Lənkəran: "Hadisədən əvvəl evimdən çıxmışam, indi geri qayıda bilmirəm"

sürüşmə, Gəgiran, Lənkəran, kənd
Image caption Lənkəranın mərkəzindən ucqar Gəgiran kəndinə gedən yolda torpaq sürüşməsi olub

1800 sakini olan Gəgiran kəndini rayon mərkəzi ilə birləşdirən əsas yolda torpaq sürüşməsi sakinlərin gediş-gəliş əlaqəsi kəsib, sakinlər bildirib.

Lənkəranın mərkəzindən 40 kilometr aralıda yerləşən Gəgiranda üç gün əvvəl torpaq sürüşməsi olub, rayon mərkəzinə gedən əsas yolda yarğanlar yaranıb, buna görə də kəndin Lənkəranla gediş-gəliş əlaqəsi kəsilib, bunu BBC Azərbaycancaya kəndin icra nümayəndəsi Şamil Mirzəyev deyir.

"Hadisədən əvvəl kənddən çıxıb evimizə gəlmişəm, amma indi yol dağılandan sonra geri necə qayıdacağımı bilmirəm"-bunu Gəgiran kəndində fizika-riyaziyyatdan dərs deyən Vasif Cəfərov BBC Azərbaycancaya deyib.

Cənab Cəfərovun sözlərinə görə, onunla yanaşı kənardan gələrək həmin kəndin məktəbində dərs deyən digər müəllimlər də bu aqibətlə üzləşib.

Kənd sakini Yaqub Nehmətov deyir ki, "yol Sovet dövründən bərbad gündə idi, bununla bağlı bir neçə dəfə müxtəlif orqanlara müraciət edib".

"Üç gündür ki, yol bağlanıb. Başqa yol yoxdur. Camaat aldığını dağ yollar ilə məcburən çiyinində daşıyıb gətirir", o söyləyir.

Lənkəran rayon icra hakimiyyəti başçısının müavini Möhübbət Babayev BBC Azərbaycancaya deyib ki, "Bakıdan mütəxəssisin gəlməsini gözləyirlər və onlar rəy verəndən sonra dəqiq məlumat verilə bilinər".

"Sakinlərin istifadə etməyə yolu var, gedib gəlirlər, amma hələ ki, avtomobil əlaqəsi mümkün deyil. Çalışırıq ki, tezliklə həll edək".

Sürüşmə zonasını ziyarət etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Sadiq Əmraslanov deyir ki, həmin ərazilər sürüşməyə meyllidir və hər il nazirliyin yaydığı materiallarda bu barədə məlumat öz əksini tapır.

Nazirliyin rəsmisi əlavə edib ki, üç gün öncə atmosfer yağıntıların təsirindən suxurların islanaraq yamac boyu batması müşahidə olunub.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Lənkəranda torpaq sürüşməsi: "Bir metrdən böyük yarğan yaranıb"

Bu barədə daha geniş