Bayıl sürüşməsi: Sakinlər Qobuya köçürülmək istəmirlər, ya evlərinə qayıtmağı, ya da kompensasiya ödənilməsini tələb edirlər

Bayıl
Image caption Bayıl yamacında sürüşmə hələ də davam edir

Rəsmi məlumata görə sürüşməyə meylli ərazidə 67 ev müəyyən olunub. Orada yaşayan 390 nəfər Səbail RİH tərəfindən köçürülüb.

Onlardan 34 ailə məcburi köçkünlər olub. Bu barədə BBC Azərbaycancaya Səbail Rayon İcra Hakimiyyətindən bildiriblər.

Sürüşmə sahəsində yaşayan sakinlərdən Mahur Əhmədova deyir ki, onun ailəsi 1993-cü ildə burada məskunlaşıb.

"Mən 9 nəfər ailə üzvümü aparıb kimin evində saxlayım? Tikinti aparanda məmurların xəbəri olub".

Məcburi köçkün Şəhla Aslanova isə deyir ki, onları müvəqqəti olaraq 163 nömrəli məktəbə köçürüblər.

Sakin sığınacaqda yataq, yemək kimi təminatlarının ödənildiyini desə də tezliklə evlərinə qayıtmaq niyyətində olduğunu bildirir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Bayıl torpaq sürüşməsi: "Mən gedim kimin evinə sığınım"

"Evlərimizdə indiyədək şərait qurub yaşamışıq. Bizə deyilib ki, 3 gün sığınacaqda qalacaqsız sonra Nazirlər Kabineti məsələni həll edəcək. Qobuya köçürülmək istəmirəm ya evimə qayıdım ya da ev yarasızdırsa pulumu verin gedib başqa yerdə ev tikim özümə"- Şəhla Aslanova deyir.

Səbail rayon İcra Hakimiyyətindən BBC Azərbaycancanın sorğusuna cavab olaraq bildirilib ki, rayon icra başçısı Eldar Əzizov sığınacaqda olan sakinlərlə görüşüb.

Onlara Nazirlər Kabinetinin qərarıyla köçürdükləri müddətdə kirayə haqqının ödəniləcəyi deyilib.

Qurumdan onu da bildiriblər ki, köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, 42 nəfər isə yaradılmış müvəqqəti sığınacaqda yerləşdirilib.

Onlarım məişət və qidalanma məsələləri həll olunub, sığınacaqda həkim postu yaradılıb.

Bayıl yamacında sürüşmə hələ də davam edir

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji planlaşdırma ekspedisiyasının rəisi Əziz Qaralov BBC Azərbaycancaya deyib.

Bakıda Bayıl yamacında, Televiziya Qülləsinin ətrafında ötən noyabrdan bəri başlayan sürüşmə davam etdiyindən ərazidə yaşayan sakinlər müvəqqəti sığınacaqlara köçürülüb.

BBC Azərbaycancaya danışan sakinlər deyirlər ki, onlar bu köçürmələrdən narahatdırlar, bilmirlər ki, nə vaxt evlə təmin ediləcəklər, ümumiyyətlə, onlara ev veriləcəkmi.

Image caption Şəhla Aslanova başqa yerı köçmək istəmir və pul təzminatı tələb edir

"Bayıl yamacı hələ də sürüşür"

Əziz Qaralov deyir ki, sürüşmə prossesi bu gün də davam edir: "Aktivlik noyabr ayından başlamış və dekabrda artıq çatların eni 1 metrə çatmışdı. Yanvarda isə çatların eni 1.6 metr, dərinliyi isə 4-5 metrə çatır".

Nazirlik rəsmisi onu da bildirib ki, sürüşmə ərazisindəki hadisələr uzun illərdir müşahidə olunur. Onun sözlərinə görə, hələ 1847-ci ildə orada ilk belə hadisə qeydə alınıb.

"Prosesin aktivləşməsinə səbəb gərginliyin artması, atmosfer çöküntüləri və insan amilidir".

O, həmçinin bildirib ki, ərazidə məskunlaşma aparılanda və tikinti olanda onlara müraciət olunmayıb.

"Bizə müraciət olunmur, ev çatlayandan sonra deyirlər baxın görək niyə çatlayıb". Halbuki müvafiq qanuna görə, bizdən arayış almalıdırlar, tikintidən qabaq fikrimiz soruşulmalıdır".

Əziz Qaralov vurğulaylr ki, FHN və ETSN-nin sürüşməyə meylli ərazilərdə tikinti ilə bağlı xüsusi arayışı olmalıdır.

Image caption Bayıl yamacındakı sürüşməyə görə Teleqüllə yaxınlığındakı sakinlər köçürülüb

Sakinlər müvəqqəti sığınacağa yerləşdiriliblər

Səbail Rayon İcra Hakimiyyətindən BBC Azərbaycancaya bildiriblər ki, ərazidəki sakinlərə qohum və tanışlarının evində müvəqqəti məskunlaşmaq tövsiyə olunub.

Başqa yerdə gecələməyə imkanı olmayan sakinlər isə rayon ərazisindəki idarə, təşkilat və müəssisələrdə yaradılmış müvəqqəti sığınacaqlara yerləşdirilib, icra hakimiyyətindən deyiblər.

Sakinlərin əksəriyyəti rayon ərazisindəki 49 və 51 saylı orta məktəblərdə yaradılan sığınacaqda məskunlaşıb.

İcra Hakimiyyətindən onu da dedilər ki, sığınacaqda yerləşdirilən sakinlər qida və su ilə təmin olunub.

Sürüşmə ərazisi hazırda polis nəzarətindədir və hadisənin ciddiliyi nəzərə alınaraq xüsusi qərargah yaradılıb.

Sürüşmə olan yerlərdə quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən dəyişikliklər barədə dərhal qərargaha məlumat ötürülür.

Sürüşmə ərazisi Teleqüllədən 200-250 metr cənub-şərqdə yerləşir.

Əlaqəli mövzular

Bu barədə daha geniş