Bahalaşma: Spirtli içkilərin, tütün məmulatlarının qiyməti arta bilər

siqaret
Image caption İdxal tütün məmulatlarına aksiz dərəcələri artırlıb

Dekabrın 23-dən bəzi idxal yanacaq və spirtli içkilərə, o cümlədən, tütün məmulatlarına təyin edilən yeni aksiz dərəcələri bu gündən qüvvəyə minir.

Nazirlər Kabinetinin ötən dekabrda verdiyi qərara görə, ölkə ərazisinə gətirilən və aksiz vergisinə cəlb edilən müxtəlif spirtli içki, tütün məmulatları, habelə bəzi yanacaq məhsullarına tətbiq edilən aksiz dərəcələri artırılıb.

Azərbaycana gətirilən və oktan ədədi 95-dən az olan benzinin aksiz vergisi 1 tonu üçün 200 manat olub.

İqtisadçı Natiq Cəfərli BBC Azərbaycancaya deyir ki, bu, ölkəyə gətirilən benzini, o cümlədən, digər aksiz dərəcəsi artırılmış idxal məhsullarını bahalaşdıracaq.

"Sahibkarlar ödədikləri istənilən xərcləri sonradan məhsul və xidmətlərin satış qiymətinə əlavə edirlər".

Natiq Cəfərli deyir ki, yeni aksiz dərəcəsi idxal benzinə tətbiq edildiyi üçün 92 markalı benzinə aid deyil, çünki "92 markalı benzinin qiymətinə Tarif Şurası nəzarət edir".

İqtisadçı deyir ki, adətən, büdcədə problemlər olanda tütün məmulatları və alkoqollu içkilərin qiymətləri artırılır: "Çünki onlar sosial tələbat məhsulları deyil".

Ancaq Natiq Cəfərli onu da vurğulayır ki, qonşu ölkələrlə müqayisədə qiymətlərdə kəskin fərq yaranarsa, bu, qaçaqmalçılıq hallarının artmasına gətirib çıxara bilər.

Bu barədə daha geniş