Azərbaycan: Hepatit B və hepatit C-nin də nikahdan qabaq müayinə olunan xəstəliklərə artırılması təklif edilir

Bakı bulvarı

Azərbaycanda nikah bağlamaq istəyənlərin müayinə oldunduğu xəstəliklərə hepatit B və hepatit C-nin də artırılması təklif olunur.

Həftənin birinci günü parlamentin səhiyyə komitəsinin iclasında deputat Musa Quliyev bildirib ki, nikahdan əvvəl bir necə xəstəlik üzrə məcburi müayinənin həyata keçirilməsi müsbət haldır: "Bu, gələcəkdə sağlam nəslin yetişməsində böyük rol oynayır".

Trendin xəbərinə görə, komitənin sədr müavini Musa Quliyev deyib ki, hepatit B və hepatit C-nin də xəstəliklərin müayinəsi paketinə salınması üçün Ailə Məcələsinə dəyişiklik etmək lazımdır.

Səhiyyə komitəsinin iclasında Milli Məclisin yaz sessiyasına çıxarılacaq bəzi qanunlar müzakirə olunub.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimova hesab edib ki, Azərbaycanda stomatoloji xidmət haqqında qanun layihəsinin hazırlanmasına ehtiyac var. Onun fikrincə, bunu şərtləndirən amil ölkədə stomatoloji kabinetlərin sayının artmasıdır.

Komitənin üzvü İlham Məmmədov isə bildirib ki, şəkər xəstələri üçün dərman bazarının mühüm strateji sahə kimi qiymətləndirilməsi lazımdır.

Deputat Rəşad Mahmudov isə Azərbaycanda ölümün ən əsas səbəbinin ürək-damar sistemi xəstəlikləri olduğuna diqqət çəkərək bununla bağlı dinləmələr keçirilməsini istəyib.

Fotonun müəllifi Getty Images
Image caption Autizm xəstələri üçün ayrıca dövlət proqramının hazırlanması təklif edilir

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov autizm xəstələri üçün ayrıca dövlət proqramının hazırlanmasını təklif edib. O bildirib ki, autizm xəstələrinə tibbi sosial yardımın göstərilməsi vacibdir:

"Belə xəstələrə tibbi-sosial yardıma ehtiyacı olan xəstələrdir. Tərəfdarıyam ki, autizm xəstələri üçün ayrıca bir dövlət proqramı hazırlansın".

Ə.Əmiraslanov qeyd edib ki, 2018-ci ilin yaz sessiyası ərzində "Psixoloji yardım haqqında", "Reproduktiv sağlamlıq haqqında", "Optika və optikaçılıq haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" qanun layihəsi ilə bağlı dinləmələr həyata keçiriləcək.

Bu barədə daha geniş