Növbədənkənar prezident seçkisinə nə vaxt start veriləcək?

Image caption Foto. Arxiv. 2013-cü ilin prezident seçkisi

Mərkəzi Seçki Komissiyası (MSK) seçkinin başladığı günü yaxın vaxtlarda ictimaiyyətə açıqlayacaq.

Bu barədə MSK-nın mətbuat xidmətindən BBC Azərbaycancaya məlumat verilib.

Qurumun mətbuat katibi Şahin Əsədli bildirib ki, MSK "növbədənkənar prezident seçkisi elan olunmasından sonra ilk iclasını" keçirəcək:

"İclasda tələb olunan bütün məsələlərə baxılacaq və qərarlar qəbul olunacaq. Bundan sonra seçkinin keçirilməsi ilə bağlı məlumat veriləcək".

Seçki Məcəlləsinin 179-cu (növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsinə əsasən, növbədənkənar prezident seçkiləri ilə bağlı qərar qəbul edildiyi gündən başlayaraq, bir həftədən gec olmayaraq, seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 2 ay ərzində keçirilir.

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkisi keçiriləcək.

Bu barədə ölkə prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezident.az saytında yerləşdirilmiş sərəncama əsasən, seçkinin bu il aprelin 11-də keçirilməsi nəzərdə tutulur.

Sərəncamda növbədənkənar seçkinin səbəbləri barədə məlumat verilmir.

Azərbaycanda prezident seçkisinin bu ilin payızında keçirilməsi nəzərdə tutulmuşdu.

3 siyasi qurum öz namizədini açıqlayıb

Hələlik Müsavat və Klassik Xalq Cəbhəsi (KXCP) partiyaları rəsmi olaraq, öz namizədlərini açıqlayıb.

Müsavat Partiyası keçmiş başqanları İsa Qəmbəri, KXCP isə hazırkı sədrləri Mirmahmud Mirəlioğlunu müdafiə edir.

Yeni Azərbaycan Partiyası isə növbəti dəfə prezident İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcək, hakim partiyanın sədr müavini-icra katibi Əli Əhmədov bu günlərdə açıqlayıb.

İlham Əliyev 2003-cü, 2008-ci, 2013-cü ildə Azərbaycan prezidenti seçilib. Əgər hakim partiya onun namizədliyini rəsmi şəkildə irəli sürsə, bu, onun 4-cü prezidentliyə namizədliyi olacaq.

Azərbaycanda 2016-cı ildə keçirilmiş referenduma əsasən, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılıb.

Referendumun nəticələrinə görə, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyəti verilib və prezident vəzifəsinə namizədin 35 yaş olan minimal yaş həddi aradan qaldırılıb. Prezident dövlət başçısı səlahiyyətlərini icra edə bilməyəndə onun səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.

Referendum nəticələrinə görə təsis edilmiş birinci vitse-prezidentlik postunu hazırda birinci ledi Mehriban Əliyeva tutur.

Əlaqəli mövzular

Bu barədə daha geniş