1-ci sinfə qəbul başlayır: Abşeron, Bakı, Gəncə və Sumqayıt məktəblərində qeydiyyat onlayn aparılacaq

məktəb

Fevralın 22-də Bakıda, martın 12-də Abşeron, Gəncə və Sumqayıtda ümumi təhsil müəssisələrində 2018/2019-cu dərs ili üçün 1-ci sinfə şagird qəbulu başlayır. Qəbul həm elektron, həm də alternativ qeydiyyat mərkəzləri yolu ilə aparılacaq.

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi qərar verib ki, 2018/2019-cu dərs ili üçün birinci sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilsin.

"Amma elektron ərizə verə bilməyənlər Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun məktəblərində yaradılan Alternativ Qeydiyyat Mərkəzinə müraciət edə bilərlər".

Cəsarət Valehov əlavə edib ki, elektron qeydiyyat, mektebeqebul.edu.az saytında aparılacaq. Burda valideynlər və ya qanuni nümayəndələr məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.

"Onlayn ərizə verməsini göstərən videotəlimat hazırda yenilənir, o cümlədən, ən çox verilən suallar və onların cavabları da sayta yerləşdiriləcək", Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, elektron ərizə qeydiyyatı sisteminə hələlik daxil edilməyən digər rayon və şəhərlərdə 2018/2019-cu dərs ili üçün 1-ci sinfə şagird qəbulu köhnə qaydalarla aparılacaq.

Əlavə məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq, Təhsil Nazirliyinin sözçücü bildirib.

Artıq üç ilə yaxındır ki, paytaxt orta məktəblərində 1-ci sinfə qəbul, həm də elektron qaydada aparılır.

Cəsarət Valehov deyir ki, yaxın illərdə elektron ərizə qeydiyyatı sisteminə ölkənin digər rayon və şəhərlərinin məktəbləri də cəlb olunacaq.

Bu barədə daha geniş