Azərbaycan: Keçmiş dünya çempionu "dopinq" sanksiyası alıb

doping

Şəklin mənbəyi, Getty Images

Azərbaycanın 4 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

Onlardan biri 2012-ci ildə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə 63 kq çəki dərəcəsində dünya çempionu və Avropa çempionatının bürünc mükafatçısı olmuş Ruhin Mikayılovdur.

Sanksiyaya məruz qalanlar arasında bodibildinqçilər Adil Rzayev, Fövqi Əfəndiyev, Kənan Cəlilov da var.

Bu barədə məlumat BBC Azərbaycancaya Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilib.

Verilən məlumata görə, güləşçi Ruhin Mikayılov 18 aylıq, bodibildinqçilər Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov isə 48 aylıq diskvalifikasiya cəzası alıb.

"Dopinq cəzası onun etirafına əsaslanır"

Azərbaycan Güləş Federasiyasından BBC Azərbaycancaya verilən açıqlamada bildirib ki, federasiya Azərbaycan Milli Antidopinq Agentliyinin qərarına əməl edir: "Azərbaycan Milli Antidopinq Agentliyinin qərarından sonra Ruhin Mikayılov yığma komandadan kənarlaşdırılıb. İdmançı sanksiya müddətində heç bir rəsmi yarışda iştirak edə bilməz".

Federasiyanın mətbuat xidmətinin rəhbəri Mayis Musayev əlavə edib ki, Ruhin Mikayılova verilən dopinq cəzası sadəcə onun öz etirafına əsaslanır.

"İdmançıdan götürülən dopinq testinin nəticəsində onda heç bir qadağan olunmuş maddə aşkar olunmamışdı. İdmançı özü xəstələndiyi zaman ona sistem qoşulduğunu və istifadə edilən dərmanları deyib və bunlardan furosemid qadağan olmuş maddələr siyahısında olduğuna görə onun adı siyahıya daxil olunub. Ondan təkrar test götürülsə də yenə də analiz müsbət çıxıb. Ancaq AMADA-nın tələblərinə görə, bu etirafı sanksiya üçün kifayət edib", federasiyanın mətbuat xidmətinin rəhbəri Mais Musayev bildirib.

BBC Azərbaycanca adı çəkilən idmançıların heç biri ilə, o cümlədən, Azərbaycan Bodibildinq və Fitnes Federasiyası ilə əlaqə saxlaya bilməyib.

Milli Məclis yaz sessiyasında Azərbaycanda idmanda dopinq vasitələrinin istifadəsinə qarşı cəzanı sərtləşdirmək məqsədilə müvafiq qanuna əlavələri müzakirə edəcək.