"YAP-ın prezidentliyə namizədi İlham Əliyevdir"

Fotonun müəllifi AzerTAG

Yeni Azərbaycan Partiyası növbəti dəfə prezident İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcək, hakim partiyanın rəsmisi bildirib.

"Yeni Azərbaycan Partiyası növbəti dəfə prezident İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcək. İlham Əliyevin cəmiyyətdə yüksək reytinqi onun qələbəsi üçün əsas yaradır. Gənclər də seçkilərin yüksək səviyyədə keçməsi üçün fədakarlıqlar etməlidir. Əminəm ki, gənclər bunu dərk edirlər", baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov YAP Gənclər Birliyinin 2017-ci ildəki fəaliyyətinin yekunlarına və 2 fevral-Azərbaycan Gəncl¬r Gününə həsr olunan tədbirdə bildirib.

Azərbaycanda prezident seçkiləri 2018-ci il oktyabrın 17-də keçiriləcək. İlham Əliyev 2003-cü, 2008-ci, 2013-cü ildə Azərbaycan prezidenti seçilib.

Azərbaycanda 2016-cı ildə keçirilmiş referenduma əsasən, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılıb.

Referendumun nəticələrinə görə, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyəti verilib və prezident vəzifəsinə namizədin 35 yaş olan minimal yaş həddi aradan qaldırılıb. Prezident dövlət başçısı səlahiyyətlərini icra edə bilməyəndə onun səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.

Referendum nəticələrinə görə təsis edilmiş birinci vitse-prezidentlik postunu hazırda birinci ledi Mehriban Əliyeva tutur.

YAP-dan başqa, Müsavat və Klassik Xalq Cəbhəsi (KXCP) partiyaları öz namizədlərini açıqlayıb. Müsavat Partiyası keçmiş başqanları İsa Qəmbəri, KXCP isə hazırkı sədrləri Mirmahmud Mirəlioğlunu müdafiə edir.

Bu barədə daha geniş