyətdə olum. Uşaqlıqda dostlarım o qədər çox deyil idi, cəmi üç-dörd nəfər. Ünsiyyət qurmaqa çətinlik çəkirdim. Uşaqlar gedirdilər harasa futbol oynamağa, mən isə qıraqda skamyada otururdum. Arada əsa, qoltuq ağacı ilə gəzirdim.

Lakin kitablarımı yazdıqdan, sosial şəbəkələrdə daha çox insanlarla ünsiyyət qurduqdan sonra dostlarım çoxaldı. Sağ olsunlar, mənə dəyər verən insanlar ətrafımda çoxdur.

"Mən həyatımda nəsə etməliyəm"

Həmişə oturub düşünürdüm ki, mən həyatımda nəsə etməliyəm. Artıq otuz bir yaşım var idi. Təhsil yox, edəcəyim yox, əlimdə bir peşəm yox.

Fotonun müəllifi Samir Imanov
Image caption Samir ailəsinin dəstəyini gördükdən sonra "Özünlə fəxr et" kitabını yazıb.

Bir dəfə televizordan bir serial izləmişdim, "Dörd min dörd yüz". Orada müəyyən səbəblərdən dörd min dörd yüz nəfəri bir məkana yığıb onlara yaşamaq üçün rahat şarait yaradırlar.

Oturub düşündüm: "Görəsən, mən də belə bir ssenari yaza bilərəmmi? Məsələn, əlilliyi olan insanlar üçün belə bir məkan yaratmaq mümkündürmü?" Roman yazmağa başladım.

Orada bir əlilliyi olan insan həyatında hər şeyi itirir: yaxınları qəzaya uğrayıb həlak olurlar. Sıfırdan başlayaraq böyük bir mərkəz yaradır və digər əlilliyi olan insanlara kömək edir.

Yazan zamanı əlilliyi olan şəxslərlə bağlı məlumat axtarmalı oldum və Google-da axtarış verəndə gördüm ki, əlillik haqqında məlumat çox azdır.

Jurnalistlər də əsasən şablon sözlərlə və Əmək və Sosial Müdafiə Nazirliyinin verdiyi statistik məlumatlarla kifayətlənirdi.

Yüz saytı açırsan, yüzündə də eyni cümlə.

Mən də qərara gəldim ki, yazdığım romana əlilliklə bağlı maraqlı faktları da daxil edim, əlilliyi olan insanlara psixoloji dəstək məqamlarını qatım.

Təbii ki, öncədən heç roman, kitab yazmamışdım və necə yazmaq haqqında heç anlayışım da yox idi. Ona görə də təxminən iki-üç ay romanı necə yazmaq barədə araşdırma apardım, bu barədə kitablar oxudum, müəyyən qaydalar öyrəndim.

Yazdığım iki il ərzində hətta ən yaxın olan evdəkilərim belə mənim roman yazmağımı bilmirdi. Utanırdım bir tərəfdən, düşünürdüm ki, güləcəklər mənə: "Sən hara, kitab yazmaq hara?".

Yazını bitirdikdən sonra "Facebook"da kitabın nəşri üçün sponsor axtarmağa başladım. Bir xanım cavab verdi, nəşriyyatın hesabına iki yüz manat yatırtdı və kitabım çap olundu.

Roman çapı: "yaxınlarımın simalarında gördüyüm o sevinc"

Fotonun müəllifi Samir Imanov
Image caption Samir İmanovun ilk romanının üz qabığının fotosu

İlk dəfə kitabları evimə Rasim müəllim Qaraca gətirdi. Heç kimin xəbəri yox idi, sadəcə dedim: "Sizə bir surprizim var". Rasim müəllim evə daxil oldu və mən evdəkilərin sifətlərinə baxaraq reaksiya gözləyirdim. Çox sevindilər. Həmin vaxt yaxınlarımın simalarında gördüyüm o sevinc məni daha da ruhlandırdı.

Ondan sonra daha iki kitab - "Özünlə fəxr et" və "Mənim hədəfim" kitablarını yazdım. Azacıq da olsa onların tərəddüdünü hiss etsəydim, digərlərini yazmazdım.

Bu vaxta kimi Azərbaycanda əlillik haqqında roman yazan olmamışdı. Baş qəhrəmandan tutmuş bütün personajların əlilliyi var idi. Maraqla qarşılandı, təqdimatlar oldu.

Hər kitabın yazılmasında məqsədlərim eyni idi: əlilliyi olan insanlara ruh yüksəkliyi yaratmaq, onlara faydalı ola biləcək məlumatlar vermək, mövcüd problemləri qabardaraq onların həllinə nail olmaq, əlilliyi olan insanları cəmiyyətə düzgün təqdim etmək və cəmiyyətdə əlilliyə münasibəti dəyişmək.

Bu münasibətlə özüm də qarşılaşmışam və bunu kitabda da əks etmişəm. Sarayda qalanda küçəyə çıxırdım və müxtəlif simalar və ifadələr görürdüm: üzünü döndərən də, qulağını çəkən də, uşağını qorxudan, söz atan da olurdu.

Bir dəfə qarşıma yaşlı qadın çıxdı və mənə baxaraq: "Anan ölsün, ay oğlum, bu nə vəziyyətdir səndə!" ifadəsini işlətdi. Üzümü ona çevirib dedim: "Xala, utanmırsan, yaşlı qadınsan, qarğış eləyirsən!" Qadın çaşdı, tutuldu.

Çox vaxt məni şəxsi uğursuzluq kimi qəbul edirdilər: "Niyə mənim qarşıma çıxdın, yolunu küçənin o üzündən salardın da".

Biz insanların qarşısında daha çox olsaq...

Əslində bunun səbəbi özümüzdədir. Niyə? Çünki insan bunları mənə məlumatsızlıqdan deyir. Biz cəmiyyətdə, insanların qarşısında daha çox olsaq, insanların gözü, beyni, ürəkləri bizə öyrəşər.

Bir insan mən kücədə arabada getdikcə mənə qəribə, təəccüblə baxırsa, deməli o, son bir ildə arabada insanla qaşılaşmayıb.

Əsa ilə gəzdiyim vaxtlarda öz evimin həyətinə düşəndə əlil olduğumu tamamilə unudurdum. İnsanların gözü artıq mənə öyrəşmişdi. Kimin evdən, binadan enib kücəyə çıxmaq imkanı varsa, mütləq cəmiyyətdə olmalıdır.

Əlilliyi olan insanlarla da çox ünsiyyətdəyəm. 90 faizi ilə Facebook-da, 9 faizi ilə müxtəlif tədbirlərdə, 1 faizi ilə isə təsadüfən küçədə tanış olmuşam.

Onların hamısı problemlərə yanaşma baxımından müxtəlif kateqoriyalara bölünür. Elələri var ki, problemləri heç yaxın qoymur, deyir, "Nə olar ki, mənim əlilliyim var?" Məsələn, İlham Məhərrəmov - Arabaçı TV-nin rəhbəri, Aqil Məmmədov - özünün radiosu var, Zaur Seyidzadə - iki qeyri-hökümət təşkilatının üzvü. Bu insanlar heç nəyə baxmadan həyatları ilə mübarizə aparırlar.

Fotonun müəllifi Samir Imanov
Image caption Samirin Sumqayıt şəhərində ilk kitabının ilk imza günü. 2013-cü il.

Qismən aktiv insanlar da var. Onlar adətən "infrastruktur, dövlətin qayğısı daha çox olsaydı, biz də çox iş görərdik".

Elə əlilliyi olanlar da var ki, ömürlərində bir dəfə də küçəyə çıxmayıb, infrastruktur haqqında danışır, bir gün işləməmiş "əlillər üçün iş yerləri yoxdur" deyənlər də var.

Hətta iş yeri yaradılsa belə, o insanın o işdə çalışmaq üçün savadı belə yoxdur. Əlilliyi bəhanə edənlər də çoxdur.

Əlilliyi olan insanlar arasında tez-tez təlimlər aparıram, onlara həyatda özünə bir yol tapmağı tövsiyyə edirəm. Öz həyatı ilə digərləri üçün gözəl bir nümunəyə çevrilə biləcək insanları misal gətirirəm.

Məsələn, onlardan biri - Əşrəf Ərmağan, görmə qabiliyyətindən məhrum olan türk rəssam. Və ya Stephen Hawking. İnsan öz üzərində işləsə, hər şeyə qadirdir.

Əlilliyi olan insanlarla necə danışmalı

Mən özüm məktəblərdə uşaqlara əlillik və əlilliyi olan insanlara dair, onlarla nə cür davranılması barədə təlimlər keçmişəm.

Uşaq yaşlarından insanlara bu bilgiləri yeritmək lazımdır ki, yaş ötdükcə onları dərk etsinlər. Uşaqlar təlimləri çox maraqla qəbul edirlər. Qeyri-adi səhnəciklər yaratmışam. Suallar də çox olur, əlilliyi olan insanlar haqqında maraqları çoxdur.

Məsələn, "topal", "çolaq", "şikəst" sözlərini demək olmaz. Bu sözlər qədim zamandan bu günlərə kimi bir növ təhqir, lağ mənasında bizə gəlib çatıb.

Məsələn, kiminsə əlindən təsadüfən ehtiyatsızlıqdan qab düşüb sınanda, ona "Nə olub, topalsan?" deyirdilər.

"Kor" əvəzinə "görmə məhdudiyyətli", "lal" əvəzinə "nitq məhdudiyyətli" və ya "hərəkət məhdudiyyətli" demək olar.

Jurnalistlər tez-tez "fiziki qüsurlu" kəlməsini işlədirlər, bunu da demək olmaz, ona görə ki qüsur irad, eyib, anormallıq, yarımçılıq, problemli olmaq deməkdir və bunlar heç cürə insanlara yaraşdırılmalı deyil.

Qarşındakı insana nəzir qutusu kimi baxmaq lazım deyil

Bəzən nəzir də uzadan da olur. Bəli, insanlar bir birinə kömək etməli, dəstək verməlidirlər. Amma qarşındakı insana nəzir qutusu kimi baxmaq lazım deyil.

Bir insan düşünür: "Evimdə xəstəm var, bu pulu onun başına fırladım, aparım nəzir verim ki, xəstəm sağalsın". Bu, tamamilə yalnış fikirdir.

Və ya qurban kəsiləndə düşünürlər ki, qurbanlığın ilk payını əlilliyi olan şəxsə versəm, qurbanım mütləq qəbul olunacaq.

Hər dəfə izah edirəm ki, insanın fiziki deyil, maddi vəziyyətinə baxmaq lazımdır.

Görmə əngəlliyi olan insanlarla davranış tövsiyyələri

Digər əlilliyi olan insanlarla da davranış tövsiyələrimi də paylaşıram. Məsələn, görmə əngəlliyi olan insanlarla birgə gedərkən, siz onun qolundan yox, o sizin qolunuzdan tutsun.

O, sizdən həmişə yarım addım geridə getməlidir ki, məsələn, siz səkiyə çıxanda, o, da hiss etsin. Əşyaların yerini deyəndə, deməyin ki: "Get masanın arxasında əyləş". Aydın izah edın: "Sola iki addım atıb stula əyləş". Bunların hamısını həyat təcrübəmdən bilmişəm. Əlilliyi olan insanlardan daimi məlumat toplamışam.

Əlilliyi olan insanlar bir birilərilə çox mehriban davranırlar, bir birilərinə dəstək olurlar. Bir dəfə məni Ramanada yerləşən Əlillərin Əmək və İstirahət evinə dəvət etmişdilər. Mən düşünürdüm, mən orada tək qala bilərəmmi? Amma orada olan əlilliyi olan adamlar mənə dedi: "Heç narahat olma, bizim yanımızda da heç kim qalmır, bir birimizə kömək edirik. Otaqda üç nəfər qalırıqsa, kimsə, məsələn, yemək yeyə bilmirsə, onu yedizdiririk".

Günlərim çətin keçir. Ünsiyyətimin az olmasından çox üzülürəm. Virtual ünsiyyət canlı söhbətin yeini vermir. Hərəkət məhdudiyyətinin ucbatından işlərim də qalır, tədbirlərə qatıla bilmirəm.

Maddi problemlər: müalicə, əlil arabası, onun təmiri və nələr-nələr...

Əlilliyi olan insanların bir çoxunda maddi problemlər var. Əsas problem - özü işləyə bilmir.

Və ailədə kimsə onun qayğısına qalmalıdır, adətən bu şəxs ana olur və o da işləyə bilmir.

Əlilliyin müalicəsi pul tələb edir, bir yerə getmək üçün nəqliyyat xərci tələb edir, uyğunlaşmış avadanlıq almaq lazımdır.

Dövlət tərəfindən əlil arabası verilir. Amma sabah əlil arabası qırılsa, yenisini yalnız üç ildən bir almaq olur. Arabanın həssas detalları olur ki, onları da təmir etmək olmur.

Azərbaycanda adətən əlil arabası qırılanda onu maşın və ya velosiped ustaları təmir edir. Bakıda bir nəfər var, Fizuli usta, yalnız o, indi yeni-yeni bu işlə məşğul olmaq istəyir. Mühəndis, mütəxəssis yoxdur.

Arabaların ən ucuzu üç yüz manatdan başlayır, motorlusu isə - min beş yüz - iki min manat arasıdır.

Üç yüz manatlıların da eləsi var ki, eni 54 santimetrdir və evdə istifadəyə o qədər də yaramır, çünki qapıdan çətinliklə keçir.

Oturacaqla qoltuğun arasındakı məsafə də müəyyən ölçüdə olmalıdır ki, oturan insanı narahat etməsin, xüsusi tibbi döşəkcələr və nələr-nələr... çox baha başa gəlir.

Əlilliyi olan insanlar dustaq həyatı yaşayırlar

Evin dördüncü mərtəbəsində yaşadığım üçün çıxmaq imkanlarım da yoxdur. Birinci mərtəbə olsaydı, bir pandus düzəltmək olardı. Sumqayıtda bir tanışım var, beşinci mərtəbədə yaşayır, özü üçün balkondan qalxıb-düşmək üçün su motorundan mexanizm düzəltmişdi.

Arabada oturub düyməni basırdı və düşürdü. Araba qalxıb enəndə yellənirdi. Həyatı üçün təhlükəlidir, amma o elə bir vəziyyətdə idi ki, çıxmaq, insanların arasında olmaq istəyirdi. Evdə olub üç-dörd il keçirən insan artıq "nəyin bahasına olursa, olsun" deyib özünə belə bir əlac tapmışdı.

Mən ona evini satıb birinci mərtəbədə və ya qəsəbələrin birində ev almağı məsləhət görmüşdüm, amma təəssüf ki, bu həmişə tək bizim istəyimizdən asılı deyil.

Bəzi ailələrdə əlilliyi olan insanlara münasibət çox pisdir. Biri deyir: "Atam razı deyil". Atası ilə danışıb soruşuram: "Niyə satmırsınız?" Atası cavab verir ki: "Yox e, biz burada dədə-babadan yaşamışıq, gedəsi deyilik". Bu, əsassız səbəblərdir. Əlilliyi olan insanlar dustaq həyatı yaşayırlar.

"Bax, səs salma, qonşular eşitməsin!"

Bir dəfə Bakı Türk Anadolu Liseyindən mənə müraciət etdilər ki, biz ehtiyacı olanlara əlil arabaları paylamaq istəyirik. Siyahı hazırlayıb bir-bir ehtiyacı olanlara zəng etməyə başladım.

Bir ailəyə zəng vurdum, bir xanım dəstəyi qaldırdı. Dedim: "Oğlunuzun əlil arabasına ehtiyacı varmı?"

"Bəli, var, nə yaxşı ki, zəng vurdunuz, elə axtarırdıq".

"O zaman oğlunuzu götürüb filan günü filan yerə gəlin ki, avtobus bizi gözləyəcək".

Xanım dedi: "Yox, o mümkün deyil".

"Hə, doğrudan da, arabanız yoxdur axı, çətin olar. Onda özünüz gəlin".

"Yox, ona görə deyil. Mən oğlumu ümumiyyətlə evdən bayıra çıxartmıram".

Vəfa Zeynalovadan başqa hekayələr:

Təəccübləndim: "Niyə?"

Dedi: "Biz beş ildir ki, təzə evə köçmüşük, doqquzuncu mərtəbədə yaşayırıq, qonşuların heç biri bilmir ki, mənim evimdə əlilliyi olan uşaq var. Utanıram onu çıxarmağa".

Uşağın iyirmi yeddi yaşı var idi. Düşündüm, bəlkə onun əqli problemi var. Amma oğlan telefonu götürüb mənimlə çox normal, mədəni danışdı. Dedim: "Xanım, mən sizə araba vermirəm. Heç olmasa oğlunuza kompüter alıb internetə qoşun ki, dünyadan xəbər alsın, cəmiyyətə qoşulsun"

Dedi: "Yox e, neyniyir kompüteri, icazə vermərəm, televizora baxsın da, "Krosnı" da almışam ona".

Yoldaşı artıq rəhmətə getmişdi, ana tək işləyirdi. Səhər evdən çıxanda qapını bağlayırdı və oğluna tapşırırdı: "Bax, səs salma, qonşular eşitməsin!"

Mənə elə gəlir ki, bunlar mentalitetlə bağlıdır. İnsan sanki əlilliyi olan qohumundan qaçmağa çalışır və özünü əmin edir ki, "məndə hər şey yaxşıdır, ailəmdə də həmçinin, heç bir qüsur yoxdur". İkinci tərəfdən isə cəmiyyətin münasibətidir.

140 manat pensiya, ildə 200 manatlıq müavinət və lazım olan 10 min manat

Oğlumun dörd yaşı var. Cəmi üç-dörd ayı olanda, onun fiziki inkişafının geriləməsi məlum oldu. Həkimlər oğlumda da yüngül formada uşaq serebral iflicinin olduğunu dedilər. Sadəcə maliyyə imkanlarımın qıtlığı ucbatından indiyə kimi müalicəsini etdirə bilməmişəm.

Hazırda bütün diqqətimi oğluma yönəltmişəm, çünki oelə bir vəziyyətdədir ki, müalicə ilə xəstəliyinin qarşısını alıb tamamilə sağaltmaq şansı çox böyükdür. İstəmirəm ki, oğlum gələcəkdə əlil arabasında olsun, arzulayıram, tam dolğun həyat yaşasın, vətənə xeyir gətirə bilsin, hərbi xidməti başa vursun, gözəl peşə sahibi olsun.

Müəyyən işlər görüb, uğur qazanmışdım, kitab yazmışdım. Amma bunlara baxmayaraq, kiməsə pul, yardım barədə müraciət etmək istəmirdim.

Sonradan düşündüm ki, qürur bu məqamdan mənə ziyan verir. Hər şeyi tulladım bir qırağa, qazandığım uğurları, qürurumu qoydum tərəzinin bir gözünə, digərinə isə oğlumu. Hər nə cür olsa olsun, əlimdən gələni çalışaram edim. Məliyyə baxımından da çətinliklər var.

Məsələn, hansısa bir layihə üzrə qrant almaq üçün gərək qeyri-hökümət təşkilatım olsun, bu isə yoxdur. Sadəcə müxtəlif təşkilatlara öz xidmətlərimi, layihələrimi təklif edə bilirəm.

Təlimlərimi təmənnasız keçirirdim, sadəcə özümlə kitablarımı özümlə gətirirdim və əldə etməyi təklif edirdim.

Üzv olduğum iki QHT-dən də xeyir görməyib çıxdım oradan, çünki işlərimə görə yalnız fəxri fərmanla təltif edilmişəm. O kağızların isə heç bir dəyəri yoxdur.

Hətta bütün nailiyyətlərimi sadalayıb müxtəlif dövlət qurumlarına da - Sumqayıt şəhər İcra Hakimiyyətinə, Əmək və Sosial Müdafiə Nazirliyinə, Prezident Aparatına məktublar yazıb oğlumun müalicəsində dəstək olmaqlarını xahiş etmişəm. Amma hər dəfə cavab gəlib ki, bu maddə üzrə vəsait nəzərdə tutulmayıb.

Uşağıma əlimdən gələni edirəm. Yayda onu öz qarşımda arabama otuzdurub aparıram gəzintiyə. İstəmirəm ki, məhdud çərçivələrdə yaşasın. Xasiyyəti çox açıqdır, özünə tez dost qazanmağı bacarır, oyuncaqlarını bölüşür.

Dövlət tərəfindən kömək müəyyən qanun-qaydalarla tənzimlənir. Məsələn, mənim oğlum Bakıda Nərimanov rayonunda yerləşən Uşaq Bərpa Mərkəzinə ildə cəmi bir dəfə gedə bilər.

Birinci qrup əlilliyi olan insanlar üçün dövlət tərəfindən ildə bir dəfə 200 manat məbləğində müavinat və aylıq 140 manat pensiya düşür (bundan 67 manat dövlət tərəfindən təyin olmuş təqaüd, 73 manat isə birinci qrup əlillərə düşən prezident təqaüdüdür). Bundan artıq mən heç nəyə güvənə bilmirəm.

Oğlumun tam müalicəsi üçün isə mənə on min manat lazımdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş