Prezident seçkisi: Müsavat və Ümid boykot qərarı verdi

İsa Qəmbər, Xəstəxana, Ürək, Müsavat

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Boykot qərarından əvvəl, Müsavat partiyanın keçmiş sədri İsa Qəmbəri öz namizədi elan etmişdi

Şənbə günü Müsavatın Məclisi 11 aprel prezident seçkisini boykot qərarı verib. Bundan bir qədər sonra Ümid partiyasının mətbuat xidməti də partiyanın seçkidə iştirak etməyəcəyini bəyan edib.

BBC Azərbaycancaya qərar barədə danışan Müsavat partiyasının məclis üzvü Nailə Yaqublu məclisdəki müzakirələrdə ölkədə demokratik və ədalətli seçki keçirilməsinə münbit şəraitin olmadığı vurğulayıb.

"Hesab olundu ki, erkən seçkini vacib edən ciddi səbəblər açıqlanmadı, Seçki Məcəlləsi dəyişdirilməyib. Bundan başqa seçki siyahılarının dəyişdirilməsi və cəmiyyətdə seçki təbliğatının imkanları sıfıra endirilib. Beynəlxalq təşkilatların müşahidəçiliyinin təmin edilməsi mümkünsüz olub. Buna görə də boykot qərarı verdik".

Ümid partiyası da seçkidə iştirak etməyəcək. Partiyanın mətbuat xidməti bildrib ki, partiyanın namizədini müəyyənləşdirmək qurultayın səlahiyyətində idi.

Partiyanın qurultayı isə mayda keçirilməli idi. Ümid növbədənkənar qurultay keçirə bilmək imkanı olmadığına görə seçkiyə qatılmamağa qərar verib.

Həmçinin oxuyun:

Bu il aprelin 11-də növbədənkənar prezident seçkisi elan olunub.

Müsavat partiyası bu qərarın elanından bir neçə gün əvvəl partiyanını keçmiş sədri İsa Qəmbəri özünün rəsmi namizədi elan etmişdi.

Hakimiyyət erkən seçki qərarını ölkədə bir neçə əhəmiyyətli yerli və beynəlxalq tədbirin üst-üstə düşməsi ilə izah edib.

Bir neçə müxalif partiyanı özündə birləşdirən Milli Şura növbədənkənar prezident seçkisi elanından az sonra seçkini boykot qərarı vermişdi.

Hakim Yeni Azərbaycan Partiyası isə fevralın 8-də keçirdiyi qurultayında ölkə prezidenti İlham Əliyevi öz namizədi kimi irəli sürüb.