Aydın Mirzəzadə: “hansısa xarici təşkilatın dövlətləri qiymətləndirmə səlahiyyətini mənimsəməsi əcayib səslənir”

Ilqar Məmmədov Fotonun müəllifi Avropa Şurası
Image caption Human Rights Watch deyir ki, hazırda Azərbaycan həbsxanalarında İlqar Məmmədov kimi onlarla jurnalist, siyasi və vətəndaş cəmiyyəti fəalları var.

Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatı dərc etdiyi illik hesabatında Azərbaycan hökumətinin 2017-ci ildə tənqidçilərini əzməyə davam etdyini deyir.

HRW iddia edir ki, 2017-ci ildə Azərbaycan məhkəmələri siyasi motivli və ədalətsiz proseslərdə ən azı 25 jurnalist, siyasi və gənc fəala həbs cəzası kəsib.

Təşkilat həmçinin iddia edir ki, bu dövrdə eyni səbəblərə görə onlarla insan saxlanılıb, cinayətdə ittiham olunur, ölkəni tərk edib və ya xaricə getmələri qadağan edilib.

HRW ölkədə sərt qanun və qaydaların azad təşkilatlara işlərini davam etməyə və maliyyələşməyə imkan vermədiyini və saxlanma vaxtı insanların hələ də pis rəftar və işgəncələrlə üzləşdiklərini iddia edir.

Bununla yanaşı HRW bu il lezbiyan, gey, biseksual və transgender (LGBT) icmasının onlarla üzvünün həbs edildiyini qeyd edir.

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev BBC Azərbaycancaya müsahibəsində HRW-u "Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv" qurum adlandırıb və hesabatı şərh etmədiklərini deyib.

YAP İcra Katibliyinin şöbə müdiri, millət vəkili Aydın Mirzəzadə "hansısa bir QHT"-nin dövlətlərə qiymət verməsinin düzgün olmadığını" və buna "son qoymaq" lazım olduğunu bildirir.


Həmçinin oxuyun:


Millət vəkili Aydın Mirzəzadə BBC Azərbaycancaya müsahibəsində "hansısa xarici təşkilatın dövlətləri qiymətləndirmə səlahiyyətini" mənimsəməsinin "əcaib" səsləndiyini deyir.

"Bu haqqı onlara kim verib?! Nə haqla bu və ya digər dövləti siyahıya tutur, qiymət verir, onların üzərində hakimlik funksiyası yerinə yetirir", o sual edir.

HRW təşkilatını "özünü dünyanın ali məhkəməsi" hesab edən "xaricdə şübhəli mənbələrdən maliyyələşən bir qrup insan" adlandıraraq hesabatdakı iddiaları qiymətləndirməyib.

HRW hesabatının Azərbaycan barədəki bölməsi 6 əsas mövzuya bölünüb.

Fotonun müəllifi HRW

Hökumət tənqidçilərinin təqibi

Hesabatda qeyd edilir ki, 2017-ci ildə hökumət inzibati və cinayət məcəllələrinin bir neçə maddəsindən istifadə edərək tənqidçiləri susdurmağa cəhd göstərib.

Bu mövzuda hesabat nümunə olaraq 2017-ci ilin yanvar ayında Nardaran hadisəsilə bağlı Taleh Bağırzadə də daxil olmaqla 18 nəfərə qarşı verilən hökmü göstərir.

Adları çəkilən digər şəxslər arasında, keçən ilin yanvar ayında həbs edilmiş gənc fəal Elgiz Qəhrəman-da var. Hesabatda onun, saxlanma dövründə işgəncəyə məruz qalması və zor tətbiqi və cinsi zorakılıq hədələri ilə ondan məcburi alınan ifadəyə dair iddialarının araşdırılmadığını deyir.

Bununla yanaşı hesabat qeyd edir ki, 2017-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 3 üzvü həbs edilərək ədalətsiz məhkəmələrlə üzləşib.

Hesabat onların Azadlıq qəzetini maliyyə direktoru Faiq Əmirli, siyasi və internet fəali Fuad Əhmədli və AXCP sədr müavini Gözəl Bayramlı olduqlqarını bildirir.

Hesabat həmçinin Respublikaçı Alternativ (ReAl) hərəkatının sədri İlqar Məmmmədovun AİHM-nin qərarına baxmayaraq hələ də həbsdə qaldığını vurğulayır və həbsə qalmış digər jurnalist və fəallar arasında Seymur Həzi, Nicat Əliyev, İlkin Rüstəmzadə, Bayram Məmmədov, Murad Adilov, Məmməd İbrahim və Asif Yusiflinin də olduğunu da qeyd edir.

Jurnalist Xədicə İsmayılova və insan haqları fəali İntiqam Əliev kimi azadlığa buraxılan bəzi şəxslər hələ də xaricə səyahət qadağaları ilə üzləşir, hesabat bildirir.

Onların azad edilməsinə baxmayaraq azad edilən jurnalistlər və fəallara qarşı ittihamlar ləğv edilməyib, hesabat vurğulayır.

Hesabat həmçinin xaricdə yaşayan bəzi fəalların ailə üzvlərinə qarşı təziyqlər olduğunu bildirir. Misal olaraq, onların arasında Niderlandda yaşayan video bloger Orduxan Teymurxan və Gürcüstanda yaşayan tənqidçi Vidadi İsgəndərlinin olduğunu qeyd edilir.

Fevral ayında polis Orduxanın 12 ailə üzvünü müvəqqəti olaraq saxlayıb, iyun ayında isə Vidadi İsgəndərov beş ailə üzvünün işlərindən uzaqlaşdırıldığını deyib.

Hesabat oktyabr ayında Milli Məclisin Vəkillərin Nümayəndəlik İnstitutunu ləğv etmək qərarının siyasi səciyyəli məhkəmə işlərində iştirak etməyə razı olan vəkillərin sayını azaldacağını bildirib.

Buna səbəb olaraq, hesabat "müşahidəçilərin" Azərbaycan Vəkillər Kollegiyasını hökümətdən azad olmamaqda ittiham etdiyini bildirib.



Media Azadlığı

Hökuməti qondarma ittihamlarla jurnalistləri və blogerləri həbs etməyə davam etməkdə təqsirləndirən hesabat, ən azı 10 jurnalist və ya blogerin həbsdə olduğunu deyir.

Hesabatda adları çəkilən jurnalistlər arasında, AzelTV-nin keçmiş baş redaktoru Əfqan Sadıqov, Gürcüstanın paytaxtı Tbilisidən may ayında məcburən qacırıldığını deyən Əfqan Muxtarlı və may ayında saxlanılan, Kanal 13 direktoru Əziz Orucov da da var.

Hesabatda həmçinin bir müddət vergidən qaçınma iddiaları ilə üzləşən Turan Xəbər Agentliyi və onun bir müddət saxlanmış direktoru Mehman Əliyevin də adı çəkilir.

Bununla yanaşı hesabat bildirir ki, may ayında hökumət Azadlıq Radiosu, Azadlıq qəzeti və Berlində yerləşən Meydan TV-nin internet saytlarını daimi bloka salıb.

Mart ayında Milli Məclis internet mediası üzrə hökumətin idarəçiliyini artırmağa yönəlmiş yeni qanunlar qəbul edib və iyun ayında internetdə prezidentin şərəf və ləyaqətini ləkələyənlərə qarşı həbs cəzasının müddətini beş ilə qaldırıb, hesabat qeyd edir.



Birləşmək azadlığı

Birləşmək azadlığı barədə narahatlıq ifadə edərək, hesabat Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinə dair məhdudiyyətlər nəticəsində azad təşkilatların maliyyləşməsində sərt problemlərin yarandığını deyir.

EITI qurumunun təzyiqindən sonra nazirlər kabineti QHT-lərin beynəlxalq donorlardan maliyyləşmə qaydalarına dəyişiklər etsə də, yeni qanunlar hökumətin maliyyə qrant sazişlərinin qeydiyyatdan keçirilməsinə dair şərtsiz səlahiyyətini və QHT-lərin fəaliyyətini məhdudlaşdıran digər qaydaları da ləğv etməyib.

Dəyişiklərdən sonra MHŞT ilə əməkdaşlıq edən bəzi qurumların dondurulmuş bank hesabları açılsa da, hökumət onlarla təşkilatın bank hesablarını qapalı saxlayıb, hesabat bildirir. Bir çox QHT rəhbərinə qarşı xaricə səyahət qadağası ilə hələ də qüvvədədir.

Saxlanma vaxtı pis rəftar

Hesabatda qeyd olunur ki, 2017-ci ildə Azərbaycanda işgəncə və pis rəftar halları cəzasız davam edib. Bu iddianı əsaslandırmaq üçün, hesabatda 2015-ci ilin noyabr ayında Nardaran hadisəsi zamanı həbs edilən 17 nəfərin ifadələrini misal gətirilir.

Nardaran hadisəsindən sonra həbs edilmiş şəxslər Daxili İşlər Nazirliyinin Organized Crime Unit qərargahında başlarına torba ötülərək, əlləri qandallı şəkildə dəyənəklərlə döyüldüklərini, cinzi orqan və ayaq nahiyyələrində elektro-şoka məruz qaldıqlarının iddia ediblər, hesabat vurğulayır.

Bununla yanaşı, hesabat keçən ilin yanvar ayında jurnalist Mehman Hüseynovun döyülərək saxlandığını və bundan şikayət etdiyindən sonra onun böhtan ittihamı ilə 2 il müddətinə həbs edildiyini deyib.

2016-cı ilin may ayında boyadığı siyasi qraffitiyə görə 10 il həbs cəzası çəkən Qiyas İbrahimovun işgəncə iddiaları da araşdırılmayıb, hesabat vurğulayır.

Cinsi orientasiya və gender identikliyi

HRW sentyabr ayında gey və ya biseksual olduğu ehtimal olunan şəxslər və transgenderlərin kütləvi saxlanmasına diqqət cəlb edərək, saxlanılmış şəxslərlə pis-rəftar edərək onlardan rüşvət və LGBT icmasının digər üzvləri barədə məlumat əldə etdiyini deyir.

Hesabat onların bəzilərinə ədalətsiz məhkəmələr nəticəsində 30 günəcən həbs cəzası verildiyini və onların saxlanma vaxtı işgəncə və pis rəftar iddialarının hakimiyyət orqanları tərəfindən araşdırılmadığını vurğulayıb.

Əsas Beynəlxalq Qüvvələr

Hesabatda deyilir ki, ABŞ və Avropa İttifaqı da daxil olmaqla Azərbaycanın beynəlxalq əməkdaşları, ölkədə tənqidçilərin təqibinə dair narahatlıq ifadə etməsinə baxmayaraq, ikitərəfli əlaqələrindən istifadə edərək Azərbaycanda mənalı dəyişiklik əldə edə bilməyiblər.

Hesabat Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqların keçirilməsinə şərt olaraq Aİ-nin Azərbaycan hökuməti tərəfindən həbs edilmiş fəal və jurnalistlərin azad edilməsi və ya QHT-lərə qarşı məhdudiyyətlərin yumşalmasını tələb etməməsindən şikayətlənir.

HRW həmçinin qeyd edir ki, iyun ayında, Avropa Parlamenti Əfqan Muxtarlının "qaçırılması"nı tənqid edərək, o və digər siyasi fəalların dərhal azad edilməsini tələb edib.

Oktyabrda Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökuməti İlqar Məmmədovu azad etməməklə Avropa İnsan Haqları Məhkəməsinin qərarına riayət etmədiyinə görə, Azərbaycana qarşı "pozuntu prosedurlarına" başlayıb, hesabatda bildirilir.

Eyni dövrdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanla bağlı qəbul etdiyi iki qətnamədə Azərbaycandan "tənqidçilərin fasiləsiz əzişdirilməsini" sona qoymağa çağırıb, hesabat vurğulayır.

Bu barədə daha geniş