Növbədənkənar prezident seçkisi elan edildi: siyasətçilər və təhlilçilər şərh edir

secki
Image caption Foto. Arxiv.

Azərbaycanda aprelin 11-ə planlaşdırılan növbədənkənar seçkilərin keçirilmə səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Siyasətçilər, şərhçilər və deputatlara görə, növbədənkənar seçkilərin yarım il əvvəl keçirilməsinin müxtəlif səbəbləri ola bilər.

Müxalifət lideri İsa Qəmbər hesab edir ki, bu "hakimiyyətdaxili münasibətlərin böhran həddinə çatması ilə bağlıdır".

Siyasi təhlilçi Azər Rəşidoğlu düşünür ki, bu qərar regiondakı siyasi proseslərdən qaynaqlanır.

Bitərəf millət vəkili Zahid Oruc isə deyir ki, qərar, ilk növbədə, 2025-ci il ildə parlament və prezident seçkilərinin Konstitusiyada aparılmış dəyişikliklər nəticəsində üst-üstə düşəcəyi ilə bağlıdır.

Hakim partiyadan deputat Aydın Mirzəzadə növbədənkənar prezident seçkilərini BBC Azərbaycancaya şərh edərkən deyib ki, bunun hər hansı bir digər siyasi, iqtisadi, və yaxud da ki, ekstremal səbəbi yoxdur, bu Konstitusiyada nəzərdə tutulub.

İsa Qəmbər: "Böhran dərinləşir"

Fotonun müəllifi Getty Images
Image caption İsa Qəmbər: "Başa düşürlər ki, cəmiyyətdəki narazılıq artır və bu səslərdə özünü açıq-aydın göstərəcək".

"Növbədənkənar prezident seçkisinin elan edilməsi göstərir ki, hakim rejimin Azərbaycanda vəziyyəti kifayət qədər mürəkkəbdir", Müsavat partiyasının prezidentliyə namizədi İsa Qəmbər BBC Azərbaycancaya deyib.

Onun fikrincə, hakimiyyət seçkini qanunla nəzərdə tutulduğu vaxt, yəni oktyabra salardısa, bu müddətdə "vəziyyətin ağırlaşacağını dərk edirdi".

İsa Qəmbər deyir ki, "hakimiyyət böhranın getdikcə dərinləşdiyini anlayır":

"Başa düşürlər ki, cəmiyyətdəki narazılıq artır və bu səslərdə özünü açıq-aydın göstərəcək".

Keçmiş Müsavat başqanı hesab edir ki, "Əliyev rejiminin əsəs dayaqlarından biri Rusiyadakı Putin rejimidir. Beynəlxalq birliyin Putin rejiminə sanksiyaları artdığı bir vəziyyətdə onların Azərbaycandakı siyasi rejimə ciddi dəstək verməsi daha çətindir".

"Bütün bu amilləri nəzərə alan İlham Əliyev hakimiyyəti seçkiləri xeyli önə çəkərək aprelin 11-də tələm-tələsik keçirməklə öz hakimiyyətinin ömrünü uzatmağa cəhd göstərir".

İsa Qəmbər hesab edir ki, cəmiyyət bunu ciddi şəkildə dəyərləndirməlidir.

"Demokratik düşərgə, aparıcı siyasi qüvvələr də prinsipial ardıcıl qərarlar verməlidirlər", o deyir.

Regiondakı proseslər

Image caption Foto. Arxiv.

Siyasi şərhçi Azər Rəşidoğlu isə BBC Azərbaycancaya müsahibəsində erkən prezident seçkilərinin keçirilməsində daha çox iki amilin rol oynadığını düşünür.

Onun fikrincə, 2016-ci il referendumundan sonra prezident seçkilərinin tez keçiriləcəyi bəlli idi.

Azər Rəşidoğlu "erkən seçki" qərarına "hakimiyyətdaxili qarşıdırmanın kəskinləşməsini səbəblərdən biri kimi görür, deyir ki, "prezident bununla öz komandasında qarşıdurmanı durdurmaq məcburiyyətində qalıb və bu seçkiyə hazırlaşmaqla savaş istər-istəməz səngiyəcək".

Azər Rəşidoğlu mart ayında Rusiyada prezident seçkisi olacağını və elə həmin ayda Ermənistanın parlament respublikasına keçəcəyini xatırladır və deyir ki, regiondakı bu proseslər Azərbaycanda da erkən seçkini şərtləndirən amillərdən biri idi.

"Ermənistan parlament üsul-idarəsinə keçəndən və Rusiyada Putinin növbəti qələbəsi təmin olunandan sonra rəsmi Yerevan Qarabağla bağlı hansısa güzəştlərə vadar edilə bilər. Bir neçə rayonun qaytarılması söhbəti ortaya çıxa bilər və bu, Ermənistanda vəziyyəti gərginləşdirə bilər. Görünür o vaxta qədər İlham Əliyev prezident seçkisinin taleyini həll etmək istəyir".

Azər Rəşidoğlu onu da düşünür ki, yaxın vaxtlarda əfv fərmanı ilə siyasi məhbusların çox böyük hissəsi azad olunacaq və bununla da hüquq müdafiəçilərinin arqumentləri əlindən alınacaq.

"Hər hansı siyasi, iqtisadi, və yaxud da ki, ekstremal səbəb yoxdur"

Hakim partiyadan Milli Məclisdə təmsil olunan deputat Aydın Mirzəzadə növbədənkənar prezident seçkilərini BBC Azərbaycancaya şərh edərkən deyib ki, bunun səbəbi 2018-ci ilin dövlət üçün çox əhəmiyyətli olmasıdır.

Aydın Mirzəzadə deyib ki, "Bir sıra dövlət tədbirləri keçiriləsidir, Xalq Cumhuriyyətinin elan olunmasının 100 illiyi, parlamentin yaradılmasının 100 illiyi, Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi, Azərbaycan bayrağının qəbul edilməsinin 100 illiyi, mart ayında erməni hərbi dəstələri tərəfindən azərbaycanlılara qarşı soyqırımın həyata keçirilməsinin 1 əsri tamam olur".

Millət vəkilinin sözlərinə görə, bütün bu ildönümləri ölkədə və ölkədən xaricdə silsilə tədbirlər kimi qeyd ediləcək və bu baxımdan, həm də bu ilin prezident seçkiləri ili olduğunu nəzərə alsaq, cəmiyyət özünün fəaliyyətini bir neçə əsas istiqamət üzərində qurmalı olacaqdı.

Bunu aradan qaldırmaq üçün prezident seçkilərini Konstitusiyaya uyğun olaraq yarım il ertələdilər, qabağa çəkdilər və digər tədbirlər də öz axarı ilə davam edəcək, cənab Mirzəzadə bildirib.

Aydın Mirzəzadə əlavə edir ki, "Bunun hər hansı bir digər siyasi, iqtisadi, və yaxud da ki, ekstremal səbəbi yoxdur. Bu Konstitusiyada nəzərdə tutulub və erkən seçkilərin keçirilməsi dünyada qəbul edilmiş bir praktikadır. Azərbaycan da bu praktikadan istifadə edib".

Zahid Oruc: "Kimlərsə gözlənilməz vəziyyətdə yaxalanıblar"

Fotonun müəllifi Ismayil Nur

Bitərəf deputat Zahid Oruc BBC Azərbaycancaya müsahibəsində bildirib ki, 25 ildir ki, Azərbaycanda hakimiyyətin formalaşdırılması konstitusion əsaslarla həyata keçirilir.

"Ölkə rəhbəri tərəfindən növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarın verilməsi - dərhal fövqəladə hadisələr, mütləq müharibə şəraiti, Qarabağ məsələləri üçün ya silahlı əməliyyatlar keçiriləcəkdir və ya total güzəşt hazırlanır kimi qənaətləri tələb eləmir", deyən Zahid Oruc müsahibəsində əlavə edib ki, bu, "doğru yanaşma" deyil.

Milli Məclisin deputatı hesab edir ki, "qərar, ilk növbədə, 2025-ci il ildə parlament və prezident seçkilərinin Konstitusiyada aparılmış dəyişikliklər nəticəsində üst-üstə düşəcəyi ilə bağlıdır".

Zahid Oruc əlavə olaraq deyir ki, dövlət rəhbərinin belə bir səlahiyyəti var.

"Kimlərsə gözlənilməz vəziyyətdə yaxalanıblar, kimsə hazırlıqsızdır, qəfil baş veribdir və "zaman amili də rəqib qüvvələri və düşərgəni seçkilərdə uduzdurmağın tərkib hissəsidir" deyənlər də səmimi deyillər. 25 ildir özlərini hakimiyyətə hazırlıqda sınayanlar aprel ayının 11-də deyil, oktyabr ayının 18-də məğlub olmanı doğrudanmı təqvimin günləri ilə müəyyənləşdirəcəkdilər?" deyə cənab Oruc sual edib.

Millət vəkili, erkən seçkinin səbəbinin Ermənistanın aprelin 7-dəki seçkilərini təkrarlamaq istəyi və ya Rusiya amili, yaxud da ki, beynəlxalq təşkilatların diqqət və nəzərindən kənarda qalmaq istəyinin də olduğunu söyləyənlərin də mövqelərini "açığı ciddiyə almadığını" deyir.

O hesab edir ki, "hakimiyyət içi hansısa qüvvələr varmış... onlar böhran vəziyyəti formalaşdırırlar... bu üzdən də məhz seçkiyə gedilibdir ki, vahid qüvvə halına gəlmək mümkün olsun" kimi fikirlər həqiqətə uyğun deyil.

Zahid Oruc sual edir ki, "məgər İlham Əliyevin qarşında dayanan hansısa hakimiyyətdaxili bir qüvvəni məhz seçki amili ilə aradan qaldırmaq lazımdır?! Bu versiya da dayanıqlı deyil, axıra kimi tənqidlərə tab gətirmir".

Onun sözlərinə görə, İlham Əliyev son üç il ərzində hakimiyyət komandasında çox ciddi dəyişikliklər edib, aprelin 11-dən sonra da qalib gəldiyi təqdirdə bu dəyişikliklər davam edəcək.

"Qanuni olsa da, gözlənilməz idi"

Seçki Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzindən (SMDT) Anar Məmmədli deyir ki, sərəncam qanuni olsa da gözlənilməz oldu.

"Prezidentin belə hüququ var, amma belə tez zamanda öncədən ən azı məlumat verilə bilərdi. Azərbaycan ictimaiyyəti və Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar qəflətən yaxalandı və belə deyək, cəmiyyət bu seçkiyə hazır deyil. Bu hazırlıqsızlığı hakimiyyət mənə elə gəlir ki, yaxşı qiymətləndirir. Belə zamanı seçiblər ki, elə dövrə təsadüf etsin ki, tələm-tələsik seçkini keçirə bilsinlər", cənab Məmmədli bildirib.

Cənab Məmmədlinin sözlərinə görə, hüquqi mexanizmin olması, o demək deyil ki o qəflətən və gözənilmədən təyin edilsin.

"Azərbaycanda seçki ilə bağlı mühitin daha demokratik, daha təkmil şəkildə olması üçün zaman çox azdır. İndi elə bir dövrə təsadüf edir ki, siyasi azadlıqlar, xüsusi ilə də ifadə azadlığı, sərbəst toplaşmaq azadlığı ilə bağlı vəziyyət olduqca dramatikdir".

Seçki müşahidəçisi deyir ki, ölkədə 140 nəfərdən artıq "siyasi məhbus" var, onların arasında siyasi partiya liderləri, siyasi partiya fəalları da var. Yəni, belə bir ortamda, biz bunu ölkədə qorxu atmosferinin yaradıldığı bir mühit hesab edirik, o əlavə edib.

Onun sözlərinə görə, "belə bir şəraitdə seçki keçirmək, əlbəttə ki, seçki ilə bağlı fəallığı, seçkiyə marağı, seçkinin bir yarış abu-havasında keçirilməsini aradan qaldırır. Çünki, çoxlu sayda vətəndaş cəmiyyəti fəalları, siyasi partiyalar, siyasi qruplar iflic vəziyyətindədir. Onların fəalları həbsdədir, onlar daim təzyiq altında işləyirlər".

"Azərbaycan Avropa Şurasının üzvüdür, insan hüquqları, demokratik institutların vəziyyəti ilə bağlı monitorinq altında olan ölkədir. Belə bir ölkədə seçkilərin keçirilməsi təbii ki, Azərbaycanın Avropa Şurası standartların cavab verib vermədiyini, Azərbaycanda insan hüquq və azadlıqlarının hansısa formada əməl olunduğunun göstəricisi sayıla bilər və bir qayda olaraq bizim seçkilər AŞPA vəATƏT-in demkokratik təsisatlar və insan hüquqları birosu tərəfindən müşahidə olunur"-Anar Məmmədli deyir.

Seçkiləri illərdir monitorinq etdiyini deyən cənab Məmmədli bildirir ki, seçkilərin erkən keçirilməsi AŞPA və ATƏT kimi institutların müşahidə etməsinə maneə törədə bilər.

"Çünki, iki aylıq bir zaman ərzində həmin institutlar tərəfindən müşahidə missiyasının yaradılması və ya bu prosesləri izləməklə bağlı mandatın müəyyən olunması xeyli dərəcədə problemli görünür və mən bunun az bir zaman ərzində həll olacağına inanmıram."

Bu barədə daha geniş